İşləyən tələbələrin hüquqları: Təhsil məzuniyyəti necə verilir?

13 May, 2026 - 11:37
İşləyən tələbələrin hüquqları:

Bir tərəfdən iş, digər tərəfdən təhsil. Xüsusilə qiyabi təhsil alan minlərlə insan üçün sessiya dövrü, dövlət imtahanları və diplom müdafiəsi həm akademik yöndən, həm də əmək münasibətləri baxımından əlavə gərginlik yaradır. Əmək qanunvericiliyi qiyabi və ya istehsalatdan ayrılmadan təhsil alan işçilər üçün müəyyən təhsil məzuniyyətləri nəzərdə tutsa da, bu hüquqların praktikada nə dərəcədə təmin olunduğu tez-tez müzakirə mövzusuna çevrilir.

İşləyən tələbələrin təhsil məzuniyyəti hüququ necə tənzimlənir? İşəgötürən bu məzuniyyəti verməkdən imtina edə bilərmi? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti mövzu ilə bağlı “Azərbaycan müəllimi”nin suallarını cavablandırıb.

Xidmətdən bildirilib ki, əmək qanunvericiliyinə əsasən, əmək müqaviləsi ilə işləyən və eyni zamanda təhsil alan işçilərə (ali, orta ixtisas və peşə təhsili müəssisələrində) təhsil məzuniyyəti hüququ şamil olunur. Bu hüquq əsasən istehsalatdan ayrılmadan (qiyabi, distant və ya axşam) təhsil alan şəxslər üçün nəzərdə tutulub.

Həmçinin bildirilib ki, bu hüquq həm ali, həm orta ixtisas, həm də peşə təhsili alan şəxslərə eyni qaydada tətbiq olunur, ümumi prinsip eyni olsa da, fərqlər mövcuddur. Məzuniyyətin müddəti və ödəniş şərtləri təhsil pilləsindən və kursdan asılı olaraq dəyişir. Ali təhsil alanlara adətən daha uzunmüddətli məzuniyyət verilir, peşə və orta ixtisas təhsilində müddətlər nisbətən daha qısa olur.
İşçi həm işləyib, həm də qiyabi və ya istehsalatdan ayrılmadan təhsil alırsa, qanunla nəzərdə tutulmuş qaydada imtahan sessiyaları, kurs işləri və dövlət imtahanları üçün təhsil məzuniyyəti almaq hüququna malikdir. Bu hüquq təhsil müəssisəsindən təqdim olunan rəsmi arayış əsasında təmin edilir.

Təhsil məzuniyyəti hansı hallarda ödənişli olur?

Qeyd edilib ki, təhsil məzuniyyəti bütün hallarda ödənişli olmur. Qanunvericilikdə nəzərdə tutulmuş bəzi hallarda, məsələn imtahan sessiyası dövründə işçiyə ödənişli məzuniyyət verilir və həmin müddətdə onun orta əməkhaqqı saxlanılır. Digər hallarda isə məsələn, əlavə hazırlıq və ya şəxsi təşəbbüslə bağlı məzuniyyətlər ödənişsiz ola bilər.

İşəgötürənin bu məzuniyyəti verməkdən imtina etmək hüququ varmı?

İşçi qanunvericilikdə nəzərdə tutulan şərtləri yerinə yetirirsə və tələb olunan sənədləri təqdim edirsə, işəgötürən təhsil məzuniyyəti verməkdən imtina edə bilməz. İmtina yalnız sənədlər təqdim edilmədikdə və ya təhsil qanunla nəzərdə tutulmuş formada olmadıqda mümkündür.

Diplom işinin hazırlanması və müdafiəsi dövründə verilən məzuniyyətə gəldikdə, ali təhsil müəssisələrində bu müddətin qanunvericilik çərçivəsində adətən 4 aya qədər olduğu bildirilib.

Dövlət nəzarətinin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən həyata keçirildiyini bildirən qurum qeyd edib ki, bu istiqamətdə maarifləndirmə tədbirləri və monitorinqlər aparılır.

Daha çox hansı sahələrdə qanun pozuntuları qeydə alınır?

Son illərdə təhsil məzuniyyətləri ilə bağlı daxil olan müraciətlərin sayı barədə isə bildirilib ki, konkret statistik rəqəmlər yalnız rəsmi hesabatlarda təqdim olunur. Bununla belə, təhsil məzuniyyəti ilə bağlı müraciətlərin mövcud olduğu və bu istiqamətdə mütəmadi monitorinqlərin aparıldığı vurğulanıb.

Pozuntuların daha çox hansı sahələrdə qeydə alınmasına gəlincə, Xidmət praktik müşahidələrə əsasən bu halların daha çox özəl sektorda, xüsusilə xidmət və tikinti sahələrində, həmçinin bəzi kiçik və orta müəssisələrdə müşahidə olunduğunu qeyd edib.
Qurum əlavə edib ki, pozuntu hallarına yol verən işəgötürənlərə qarşı inzibati məsuliyyət tədbirləri, o cümlədən cərimələr tətbiq olunur və işçilərin hüquqlarının bərpası tələb edilir.

Təhsil məzuniyyəti verilmədiyi hallarda isə işçilərə ilk olaraq yazılı şəkildə işəgötürənə müraciət etmək, mübahisə davam edərsə, Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət ünvanlamaq, zərurət yarandıqda isə məhkəməyə müraciət etmək tövsiyə olunur.