Həsən Həsənli: Gün gələcək ki, kəşflərinizə sevinəcəyik 

9 İyun, 2026 - 16:49
Həsən Həsənli: Gün gələcək ki, kəşflərinizə sevinəcəyik 

“Gün gələcək ki, bu gün sizə təqdim edilən medallara yox, ölkəmiz, dünyamız naminə edəcəyiniz işlərə, kəşflərə sevinəcəyik”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Həsən Həsənli Respublika fənn olimpiadalarının (RFO) qaliblərinin mükafatlandırılması mərasimində səsləndirib.

Nazir müavini qeyd edib ki, RFO qalibləri gələcəyin alimləri, ölkənin müqəddəratını həll edən, kəşf edən, gələcəyi quran, Qarabağı dirçəldən istedadlardır: “Burada olan hər kəs qalib hesab oluna bilər. Ona görə qalibsiniz ki, özünüzdə güc-qüvvə taparaq bu qiymətləndirmələrə davamlı qatılmısınız”.

Həsən Həsənli bildirib ki, olimpiada qaliblərinin nüfuzu formalaşıb: “Həm ölkə daxilində, həm də xarici ölkələrdə arasında biz bunu görürük və müşahidə edirik.

Bu baxımdan siz və sizdən sonra gələnlər bu reallığı yaradırsınız. Bu da ölkəmizin təhsil sisteminin və adının yüksək tutulması baxımından mühüm əhəmiyyət daşıyır. Mən düşünürəm ki, siz öz işinizi artıq görməyə başlamısınız. Ola bilər ki, bununla bağlı hələ təsəvvürünüz yoxdur və bunu hiss etmirsiniz. Amma mən əminliklə deyə bilərəm ki, siz məsuliyyətli bir yola artıq uğurla başlamısınız”.

O bildirib ki, RFO qaliblərinin indiyə qədər ortaya qoyduğu keyfiyyətlər onları bundan sonra da irəli aparacaq.