Fastfudu mükafata çevirməyin – Valideynlərin yol verdiyi səhv
Son illərdə fastfud məhsulları uşaqlar və yeniyetmələr arasında getdikcə daha populyar qidalanma seçiminə çevrilib. Məktəblilərin bu qidalara marağının artmasında reklamlar, sosial media, dost çevrəsinin təsiri, eləcə də onların asan əldə olunması mühüm rol oynayır. Lakin yüksək kalorili, şəkər, duz və doymuş yağlarla zəngin olan bu qidaların müntəzəm istehlakı uşaqların sağlamlığına, fiziki inkişafına və hətta dərs fəaliyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislər hesab edirlər ki, məktəb yaşlarında formalaşan qidalanma vərdişləri insanın gələcək sağlamlığının əsasını təşkil edir. Bəs məktəblilər niyə fastfuda üstünlük verirlər, bu meyli yaradan əsas amillər hansılardır və sağlam qidalanma vərdişlərinin formalaşdırılması üçün nə etmək lazımdır?
Mövzu ilə bağlı "Azərbaycan müəllimi"nə danışan Nutrisiologiya, Diyetologiya və Piylənmənin Profilaktikası İctimai Birliyin sədri Sevinc Zaman bildirib ki, məktəbli uşaqlarda fastfud məhsullarının qəbulu bu gün təkcə ölkəmizdə deyil, bütün dünyada narahatlıq doğuran məsələlərdən biridir:
"Uşaqlıq dövründə formalaşan qidalanma vərdişləri çox zaman ömür boyu davam edir. Tez-tez yüksək kalorili, şəkər, duz və doymuş yağlarla zəngin məhsulların qəbulu artıq çəki və piylənmə riskini artırmaqla yanaşı, gələcəkdə 2-ci tip şəkərli diabet, ürək-damar xəstəlikləri və digər xroniki sağlamlıq problemlərinin yaranmasına da səbəb ola bilər. Burada əsas problem təkcə hamburger, pizza və ya kartof-fri kimi qidaların qəbulu yox, həm də bu qidaların uşağın gündəlik qidalanmasının adi və tez-tez təkrarlanan hissəsinə çevrilməsidir.
Valideynlər ilk növbədə qidaları “qadağan olunmuş” və ya “mükafat” kimi təqdim etməkdən çəkinməlidirlər. Çünki hər hansı məhsul tamamilə qadağan olunduqda uşaqlarda ona tələbat daha da arta bilir. Daha doğru yanaşma sağlam qidalanmanı ailənin gündəlik həyat tərzinə çevirmək ola bilər. Uşaqlar valideynlərini müşahidə edərək öyrənirlər. Əgər ailədə müntəzəm olaraq evdə hazırlanmış, balanslı yeməklərə üstünlük verilirsə və böyüklər də bunu nümunə olaraq göstərirlərsə, uşağın seçimləri də zamanla buna uyğun formalaşır".
Sədr qeyd edib ki, fastfud əvəzinə həm qida dəyəri yüksək, həm də uşaqların sevə biləcəyi alternativlər seçmək mümkündür:
"Məsələn, tam taxıllı çörəklə hazırlanmış toyuqlu və ya pendirli sendviçlər, ev şəraitində hazırlanmış hamburger, sobada bişirilmiş kartof dilimləri, lavaş dürməyi, qatıq, ayran, mövsümi meyvələr, çərəzlər (yaşa uyğun miqdarda), şəkərsiz ev peçenyeləri və ya yulaflı qəlyanaltılar həm daha faydalı, həm də praktik seçimlərdir. Məktəb çantasına asanlıqla yerləşdirilə bilən bu qidalar uşağın gün ərzində enerjisini qorumağa və qeyri-sağlam seçimlərə meyli azaltmağa kömək edir.
Ən vacib məqam isə odur ki, məqsəd uşağın çəkisini deyil, sağlam inkişafını qorumaq olmalıdır. Sağlam qidalanma qaydaları uşağa məcburiyyət kimi deyil, həyatın təbii bir hissəsi kimi öyrədildikdə bu vərdişlər həm uşağın fiziki sağlamlığını, həm də gələcək həyat keyfiyyətini müsbət istiqamətdə formalaşdırır".




