Hansı liseyə qəbul daha çətin olub? – Keçid balları açıqlandı

20 İyul, 2026 - 16:06
Hansı liseyə qəbul daha çətin olub?

2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb.

“Azərbaycan müəllimi”nin keçid balları əsasında apardığı təhlilə görə, builki rəqabət daha çox ixtisaslaşmış STEM yönümlü təhsil müəssisələrində cəmləşib.

Ən yüksək nəticə bu il ilk dəfə şagird qəbulu aparan Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən “Rəqəmsal biliklər” liseyində qeydə alınıb. Liseyə qəbul üçün keçid balı 54,13 olub. Bu göstərici digər bütün lisey və gimnaziyaların nəticələrini geridə qoyub.

Maraqlıdır ki, ən yüksək ikinci və üçüncü keçid balları da riyaziyyat, informatika, kimya və biologiya istiqamətində ixtisaslaşmış respublika liseylərində formalaşıb. Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində keçid balı 43,13, Kimya və biologiya təmayüllü respublika liseyində isə 36,5 olub.

Digər diqqətçəkən məqam ondan ibarətdir ki, 35 baldan yuxarı keçid balı olan təhsil müəssisələrinin əksəriyyəti məhz təbiət elmləri və informasiya texnologiyaları istiqamətində fəaliyyət göstərən liseylərdir. Humanitar və xarici dillər təmayüllü gimnaziyalarda isə keçid balları əsasən 27-30 bal aralığında dəyişib.

Keçid balları regionlar üzrə də fərqli mənzərə ortaya qoyur. Gəncə şəhər Fizika-riyaziyyat və informatika təmayüllü lisey 35,38 balla Bakıdan kənarda ən yüksək nəticə göstərən liseylərdən biri olub. Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyada keçid balı 35,13, Şəki şəhəri Kimya və biologiya təmayüllü lisey isə 27,25 təşkil edib.

Əksər region liseylərində keçid balının 10-20 intervalında olması isə həmin təhsil müəssisələrində rəqabətin paytaxt və iri şəhərlərlə müqayisədə daha aşağı olduğunu göstərir.