Hansı peşəyə yiyələnsəm də, idmandan ayrılmayacağam – Laçına ilk medal gətirən şagird
Bir neçə gün əvvəl yeniyetmələr arasında Azərbaycan çempionatında qız boksçuların mübarizəsinə yekun vurulub. Mübarizənin nəticələrinə əsasən, Laçın şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi Vəfa Çıraqlı uğurlu nəticə göstərib və bürünc medal qazanıb.
"Azərbaycan müəllimi" yarışda uğurlu nəticə əldə edən, həmçinin azad olunmuş Laçına ilk medal gətirən Vəfa ilə həmsöhbət olub.
Vəfa Çıraqlı Bakı şəhərində anadan olub. Ötən tədris ilindən Laçın şəhər 2 nömrəli tam orta məktəbdə təhsilini davam etdirir. 8-ci sinifdə oxuyur. V.Çıraqlı idmanın iki növü - boks və kikboksinqlə məşğul olur.
Vəfa deyir ki, dərslər və məşq arasında balans yaratmağı bacarıb. O, IV qrupa hazırlaşır, ən çox sevdiyi fənlər fiziki tərbiyə, kimya, biologiyadır.
"Hansı peşəyə sahib olsam da, idmanla məşğul olmağa davam edəcəyəm, ondan ayrılamayacağam. Elə vaxtlar olub ki, qız olduğum üçün idmana marağım birmənalı qarşılanmayıb. İdmanın mənə uyğun olmadığı kimi fikirlər səslənib. Ancaq bu fikirləri ciddi qəbul etməmişəm, atamın dəstəyi ilə daha da irəli addımlamışam. Bu gün xoşbəxtəm, azad Laçına, doğma yurda ilk medal gətirməyin sevincini yaşayıram".
Vəfanın atası kikboksinq üzrə dünya çempionudur, həm də fərdi müəllimidir. Onun yolunu davam etdirən qızı 2025-ci ilin iyulunda kikboksinq üzrə ölkə üçüncüsü olub. Müxtəlif turnir və yarışlarda iştirak edən medalçı döyüşdə çətin məqamların olduğunu bildirir. Döyüşə təkcə fiziki yox, eyni zamanda mənəvi cəhətdən də hazır olmağın vacibliyini qeyd edir.
Vəfanın həm sinif rəhbəri, həm də idman müəllimi Elmira Xıdırova da fikirlərini bizimlə bölüşüb: "Şagirdimizin boks üzrə ölkə üçüncüsü olması həm məktəbimiz, həm də sinfimiz üçün böyük qürur, sevinc mənbəyidir. O, yalnız idman sahəsində deyil, eyni zamanda akademik göstəriciləri ilə də seçilən şagirdlərimizdəndir. Dərslərə davamiyyəti müntəzəmdir, tədris prosesinə məsuliyyətlə yanaşır və tapşırıqları vaxtında yerinə yetirir".
Elmira müəllim deyir ki, Vəfa məqsədyönümlü və intizamlıdır. Məşqlərə böyük həvəslə qatılır, öz üzərində davamlı çalışır və verilən tapşırıqlara ciddi yanaşır. Eyni zamanda, dərs zamanı fəallığı ilə seçilir, müzakirələrdə iştirak edir və öyrənməyə maraq göstərir.
"Yarışlara hazırlıq dövründə həm fiziki, həm də psixoloji cəhətdən möhkəm iradə göstərməsi onun xarakterinin formalaşdığını sübut edir. Vaxtın düzgün idarə olunması, məsuliyyət hissi və zəhmətkeşliyi ona həm idmanda, həm də təhsildə uğur qazanmağa imkan verir. İnanıram ki, bu nailiyyət onun gələcək böyük uğurlarının başlanğıcıdır və o, həm idman arenasında, həm də akademik sahədə ölkəmizi layiqincə təmsil edəcək".



