“İstəyirəm ki, bir daha müharibə olmasın”— Gəncə terrorunun kiçik qurbanı

8 Noyabr, 2025 - 08:57
“İstəyirəm ki, bir daha müharibə olmasın”— Gəncə terrorunun kiçik qurbanı

Nilay Əliyeva 2020-ci il oktyabrın 11-də Vətən müharibəsində erməni silahlı birləşmələrinin Gəncənin mülki vətəndaşlarına qarşı törətdiyi terror gecəsinin kiçik şahidi və qurbanıdır. Düz 5 il keçib, Nilay həmin vaxt cəmi iki yaşında olsa da, bu gün 7 yaşında Zəfər nəslinin nümayəndəsi kimi böyüyür. O, Gəncə Dünya məktəbinin ikinci sinif şagirdidir. Həyatında çox erkən yaşda böyük itkilər yaşasa da, onun baxışlarında ağrıdan çox işıq, inam və sevinc var.


“Azərbaycan müəllimi” Zəfər işığında böyüyən Nilayla həmsöhbət olub. 


Nənəsi Sevil xanım deyir ki, Nilay çox ağıllı, anlayışlı uşaqdır: “Nilay artıq bir ildir ki, ana-atası itirdiyini bilir, amma kədərini gizlədir. Dərs oxumağa, öyrənməyə həvəsi çoxdur. Hər gün məktəbə sevinə-sevinə gedir”.


“İnsanlara kömək eləməyi çox xoşlayıram”


Nilay dərslərini böyük maraqla öyrənir. Ən sevdiyi fənlər ingilis dili, Azərbaycan dili və rus dilidir. “Mən gələcəkdə həkim olmaq istəyirəm. Çünki həkim insanlara kömək edir. Mən də insanlara kömək etməyi çox xoşlayıram”, — deyir Nilay gülümsəyərək.
O, ingilis dilində sərbəst danışır və hətta arzularını da bu dildə ifadə edir:  “In the future I want to be a doctor”. (Gələcəkdə həkim olmaq istəyirəm)


Sinifdə dostları çoxdur, müəllimlərini çox sevir. Deyir ki, dərslər həm maraqlı, həm də əyləncəlidir, çünki hər gün yeni bir şey öyrənir.


Kitablar, musiqi və uşaqlıq arzuları


Nilay dərsdən sonra kitab oxumağı çox sevir. Son oxuduğu kitab “Welcome to home” (“Evinizə xoş gəlmisiniz”) adlanır. O, kitabı mərhəmət hissi ilə xatırlayır: “Bir panda ilə tülkü haqqında idi. Tülkü hər yeri dağıtmışdı, buna baxmayaraq, panda sonda xoşbəxtliyini tapdı”. Nilay oxuduğu kitablarda da sonda ədalətin və xoşbəxtliyin qalib gəldiyini vurğulayır.
O, həmçinin rəsm çəkməyi və musiqi dinləməyi sevir: “Delfin, panda, kəpənək çəkirəm. Heyvanlar sakit olur, mən də onları çəkəndə sakitləşirəm”.


Ən çox sevdiyi mahnı “Söz verdim, getməyəcəm” (ifaçısı Nahidə Babaşlı) mahnısıdır. Nilay deyir ki, bu mahnının sözləri ona “kiminləsə ayrılığın ağrısını” xatırladır, amma o, artıq bu ağrını sevgi ilə əvəz edib.


Nilay Zəfər Günü ərəfəsində Gəncə Memorial Kompleksində


Nilayın həyatındakı unudulmaz günlərdən biri Gəncə Memorial Kompleksinin açılışı günü olub. Bu ilin sentyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyev bu abidə kompleksinin açılışında məhz Nilayın əlindən tutaraq  iştirak edib. Vaxtilə bu kompleksin yerində Nilayin atalı-analı evi olub. İndi onların xatirəsi bu möhtəşəm abidə ilə əbədi xatirəyə çevrilib. Çünki kompleks 2020-ci ildə Gəncə terroru qurbanlarının xatirəsinə inşa olunub. Orijinal memarlıq həlli ilə seçilən abidə spiralvari forması ilə raketin yerdə buraxdığı iz – krateri simvolizə edir. Kompleksin açıq meydanında isə dağıdılmış binaların qalıqları xüsusi instalyasiya şəklində qorunub saxlanılıb.


Prezident İlham Əliyev Nilayla görüşündə onunla səmimi söhbət edib. Nilay prezidentlə görüşündə çox həyəcanlı olub: “Soruşdu ki, neçə yaşın var, harada oxuyursan, neçənci sinifdəsən. Mən də dedim ki, Gəncə Dünya məktəbində oxuyuram, 7 yaşım var və 2-ci sinifdəyəm”.


O an Gəncə üçün həm kədərin, həm də qürurun rəmzinə çevrildi, çünki faciənin canlı şahidi olan Nilay artıq “Zəfər nəsli”nin simvoluna çevrilmişdi.


Zəfər Günü ərəfəsində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinin bir çox şagirdləri Gəncə Memorial Kompleksini ziyarət ediblər. Məktəblilər Zəfər Günü münasibətilə kompleksə gül dəstələri düzərək şəhidlərin ruhunu yad ediblər. 


Nilay 8 noyabrın Zəfər günü olduğunu yaxşı bilir, elə “zəfər” anlayışını da yaxşı başa düşür. Elə bu gün də, bu parkda olmaq da onun ruhunu oxşayır: “Şəhidlərimiz üçün dua etdim. İstəyirəm ki, dünyada bir daha müharibə olmasın”.


8 Noyabr — Zəfər Günü Nilay üçün təkcə bayram deyil, həm də yenidən doğuluşun rəmzidir.


“Zəfər Gününü çox sevirəm. Şəhidlərimizin xatirəsini yad etmək üçün buraya gəlmək istəyirəm. Axşam işıqlar yandıqda bura çox gözəl olur”, — deyir o. Bəlkə də Nilayı bu yerlərə çəkən, o məşum gecənin deyil, bu günkü parlaq sabahın işıqlarıdır.