Fuad Muradov: Finalçılar dövlət maraqlarının qorunmasında fəal rol oynayacaqlar
“"Yüksəliş” müsabiqəsinin finalçıları Azərbaycanın maraqlarının qorunmasında fəal rol oynayacaqlar".
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində çıxışı zamanı bildirib.
Komitə sədri qeyd edib ki, xaricdə yaşayan azərbaycanlıların Azərbaycan dövlətinə münasibətinin formalaşmasında şəxsi inkişaf və milli dəyərlərə bağlılıq mühüm rol oynayır. “Yüksəliş” müsabiqəsinin finalçıları gələcəkdə harada yaşamalarından və fəaliyyət göstərmələrindən asılı olmayaraq, Azərbaycanın dövlət maraqlarının qorunması və ölkənin beynəlxalq müstəvidə təbliği istiqamətində fəal rol oynayacaqlar.
F.Muradov vurğulayıb ki, Diasporla İş üzrə Dövlət Komitəsi il ərzində 70 ölkədə 800-dən çox layihə və tədbirə dəstək verir və finalçılar da gələcəkdə bu təşəbbüslərdə iştirak edə bilərlər.
O, Azərbaycanın gələcək inkişafında ideoloji məsələlərin əhəmiyyətinə də toxunaraq bildirib ki, ölkənin milli maraqlarının qorunması, dövlətçilik dəyərlərinin möhkəmləndirilməsi və gənclərin bu istiqamətdə yetişdirilməsi əsas prioritetlərdəndir.




