Liderlik yalnız təlimlərlə formalaşmır - Cəlal Qasımov

21 Sentyabr, 2026 - 10:26
Liderlik yalnız təlimlərlə formalaşmır

“Biznesdə və dövlət siyasətində infrastruktur, texnologiya və kapital haqqında çox danışırıq və şübhəsiz ki, bunların hər biri mühüm əhəmiyyət daşıyır. Lakin onların heç biri öz-özlüyündə dəyər yaratmır. Dəyəri insanlar yaradır: bizneslə bağlı qərarlar qəbul edən, həmin qərarları həyata keçirən və bununla da şirkətləri və ya institutları formalaşdıran insanlar”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri "PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin “AZEMBA” proqramının açılış mərasimində səsləndirib.

C.Qasımov bildirib ki, məhz buna görə təhsil böyük əhəmiyyət daşıyır: “Xüsusilə də Azərbaycan inkişafının növbəti mərhələsinə qədəm qoyarkən liderlərimizin keyfiyyəti ölkəmizin şirkətlərinin və institutlarının keyfiyyətinə və nəticə etibarilə Azərbaycanın rəqabətqabiliyyətinə təsir göstərəcək”.

Onun sözlərinə görə, liderlik yalnız təlimlər vasitəsilə formalaşmır. Liderlik biliklərin təcrübə ilə birləşdirildiyi, mövcud yanaşmaların sorğulandığı və insanların cavabların heç də həmişə aydın olmadığı situasiyalarda düzgün mühakimə yürütməyi öyrəndiyi zaman formalaşır.

“Bu proqram məhz belə bir mühit yaradır. Proqram universitetin akademik standartlarını və beynəlxalq baxışını Azərbaycana daha da yaxınlaşdırmaqla yanaşı, onları Azərbaycanın reallıqları, yerli biznes təcrübəsi və öz biznes ictimaiyyətimizin məqsəd və ambisiyaları ilə əlaqələndirir”.

C.Qasımov bildirib ki, AZEMBA proqramı ikitərəfli körpüyə çevriləcək. Bu proqram Madriddən Bakıya bilik və beynəlxalq təcrübə gətirməklə yanaşı, Azərbaycanın və daha geniş regionun təcrübə və ideyalarının da beynəlxalq müzakirələrin bir hissəsinə çevrilməsinə imkan yaratmalıdır: “Biz özümüzü yalnız qlobal biliklərin alıcısı kimi görməməliyik. Artıq vaxtdır ki, biz də bu bilik və təcrübə mübadiləsinə öz töhfəmizi verək.

Proqrama göstərilən yüksək maraq belə bir imkanın mövcudluğuna olan tələbatı təsdiqləyir. Biz 850-dən çox müraciət və maraq ifadəsi almışıq və indi ilk qrupda 40 iştirakçımız var. Onlardan 16 nəfəri “PAŞA Holdinq”ə daxil olan şirkətlərdən, 16 nəfəri SOCAR-la əlaqəli bizneslərdən, 8 nəfəri isə Azərbaycanın daha geniş biznes ictimaiyyətindən gəlir”.