İnklüziv təhsil necə təşkil edilməlidir? - ŞƏRH
İnklüziv təhsilin genişləndirilməsi uşaqların ümumi təhsil mühitinə qoşulmasına, sosiallaşmasına, ünsiyyət bacarıqlarının inkişafına və fərdi potensiallarının üzə çıxarılmasına mühüm imkanlar yaradır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Təlim-tədris mərkəzinin müdiri Xalidə Həmidova “Azərbaycan müəllimi”nə bildirib ki, inklüziv təhsil bütün insanların sosial vəziyyətindən, irqindən, dinindən, dilindən və digər xüsusiyyətlərindən asılı olmayaraq bərabər təhsil imkanlarına malik olmasını nəzərdə tutur.
Onun sözlərinə görə, inklüzivlik yalnız əlilliyi olan uşaqların ümumi məktəblərdə təhsil alması ilə məhdudlaşmır, bütövlükdə hər kəs üçün bərabər təhsil imkanlarının yaradılmasını əhatə edir: “Azərbaycanda müxtəlif millətlərdən, dinlərdən və sosial qruplardan olan insanların birgə yaşaması və təhsil alması üçün formalaşmış mühit var. İnklüziv təhsilin əsas mahiyyəti də hər bir uşağın ümumi təhsil mühitinə qoşulması və bərabər imkanlardan yararlanmasıdır”.
X.Həmidova qeyd edib ki, əlilliyi olan uşaqların ümumi təhsil məktəblərində digər şagirdlərlə birlikdə təhsil alması onların sosiallaşmasına və cəmiyyətə inteqrasiyasına müsbət təsir göstərir: “Bu təhsil mühiti uşaqların düzgün inkişafına, gələcək karyeralarının formalaşmasına, sosial mühitə qoşulmasına və ünsiyyət bacarıqlarının inkişafına kömək edir”.
Onun fikrincə, inklüziv təhsil həmin uşaqların fərdi bacarıq və istedadlarının üzə çıxarılması baxımından da mühüm əhəmiyyət daşıyır: “Bu uşaqlar arasında xüsusi istedada malik olanlar da var. İnklüziv təhsil sinifləri həmin uşaqların potensialının və bacarıqlarının üzə çıxarılması üçün geniş imkan yaradır”.
Həmsöhbətimiz qeyd edib ki, inklüziv təhsilin səmərəli təşkili üçün fiziki, sosial, inkişafetdirici və dəstəkləyici mühitin yaradılması xüsusi əhəmiyyət daşıyır:
“İnklüziv siniflərdə əsas məsələlərdən biri uşaqlar üçün uyğun və dəstəkləyici təhsil mühitinin yaradılmasıdır. Bu mühit düzgün qurulduqda uşaqların fərdi inkişafının təmin olunmasına mühüm töhfə verir. Eyni zamanda, müəllim hazırlığı həyata keçirən ali təhsil müəssisələrinin proqramlarında inklüziv təhsil fənninin yer alması gələcək pedaqoqların bu istiqamətdə bilik və bacarıqlarının formalaşmasına xidmət edir.
Universitetlərdə gələcək müəllimlər pedaqogika, psixologiya və inklüziv təhsillə bağlı biliklər əldə edirlər. Bu hazırlığın davamlı olaraq gücləndirilməsi müəllimlərin müxtəlif xüsusiyyətlərə malik uşaqlarla işləmək bacarıqlarının inkişafına imkan yaradır”.
X.Həmidovanın sözlərinə görə, məktəblərdə metodik, psixoloji və tibbi dəstək xidmətlərinin gücləndirilməsi də inklüziv təhsilin inkişafına müsbət təsir göstərə bilər: “Dəstək xidmətlərinin düzgün təşkili, psixoloji və tibbi xidmətlərin əlçatan olması, məktəblərdə xüsusi dəstəkləyici otaqların və istirahət zonalarının yaradılması uşaqlar üçün daha rahat və inkişafetdirici təhsil mühiti formalaşdırır”.
O hesab edir ki, inklüziv təhsilin əsas prinsiplərindən biri fərdiləşdirilmiş yanaşmanın gücləndirilməsidir: “Əgər bərabər təhsildən və imkanlardan danışırıqsa, bu, bütün şagirdlər üçün yaradılmalıdır. Fərdiləşdirilmiş təlim və kurikulumların uşaqların ehtiyaclarına uyğun qurulması onların inkişaf imkanlarını genişləndirə bilər”.
X.Həmidova bildirib ki, təlim proqramlarında nəzərdə tutulan metodik dəstək mexanizmlərinin düzgün tətbiqi inklüziv təhsil siniflərinin səmərəliliyini daha da artıra, həmçinin dəstəkləyici, inkişafetdirici və fiziki mühit düzgün qurularsa, inklüziv təhsil hər bir uşağın fərd kimi düzgün inkişafını təmin edə bilər.
Onun fikrincə, valideynlərin təhsil prosesinə cəlb olunması da inklüziv təhsilin uğurlu təşkili üçün mühüm istiqamətlərdən biridir: “Valideynlərin maarifləndirilməsi, təlimlərə cəlb edilməsi və onların təhsil prosesində iştirakının gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır”.
X.Həmidova əlavə edib ki, valideynlərin könüllü əsaslarla məktəb və müəllimlə əməkdaşlığa cəlb olunması da faydalıdır: “Valideyn qruplarından könüllülərin formalaşdırılması, onların müəllimə və təhsil prosesinə dəstək göstərməsi məktəb-ailə əməkdaşlığını gücləndirər.
Bundan başqa, inklüziv təhsilin inkişafında əsas məqsəd bütün uşaqlar üçün keyfiyyətli, bərabər və dəstəkləyici təhsil mühiti yaratmaqdır. Həm müəllimlərə dəstək verən, həm də bütün uşaqların ehtiyaclarını nəzərə alan düzgün mexanizmlərin tətbiqi inklüziv təhsilin daha səmərəli inkişafına imkan yarada bilər”.




