“Hər bir şəxs antinarkotik təbliğatçısına çevrilməlidir” - DİN

1 Oktyabr, 2026 - 15:40
“Hər bir şəxs antinarkotik təbliğatçısına çevrilməlidir”

“Gənclərin narkotik vasitələrin və psixotrop maddələrin yaratdığı təhlükələrdən qorunmasında daha effektiv nəticələr əldə etmək üçün cəmiyyətin hər bir üzvü bu prosesdə yaxından iştirak etməlidir. Hər bir şəxs antinarkotik təbliğatçısına çevrilməlidir. Yalnız birgə mübarizə apararaq cəmiyyətimizi, xüsusilə də gənclərimizi XXI əsrin ən ağrılı problemlərindən biri olan narkomaniyadan qoruya bilərik”.

Bu fikirləri “Azərbaycan müəllimi”nə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib. 

Onun sözlərinə görə, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq dünyanı narahat edən qlobal problemlərdən biridir.

"Narkotik vasitələr sərhəd və sosial təbəqə tanımır, onlardan istənilən formada istifadə insan sağlamlığına ciddi zərər vurur. Vətəndaşların, xüsusilə gənclərin bu təhlükədən qorunması DİN-in prioritet istiqamətlərindəndir".

C.Qənbərli onu da vurğulayıb ki, bu istiqamətdə maarifləndirmə işləri məktəblərdə, kolleclərdə və universitetlərdə də aparılır. Polis orqanlarının rəhbər şəxslərinin birbaşa iştirakı ilə pedaqoji heyət, şagird və tələbələrlə görüşlər keçirilir: “Bu görüşlərdə narkotikin insan sağlamlığına, gələcəyinə, təhsilinə və ailəsinə vurduğu zərərlər, eləcə də narkotiklərlə bağlı cinayətlərə görə yaranan hüquqi məsuliyyət barədə məlumat verilir”.

DİN əməkdaşı qeyd edib ki, polis əməkdaşları həssas təbəqədən olan şəxslərin, azyaşlıların və gənclərin narkotikdən qorunması üçün sosial layihələr həyata keçirirlər:

"Bu layihələr onların zərərli vərdişlərdən uzaq tutulmasına və narkotik vasitələrə qarşı immunitetinin formalaşdırılmasına yönəlib. Maarifləndirmə işləri media və sosial şəbəkələr vasitəsilə də davam etdirilir. Əlavə olaraq, bu çağırışlarda uşaqların təlim-tərbiyəsinə diqqət xüsusi yer tutur. Valideynlərə övladları üzərində nəzarəti artırmaları, təlim-tərbiyə məsələlərinə xüsusi həssaslıqla yanaşmaları tövsiyə olunur”.

C.Qənbərli əlavə edib ki, polis əməkdaşlarının həyata keçirdiyi qabaqlayıcı tədbirlər və maarifləndirmə işləri narkotikdən asılılıq yaşının gəncləşməsinin qarşısının alınmasına da xidmət edir.