İşıqlı gələcək körpə fidanlarla gələcək
Uşaqların sağlam, xoşbəxt və hərtərəfli inkişafı cəmiyyətin gələcəyinin əsas təminatıdır. Hər il ölkəmizdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlara həsr olunmuş silsilə tədbirlər keçirilir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin həyata keçirdiyi “Oyunla oxuyaq” layihəsi çərçivəsində Balakən rayonunda uşaqlar üçün təşkil olunan maraqlı və unudulmaz gün də məhz özünəməxsusluğu ilə yaddaqalan olub.
Tədbirin əsas məqsədi uşaqların asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, təbiətə maraqlarının artırılması və onların xoş xatirələr qazanmasına şərait yaratmaq idi.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbir rayonun Heydər Əliyev adına parkında keçirilib. “Oyunla oxuyaq” layihə komandası uşaqlarla birlikdə həm əyləncəli, həm də maarifləndirici fəaliyyətlərlə zəngin bir gün yaşayıb.
Parkda toplaşan uşaqlar müxtəlif oyunlarda iştirak edib, komanda fəaliyyətlərinə qoşulub və bir-biriləri ilə ünsiyyət quraraq yeni dostluqlar əldə ediblər.Oyunlar vasitəsilə onlar həm əylənib, həm də əməkdaşlıq, paylaşmaq və birlikdə fəaliyyət göstərmək kimi mühüm sosial bacarıqlarını inkişaf etdiriblər.
Tədbir çərçivəsində uşaqlarla birlikdə parkın təbiəti müşahidə olunub, ətraf mühitin gözəllikləri kəşf edilib. Yaşıllıqlar, ağaclar, çiçəklər və təbiətin digər zənginlikləri uşaqlarda ətraf aləmə qarşı daha böyük maraq oyadıb. Onlar müşahidələr apararaq təbiətin insan həyatındakı rolu və əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Günün ən maraqlı məqamlarından biri də nağıl saatı olub. Uşaqlara maraqlı və düşündürücü nağıllar danışılıb, onların təxəyyülü və yaradıcılıq təfəkkürü daha da zənginləşdirilib. Nağıllar vasitəsilə dostluq, xeyirxahlıq, dürüstlük və vətən sevgisi kimi dəyərlər uşaqlara aşılanıb.
Balacalar parkda fəaliyyət göstərən attraksionlardan da istifadə edərək günlərini daha rəngarəng və əyləncəli keçiriblər. Onların sevinc dolu gülüşləri, xoş emosiyaları və yüksək enerjisi tədbirə xüsusi ab-hava qatıb. Hər bir uşağın üzündəki təbəssüm bu günün nə qədər uğurlu və mənalı keçdiyinin ən gözəl göstəricisi olub.
“Oyunla oxuyaq” layihəsinin komandası hesab edir ki, uşaqların xoşbəxtliyi və hərtərəfli inkişafı cəmiyyətin gələcəyinin ən möhkəm təməlidir. Məhz buna görə də layihə çərçivəsində həyata keçirilən bütün fəaliyyətlər uşaqların bilik və bacarıqlarının artırılmasına, onların asudə vaxtlarının səmərəli təşkilinə və sosial inkişafına xidmət edir.
Layihə komandası bütün uşaqların azad və firavan Vətəndə, təhlükəsiz, qayğıkeş və sağlam mühitdə böyüməsini, keyfiyyətli təhsil almasını və öz potensialını reallaşdırmaq imkanına sahib olmasını arzulayır. Çünki uşaqlara göstərilən sevgi, diqqət və qayğı gələcəyimizə qoyulan ən dəyərli sərmayədir.
Bu baxımdan, hər bir uşağın sağlam, savadlı və xoşbəxt böyüməsi işıqlı gələcəyin formalaşmasında mühüm rol oynayır. “Oyunla oxuyaq” layihəsi də öz fəaliyyətində məhz bu dəyərləri rəhbər tutur və şüarına sadiq qalır: “İşıqlı gələcək körpə fidanlarla gələcək!”.



