Məktəbə getmək istəmirəm! - Tətildən sonra uşaqlarda nə baş verir?
Novruz bayramı şənliklərinin, ailəvi görüşlərin, oyunların, bir sözlə, istirahət dolu qayğısız günlərin başa çatmasına az qalır.
Uşaqlar üçün bu 11 günlük tətil sadəcə istirahət deyil, həm də sərbəstlik, məsuliyyətsiz zaman və gündəlik qaydalardan uzaqlaşmaq deməkdir. Səhərlər gec oyanmaq, gün ərzində istədikləri kimi vaxt keçirmək, dərs yükündən uzaq olmaq onların psixoloji rahatlığını artırsa da, bu rahatlıqdan yenidən məktəb rejiminə qayıtmaq təbii ki, hər uşaq üçün eyni dərəcədə asan olmur.
Tətil günlərinin başa çatmasına az bir müddət qaldıqca valideynləri və eləcə də müəllimləri narahat edən uşaqları yenidən dərs mühitinə necə uyğunlaşdırmaq məsələsi gündəmə gəlir. Çox da qısa olmayan tətil dönəminin yaratdığı qəfil dəyişikliklər uşaqlarda yorğunluq, motivasiya azalması, diqqət dağınıqlığı və hətta məktəbə getmək istəksizliyi yarada bilir.
“Azərbaycan müəllimi” “Psixoloq deyir ki…” rubrikası çərçivəsində mövzu ilə bağlı psixologiya üzrə fəlsəfə doktoru Aynur Bünyatovanın fikirlərini öyrənib.
Təhsilə dönüş prosesi anlayışlı yanaşma tələb edir
Psixoloq qeyd edir ki, bayramdan sonra uşaqların məktəbə qayıdışı çox vaxt düşündüyümüzdən daha mürəkkəb bir proses olur. Bu, həm müşahidələrdə, həm də valideynlərlə söhbətlərdə tez-tez özünü göstərir. Keçid dövrü düzgün idarə olunarsa, uşaqlar üçün stressiz və hətta motivasiyaedici bir mərhələyə çevrilə bilər:
“Tətil dövründə uşağın həyatı tamamilə fərqli ritmdə keçir.Belə ki,o, gec yatır, səhər gec oyanır, gün ərzində daha çox oyun oynayır və demək olar ki, heç bir ciddi məsuliyyət daşımır. Bu, onun psixoloji olaraq rahatlaşmasına kömək etsə də, eyni zamanda məktəb rejimindən uzaqlaşmasına səbəb olur. Həmin dövrdə telefon, planşet və digər qadcetlərdə keçirilən vaxt da xeyli artır. Uşaq gec saatlara qədər videolara baxır və ya sosial şəbəkələrdə vaxt keçirir ki, bu da onun yuxu rejimini daha da pozur və diqqətini zəiflədir”.
Məktəb başlayanda isə birdən-birə qaydalar, vaxt məhdudiyyətləri, tapşırıqlar və diqqət tələbləri ortaya çıxır. Bu zaman yalnız gündəlik rejim deyil, həm də ekran qarşısında uzun müddət qalmağa öyrəşmiş beynin birdən-birə fokuslanması tələb olunur ki, bütün bunlar da uşaqlar üçün əlavə çətinlik yaradır.
Aynur Bünyatova söyləyir ki, belə kəskin keçid uşaqlarda yorğunluq, diqqətsizlik və hətta səbəbsiz narahatlıq yaradır. Xüsusilə də qadcetlərə çox alışmış uşaqlarda dərs zamanı diqqəti cəmləmək daha çətin olur, çünki onların beyni daha sürətli və stimullaşdırıcı informasiyaya öyrəşir.
Onun sözlərinə görə, məktəbə dönüş prosesi tədrici və anlayışlı yanaşma tələb edir. İlk növbədə uşağın gündəlik rejimi mərhələli şəkildə bərpa olunmalıdır. Tətil dövründə dəyişmiş yuxu saatlarını bir anda deyil, addım-addım əvvəlki qaydaya qaytarmaq uşağın həm fiziki, həm də psixoloji uyğunlaşmasını asanlaşdırır: “Bu dövrdə uşağa məktəbi məcburiyyət kimi deyil, maraqlı və pozitiv bir mühit kimi təqdim etmək vacibdir.Valideynlər uşaqlarla dostları, müəllimləri və məktəbdəki maraqlı fəaliyyətlər barədə söhbətlər apararaq onlarda müsbət gözləntilər formalaşdırmalıdırlar. Məsələn, bir uşaq tətil boyunca saat 12-də yatıb, səhər 10-da oyanır. Tətil bitdikdən sonra saat 22:00-da yatmaq və 7:00-da oyanmaq onun üçün həm fiziki, həm də emosional olaraq çətin olur. Üstəlik, yatmazdan əvvəl ekran istifadəsi melatonin ifrazını azaldır və bu da uşağın yuxuya getməyini daha da çətinləşdirir. Nəticədə uşaq məktəbə yorğun gedəcək və bu da onun dərsdə diqqətini toplaya bilməsini, ümumi adaptasiya prosesini ləngidir”.
Uşaq “məktəbə getmək istəmirəm” deyəndə...
Psixoloq deyir ki,uşaqlarda məktəbə qayıtmaqla bağlı narahatlıq çox yayılmış bir haldır və burada ən böyük səhvlərdən biri bu hissləri görməzdən gəlməkdir. Uşağı dinləmək prosesin ən vacib hissəsidir və bu, birbaşa emosional intellektin formalaşması ilə bağlıdır.Yəni uşaq öz hisslərini anlamağı və ifadə etməyi öyrənir.
Aynur Bünyatova bildirir ki, bəzən uşaq “məktəbə getmək istəmirəm” deyəndə bunun arxasında dərs qorxusu yox, məsələn, sinifdə kiminləsə problem və ya müəllimlə bağlı narahatlıq dayanır. Bəzi hallarda isə uşaq “bacarmamaq” hissindən qorxur. Tətil zamanı bəzi mövzuları unutduğunu düşünür və buna görə utanır. Belə vəziyyətlərdə hissləri adlandırmaq - “qorxursan?”,“utanırsan?”, “narahatsan?” kimi suallarla uşağın öz emosiyalarını anlamağına kömək etmək çox effektlidir. Bu, emosional intellektin əsas elementlərindən biridir. Sadə və açıq ünsiyyət belə, narahatlığı əhəmiyyətli dərəcədə azalda bilir:
“Valideynin rolu yalnız problemi həll etmək deyil, uşağa öz emosiyalarını idarə etməyi öyrətməkdir. Məsələn, “qorxma” demək əvəzinə, “səni narahat edən nədir?” sualı daha faydalıdır. Belə yanaşma uşağa hisslərinin qəbul edildiyini göstərir”.
Tətilin son günlərindən başlayaraq
Həmsöhbətimiz söyləyir ki, adaptasiya prosesində yalnız yuxu və gündəlik rejim deyil, həm də qadcet istifadəsi mütləq nəzərə alınmalıdır.Tətilin son günlərindən başlayaraq ekran vaxtını tədricən azaltmaq, xüsusilə yatmazdan 1–2 saat əvvəl telefon və planşetdən istifadəni məhdudlaşdırmaq vacibdir. Bu cür sadə dəyişikliklər belə, uşağın yuxu keyfiyyətinə və ümumi davranışına müsbət təsir göstərir. Bundan başqa, uşağa təzyiq göstərmək əvəzinə məktəbin müsbət tərəflərini xatırlatmaq, sevdiyi dərslər, maraqlı fəaliyyətlər daha effektiv yanaşmadır:
“Hər bir uşaq fərqlidir və uyğunlaşma müddəti də fərqli ola bilər. Əsas olan uşağa təzyiq göstərmək deyil, onu anlamaq, dəstəkləmək və bu keçid dövrünü onun üçün mümkün qədər rahat və motivasiyaedici etməkdir. Əvvəl anlayış, sonra motivasiya gəlməlidir.Emosional intellekti daha inkişaf etmiş uşaqlar adaptasiya dövrünü asan keçirirlər”.
Aynur Bünyatova bir məqamı da diqqətə çatdıraraq tətil sonrasının ilk günlərində uşaqlardan yüksək nəticələr gözləməyin yanlış olduğunu deyir:
“Tətil sonrası dövrdə diqqət və motivasiyanın azalması normaldır. Bu mərhələdə əsas məqsəd nəticə yox, proses olmalıdır. Uşaq yenidən dərs ritminə alışmalı, diqqətini toplamağı və öyrənməyə marağını itirməməlidir”.
Vaxtını düzgün planlayan uşaq daha az stres yaşayır, çünki...
Psixoloqun fikrincə, adaptasiya mərhələsində vaxtın düzgün idarə olunması, yəni taym menecment bacarıqlarının yaşa uyğun formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Çox vaxt uşaqlar dərsdə çətinlik çəkmir, sadəcə vaxtlarını necə bölməyi bilmirlər. Tətil sonrası dövrdə isə bu bacarıq daha da zəifləyir.
Kiçik yaşlı uşaqlarda (6–9 yaş) taym menecment daha çox valideynin dəstəyi ilə formalaşır. Sadə və vizual planlar, məsələn, 20 dəqiqə dərs, 10 dəqiqə fasilə daha effektiv olur. Bu yanaşma uşağın diqqətini daha uzun müddət saxlamağa kömək edir.
Orta yaş dövründə (9–12 yaş) uşaqlar artıq tapşırıqları kiçik hissələrə bölməyi öyrənə bilirlər. “Bütün dərsi et” əvəzinə, konkret və qısa məqsədlər qoymaq daha effektlidir. Bu, həm vaxtın idarəsini öyrədir, həm də işi daha əlçatan göstərir.
Yeniyetməlik dövründə (12 yaşdan yuxarı) taym menecment artıq məsuliyyət və özünüidarə ilə bağlı olur. Real və balanslı gündəlik planlar, 40-50 dəqiqəlik fokus blokları və fasilələr daha yaxşı nəticə verir.
Psixoloqun sözlərinə görə, vaxtını düzgün planlayan uşaq daha az stres yaşayır, çünki nəyi nə vaxt edəcəyini bilir. Bu isə ona nəzarət hissi verir və özünə inamını artırır. Plansızlıq isə yorğunluq və çatdıra bilməmək hissi yaradır:“Motivasiya məsələsində kiçik hədəflər xüsusi rol oynayır və bu yanaşma yaşa görə fərqli şəkildə tətbiq olunmalıdır.Bütün yaşlarda ortaq məqam isə kiçik uğurların qeyd olunmasının özünə inamı artırmasıdır. Sadəcə bu dəstəyin forması yaşa uyğun dəyişməlidir”.
Aynur Bünyatovanın fikrincə, fiziki aktivlik və sosial ünsiyyət də bu prosesdə mühüm rol oynayır. Açıq havada gəzintilər, dostlarla ünsiyyət və yüngül idman fəaliyyətləri uşağın enerjisini düzgün istiqamətləndirir və psixoloji gərginliyi azaldır.
Psixoloq valideyn və müəllim əməkdaşlığının bu prosesdə həlledici rol oynadığını da istisna etmir. Onun sözlırinə görə, uşağın adaptasiya prosesində hər iki tərəfin birgə və koordinasiyalı yanaşması daha effektiv nəticə verir.



