““Maarifçi” öyrəndiklərimi real mühitdə tətbiq etmək imkanı idi” – Proqram iştirakçısı

22 Oktyabr, 2026 - 09:21
““Maarifçi” öyrəndiklərimi real mühitdə tətbiq etmək imkanı idi”

“Maarifçi” tələbə-məzun təcrübə proqramı tələbələrin bilik və bacarıqlarını artırması, iş mühitini yaxından tanıması və gələcək karyeraları üçün zəruri təcrübə qazanması baxımından əhəmiyyət daşıyır.

Proqramın iştirakçısı Aytac Əhmədova da “Maarifçi”nin verdiyi imkanlardan yararlanaraq nəzəri biliklərini praktiki təcrübə ilə zənginləşdirib, təhsil sahəsində rəqəmsal texnologiyaların tətbiqi və data analitikası istiqamətində yeni təcrübə qazanıb.

“Azərbaycan müəllimi”nə müsahibəsində Aytac Əhmədova bildirib ki, “Maarifçi”yə qoşulmaqda əsas məqsədi təhsil sahəsində baş verən dəyişiklikləri yaxından görmək, bu sahəyə töhfə vermək və özünü yeni istiqamətdə inkişaf etdirmək olub: “İnformasiya təhlükəsizliyi üzrə təhsil aldığım üçün rəqəmsal texnologiyaların həyatımıza, xüsusilə də təhsil prosesinə təsiri mənim üçün həmişə maraqlı olub. Düşünürəm ki, bu gün təhsilin inkişafı yalnız yeni texnologiyaların tətbiqindən deyil, həm də insanların həmin texnologiyalardan düzgün və məqsədyönlü istifadə etməsindən asılıdır.

Proqrama qoşularkən əsas gözləntim təhsil sisteminin iş prinsiplərini daha yaxından öyrənmək, nəzəri biliklərimi praktiki təcrübə ilə tamamlamaq və fərqli insanlarla işləmək bacarığımı inkişaf etdirmək idi. Eyni zamanda, bilik və bacarıqlarımla faydalı olmaq, qarşılaşdığım məsələlərə fərqli tərəflərdən baxmağı öyrənmək istəyirdim. Mənim üçün bu proqram sadəcə yeni təcrübə qazanmaq deyil, həm də öyrəndiklərimi real mühitdə tətbiq etmək imkanı idi”.

Müsahibimizin sözlərinə görə, onun üçün proqramın ən faydalı tərəflərindən biri real məlumat bazaları ilə işləmək və data analitikası üzrə biliklərini təhsil sistemində tətbiq imkanından istifadə etmək olub: “Əvvəllər bu sahədə müəyyən təcrübəm olsa da, təhsil sahəsində data analitikası üzrə təcrübə qazanmaq mənə fərqli baxış bucağı qazandırdı. Eyni ixtisas üzrə müxtəlif sahələrdə işləmək insana mövcud biliklərini başqa mühitdə sınamaq, fərqli problemlərlə qarşılaşmaq və onların həllinə yeni yanaşmalar tapmaq imkanı verir.

Təhsil sahəsində məlumatlarla işləmək rəqəmlərin arxasında duran prosesləri anlamağın və məlumatları düzgün təhlil etməyin əhəmiyyətini mənə göstərdi. Bu təcrübə həm peşəkar bacarıqlarımın inkişafına, həm də öz ixtisasıma daha geniş perspektivdən baxmağıma kömək etdi”.

A.Əhmədova qeyd edib ki, data analitikasını gələcək karyera istiqaməti kimi görür və “Maarifçi” proqramı bu sahədəki biliklərini fərqli mühitdə sınamaq imkanı yaradıb: “Əvvəllər də data analitikası ilə bağlı təcrübəm olsa da, təhsil sahəsində real məlumat bazaları ilə işləmək mənim üçün yeni təcrübə oldu. Bu proses mənə göstərdi ki, eyni ixtisas müxtəlif sahələrdə fərqli yanaşmalar və yeni öyrənmə imkanları tələb edir. Bir sahədə qazandığın təcrübəni başqa sahədə tətbiq etmək həm mövcud biliklərini möhkəmləndirir, həm də yeni bacarıqlar qazanmağa kömək edir. Bu təcrübə gələcək karyera planlarımı dəyişməkdən daha çox, seçdiyim istiqamətə baxışımı genişləndirdi. İndi data analitikasının müxtəlif sahələrdə tətbiq imkanlarını daha yaxşı görür və fərqli istiqamətlərdə təcrübə qazanmağın peşəkar inkişafım üçün əhəmiyyətini daha yaxşı anlayıram”.

Həmsöhbətimiz vurğulayıb ki, proqram müddətində qazandığı əsas təcrübələrdən biri hər hansı sahəyə kənardan baxmaqla onun daxilində iştirak etmək arasındakı fərqi anlamaq olub: “Bəzən bir sahə haqqında ümumi təsəvvürümüz olur, lakin onun real ehtiyaclarını və qarşıya çıxan çətinlikləri yaxından gördükdə məsələyə münasibətimiz dəyişir. Bu təcrübə mənə göstərdi ki, faydalı olmaq üçün yalnız bilik sahibi olmaq kifayət etmir. İnsanları dinləmək, onların ehtiyaclarını anlamaq, vəziyyəti düzgün qiymətləndirmək və uyğun yanaşma seçmək də vacibdir. Bəzən ən düzgün nəticəyə gəlmək üçün əvvəlcə doğru sual verməyi bacarmaq lazımdır. Həm analitika, həm də təhsil sahəsində nəticə əldə etmək üçün məlumatları düzgün qiymətləndirmək və insan amilini nəzərə almaq vacibdir. Proqramın mənə qazandırdığı əsas düşüncələrdən biri də budur: inkişaf yalnız yeni biliklər əldə etməklə deyil, həmin biliklərə yanaşmamızı dəyişməklə də mümkündür”.

A.Əhmədova gələcəkdə qazandığı təcrübəni təhsil sahəsində məlumatlarla işin səmərəli təşkilinə və rəqəmsal həllərin inkişafına yönəltmək istədiyini bildirib: “Xüsusilə təhsil müəssisələri üzrə məlumatların vahid məlumat bazasında toplanmasını və idarə olunmasını vacib hesab edirəm. Belə bir sistem məlumatlara daha sürətli çıxış imkanı yarada, onların müxtəlif mənbələrdən toplanması və təhlilini asanlaşdıra, qərarların daha operativ və əsaslandırılmış şəkildə qəbuluna kömək edə bilər.

Məlumat bazasının yaradılması ilə yanaşı, onun təhlükəsizliyinin təmin olunması da xüsusi əhəmiyyət daşıyır. Təhsil sahəsində çoxsaylı məlumatlarla işlənildiyi üçün onların məxfiliyinin qorunması, giriş hüquqlarının düzgün müəyyənləşdirilməsi və “Access Control” (girişə nəzarət) mexanizmlərinin tətbiqi vacibdir. Gələcəkdə istifadəçilərin yalnız vəzifə və səlahiyyətlərinə uyğun məlumatlara çıxışını təmin edən təhlükəsizlik tədbirlərinə yönələn layihələrdə iştirak etmək istərdim.

İnanıram ki, düzgün qurulmuş məlumat infrastrukturu və güclü təhlükəsizlik mexanizmləri bir-birini tamamlamalıdır. Məlumatlar həm əlçatan və istifadəyə yararlı olmalı, həm də etibarlı şəkildə qorunmalıdır. Eyni zamanda, məktəblilər arasında rəqəmsal savadlılığın, məlumat təhlükəsizliyi biliklərinin və süni intellektdən düzgün istifadə vərdişlərinin inkişafına yönələn maarifləndirici təşəbbüslərdə də iştirak etmək istərdim. Əsas məqsədim təhsil sahəsində real ehtiyaclara cavab verən və uzunmüddətli fayda yaradan həllərin formalaşmasına töhfə verməkdir”.

Aytac Əhmədova əldə etdiyi uğurlardan da danışıb. “AZCON Holding”in “Rəqəmsal Körpü” təcrübə proqramına 1000-dən çox namizəd arasından seçilərək data analitik vəzifəsinə qəbul olunmağım mənim üçün əhəmiyyətli uğurlardan biridir. Bu, data analitikası sahəsində bilik və təcrübəmi inkişaf etdirmək üçün yeni imkanlar yaradıb. Proqram çərçivəsində ADY-də təcrübə keçmək və akademik biliklərimi real iş mühitində tətbiq etmək imkanım oldu. Bu təcrübə analitik düşüncəmi inkişaf etdirmək və peşəkar bacarıqlar qazanmaq baxımından mənim üçün dəyərlidir.

Dövlət Gömrük Komitəsinin 13-cü Könüllü Gömrükçü Dəstəsinə seçilməyim də mühüm uğurlarımdan biridir. Bu proqram vasitəsilə gömrük sisteminin fəaliyyəti ilə yaxından tanış olmaq və peşəkar bacarıqlarımı inkişaf etdirmək imkanı əldə etdim. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin İnformasiya Texnologiyaları şöbəsində fəaliyyət göstərərək texniki biliklərimi real iş mühitində tətbiq etdim. Könüllülük fəaliyyəti komanda ilə işləməyin, məsuliyyətli olmağın və davamlı öyrənməyin əhəmiyyətini daha yaxşı anlamağıma kömək etdi. Fəaliyyətimə görə I dərəcəli sertifikatla təltif olunmağım isə bu təcrübəni mənim üçün daha da dəyərli etdi.

“Technest” Təqaüd Proqramı çərçivəsində veb proqramlaşdırma üzrə təlimimi 100% nəticə ilə uğurla tamamlamışam. Təlim müddətində HTML, CSS və JavaScript texnologiyaları üzrə biliklərimi inkişaf etdirərək veb proqramlaşdırmanın əsaslarını öyrənmiş və praktiki bacarıqlar qazanmışam. Bu təcrübə texniki biliklərimi möhkəmləndirmək və proqramlaşdırma sahəsində özümü inkişaf etdirmək imkanı verib”.