Fərəh Əliyeva: “Yüksəliş” sadəcə müsabiqə deyil, uğurlu insanların platformasıdır
““Yüksəliş” sadəcə bir müsabiqə deyil. Bu, uğurlu insanların müsabiqəsidir. Artıq həyatda uğur qazanmış, biliyi və bacarığı ilə öz həyat yolunu, karyerasını qurmuş, özü ilə eyni səviyyədə olan uğurlu insanlarla yarışan şəxsiyyətlərin bir araya gəldiyi platformadır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri VI “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva səsləndirib.
Onun sözlərinə görə, “Yüksəliş” müsabiqəsi başa çatdıqdan sonra iştirakçıların bir çoxunun yeni dostlar qazanması, yeni əlaqələr şəbəkəsinin formalaşması bunun bariz nümunəsidir.
“Burada bir şüar səsləndi. Bu, əslində, bütün yarışlarda və müsabiqələrdə deyilən bir ifadədir: “Qoy güclülər qalib gəlsin!” Bəs “Yüksəliş”də güclü olmaq nə deməkdir? Biz hansı güclülərin qalib gəlməsini gözləyirik? Əlbəttə, bilikli, bacarıqlı, öz peşəsinin peşəkarı olan insanların. Amma eyni zamanda, “ən güclülər” deyəndə biz dövlətçiliyə sadiq olan, sağlam mənəvi dəyərlərə söykənən, məsuliyyəti yalnız özünə, ailəsinə və işinə deyil, həm də dövlətinə, xalqına, millətinə qarşı daşıyan insanları nəzərdə tuturuq”.
Fərəh Əliyeva bildirib ki, iştirakçıların hamısının bu dəyərlərə və meyarlara uyğun insanlar olduğuna əmindir.
“Öz karyeranızı, öz həyatınızı, öz rifahınızı həm maddi, həm də mənəvi rifahınızı bütövlükdə “Hər şey Vətən üçün!”, “Öncə Vətən!” prinsipi ilə qurmalısınız. Çünki bilməlisiniz ki, sizin həyatınızın mənası da, qazandığınız nailiyyətlər də Vətəninizin nailiyyətləridir. Vətəninizin nailiyyətləri sizin nailiyyətlərinizdir. Mən bu yolda hamınıza uğurlar arzulayıram. Arzu edirəm ki, finalda iştirakınızın nəticəsindən asılı olmayaraq, buradan dost kimi, yarışın nəticələrindən razı qalan insanlar kimi ayrılasınız”, – deyə o əlavə edib.




