Firudin Qurbanov: Gənclər üçün güclü motivasiya mühiti formalaşıb
“1996-cı ildə Gənclər Gününün qeyd olunması məqsədilə birinci forum keçirilib və həmin vaxtdan hər il 2 fevral Gənclər Günü kimi qeyd olunur”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Gənclər Günü münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən Azərbaycan Gənclərinin XI Forumunun açılış mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
O qeyd edib ki, bundan sonra təşkilati-hüquqi bazanın yaradılması üçün “Gənclər siyasəti haqqında” qanun və müvafiq fərman qəbul edilib.
Nazir müavininin sözlərinə görə, ötən dövr ərzində gənclərlə bağlı beş dövlət proqramı və bir strategiya təsdiq olunub. Bu isə ölkədə gənclər hərəkatının sürətlə inkişaf etməsinə və gənclərin inkişafı üçün güclü motivasiya mühitinin formalaşmasına imkan verib.
F.Qurbanov vurğulayıb ki, həmin dövrdə ölkənin qarşısında mühüm vəzifələr dayanırdı və bu, kifayət qədər çətin mərhələ idi. O bildirib ki, hazırda Azərbaycan gəncləri çox gözəl bir dövrdə yaşayır, təhsil alır və fəaliyyət göstərirlər.
Nazir müavini xatırladıb ki, 1996-cı ildə birinci forum keçirilən zaman ölkədə məcburi köçkünlər üçün 12 çadır şəhərciyi mövcud idi. Minlərlə insan, minlərlə ailə çadırlarda yaşayırdı və təkcə həmin çadır şəhərciklərində 20 minə yaxın köçkün məskunlaşmışdı. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev həmin çadır düşərgələrinə səfər edir, soydaşlarımızın vəziyyəti ilə yaxından maraqlanırdı. Həmin dövrdə ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün var idi.
F.Qurbanov qeyd edib ki, ölkənin iqtisadiyyatı ağır vəziyyətdə idi, dövlət büdcəsi bir milyarda belə çatmırdı. Gənclər üçün şəraitin yaradılması, idmanın inkişafı üçün infrastruktur demək olar ki, yox səviyyəsində idi və təlim-məşqlərin keçirilməsi üçün vəsait çatışmırdı.
O əlavə edib ki, 1996-cı ildə ABŞ-nin Atlanta şəhərində keçirilən Olimpiya Oyunlarına komandanın göndərilməsi də böyük çətinliklə baş tutub. Azərbaycan komandası həmin oyunlarda bir gümüş medal qazanıb və bu nəticə böyük mənəvi qələbə hesab olunub.



