Gənclərimiz "Microsoft" və "Adobe" dünya çempionatında Top-10-da yer alıblar
Dünyanın 42 ölkəsindən 310-dan çox gəncin iştirak etdiyi "Microsoft World Championship" və "Adobe World Championship" dünya finallarında Azərbaycan ilk dəfə təmsil olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, ölkəmizin iştirakçıları yarışda uğurlu nəticə göstərərək Top-10-da yer almağa nail olublar.
ABŞ-nin Kaliforniya ştatında keçirilən final mərhələsində Microsoft istiqaməti üzrə UNEC-in II kurs tələbəsi Hüseyn Şükürov 6-cı, Bakı Ali Neft Məktəbinin Prezident təqaüdçüsü Nəzrin Miriyeva isə 9-cu yeri tutub.
Yarışın nəticələrini dəyərləndirən Hüseyn Şükürov ilk iştirakda 6-cı yeri tutmağın əhəmiyyətini vurğulayaraq, bunu beynəlxalq təcrübə və peşəkar inkişaf baxımından mühüm mərhələ kimi qiymətləndirib.
Nəzrin Miriyeva isə Top-10-da yer almağın sevindirici nəticə olduğunu qeyd edib və bunun Azərbaycan gənclərinin rəqəmsal bacarıqlar üzrə beynəlxalq rəqabətdə uğurlu çıxış edə bildiyini göstərdiyini bildirib.
Hər iki çempionatın Azərbaycandakı rəsmi təmsilçisi olan "Baku Design Academy" tərəfindən təşkil edilən milli seçim mərhələsində 500-dən çox gənc iştirak edib. Hazırlıq prosesinin yekununda 50 iştirakçı beynəlxalq sertifikat əldə edib, ən yüksək nəticə göstərən 6 nəfər isə ABŞ-də keçirilən dünya finalına vəsiqə qazanıb.
ABŞ-nin Kaliforniya ştatında keçirilən final mərhələsində Azərbaycanı Adobe istiqaməti üzrə Məryəm Seyidova, Səbinə Nuriyeva və Səid Mövlamov, Microsoft istiqaməti üzrə isə Adil Seyidov, Hüseyn Şükürov və Nəzrin Miriyeva təmsil edib.
Layihə dövlət və özəl sektorun tərəfdaşlığı çərçivəsində həyata keçirilib. Microsoft istiqaməti üzrə Gənclər və İdman Nazirliyi, PAŞA Bank və ASAN İnnovativ İnkişaf Mərkəzi, Adobe istiqaməti üzrə isə Mədəniyyət Nazirliyi və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi layihəyə dəstək göstərib.




