Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu II keçirilib
Yanvarın 30-da Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu II keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, forumun əsas məqsədi AKTİ-yə üzv könüllü təşkilatların fəaliyyətinin gücləndirilməsi, onların dayanıqlı inkişafının təmin edilməsi, təşkilatlar arasında effektiv şəbəkələşmənin qurulması, təcrübə mübadiləsinin təşviqi və kollektiv təşəbbüslərin reallaşdırılması olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra könüllülük fəaliyyətini əks etdirən “Azərbaycan könüllüləri” adlı videoçarx nümayiş etdirilib.
Forumun açılışında çıxış edən Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev bildirib ki, Azərbaycanda könüllülük hərəkatı yüksək inkişaf mərhələsindədir və bu sahədə davamlı artım müşahidə olunur. Onun sözlərinə görə, 500 nəfər könüllünün iştirak etdiyi forum könüllü təşkilatları arasında əlaqələndirmənin gücləndirilməsinə, paytaxt və regionlarda fəaliyyət göstərən könüllülərin bir platformada birləşməsinə xidmət edir.
Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva çıxışında vurğulayıb ki, Azərbaycan gəncliyi bu gün dövlətinə bağlı, milli kimliyinə sahib və həmrəy bir qüvvə kimi formalaşıb. Deputat gənclərin müxtəlif təşəbbüslərə cəlb olunmasının, könüllülük və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bildirib. Qeyd edilib ki, gənclərin fəallığı ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə və cəmiyyətin davamlı inkişafına mühüm töhfə verir.
Milli Məclisin deputatı Vüqar İskəndərov çıxışında Azərbaycanda könüllülük hərəkatının artıq institusional mərhələyə keçdiyini və bir çox ölkələr üçün nümunə olduğunu diqqətə çatdırıb. O, gənclərin müasir çağırışlara uyğun bilik və bacarıqlara yiyələnməsinin, yeni peşələrə adaptasiya olunmasının və daim öz üzərində işləməsinin vacibliyini vurğulayıb. Deputat qeyd edib ki, savadlı, peşəkar və milli düşüncəli gənclər dövlətin dayanıqlı inkişafının əsas təminatıdır.
Forum çərçivəsində Milli Məclisin deputatı Müşfiq Cəfərov da çıxış edərək gənclərin ictimai fəallığının artırılmasının və könüllülük hərəkatının genişlənməsinin əhəmiyyətindən bəhs edib.
Tədbirdə “Könüllülükdən karyera quruculuğu” mövzusunda TEDx formatlı uğur hekayələri təqdim olunub. “Turizm Könüllüləri” İctimai Birliyinin sədri Nurlana Paşayeva və “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyinin sədri Salman Vahabov şəxsi təcrübələrini bölüşərək könüllülük fəaliyyətinin peşəkar inkişafda oynadığı roldan danışıblar.
Forum çərçivəsində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə könüllülük sahəsində səmərəli fəaliyyəti ilə fərqlənən gənclərin mükafatlandırma mərasimi keçirilib.
Tədbir musiqili bədii proqramla başa çatıb.



