Məktəbdə özünü dəyərli hiss edən müəllim şəxsi gərginliyini sinfə gətirmir

8 Dekabr, 2025 - 12:28
Məktəbdə özünü dəyərli hiss edən müəllim şəxsi gərginliyini sinfə gətirmir

Müəllimlik həm intellektual, həm də emosional cəhətdən yükü ağır olan peşələrdən biridir. Müəllim hər gün sinfə yalnız dərs proqramı ilə deyil, eyni zamanda şəxsi psixoloji vəziyyəti ilə daxil olur. Bu səbəbdən müəllimin emosional sabitliyi və stres səviyyəsi dərs prosesinin keyfiyyətinə, şagirdlərlə münasibətinə və ümumi məktəb atmosferinə birbaşa təsir göstərir.  Buna görə də müəllimin yaşadığı şəxsi gərginlik, stres və emosional yorğunluq həm də  şagirdlərin motivasiyasının azalmasına, tədris keyfiyyətinin aşağı düşməsinə və ümumi sosial mühitin pozulmasına gətirib çıxara bilər. Və son zamanlar məktəblərdə müşahidə olunan müxtəlif insidentlər - müəllimlə direktor arasında yaranan gərginliklər, həmkar münasibətlərində ortaya çıxan konfliktlər, bəzi hallarda isə xoşagəlməz və sosial şəbəkələrə qədər yayılan hadisələr problemin aktuallığını daha da artırır.

Bu cür vəziyyət təkcə pedaqoji kollektivin iş mühitini pozmur, həm də məktəbin imicinə, şagirdlərin psixoloji rahatlığına və tədris prosesinin stabilliyinə mənfi təsir edir. Bəzən bu xoşagəlməz hadisələrin “baş qəhrəmanı”na çevrilən təhsil işçilərinə vaxtında psixoloji dəstək göstərilsə, onların daxili gərginliyi azaldılsa və emosional savadlılıq gücləndirilsə, düşünürük ki, bunun qarşısı vaxtında alına bilər. Burada təbii ki, məktəb psixoloqlarının rolu ön plana çıxır.  

Və bu kontekstdə bir sıra suallar  ortaya çıxır: müəllimlərin öz gərginliklərini sinfə gətirməməsi və məktəbdaxili münasibətlərin sağlam saxlanılması üçün məktəb psixoloqları təhsilverənlərlə də işləməlidirlərmi? Beynəlxalq təcrübədə məktəblərdə çalışan müəllimlər üçün psixoloji xidmət necə tənzimlənir? Ali məktəblərimizdə bununla bağlı vəziyyət necədir? Necə etmək olar ki, müəllimlərimiz psixoloji gərginliklərini məktəbə, həmkarlarına yansıtmasınlar? Onlarla psixoloji xidmət necə aparıla bilər?

“Azərbaycan müəllimi” “Psixoloq deyir ki…” rubrikası çərçivəsində mövzu ilə bağlı psixoloq Aynur Bünyatovanın fikirlərini öyrənib. 

Məktəbdə tədris prosesinin keyfiyyəti, ilk növbədə, müəllimin emosional vəziyyətindən asılıdır

Psixoloq bildirir ki, məktəbdə tədris prosesinin keyfiyyəti təkcə proqramdan, dərs vəsaitindən və ya texnologiyalardan deyil, ilk növbədə müəllimin emosional vəziyyətindən asılıdır. Müəllim sinfə yorğun, gərgin və ya psixoloji olaraq yüklənmiş daxil olanda bunu şagirdlər dərhal hiss edir. Bu, həm dərsin gedişinə, həm sinfin davranışına, həm də ümumi məktəb mühitinə təsir göstərir. Ona görə də bu gün bütün dünyada müəllimlərin psixoloji rifahı xüsusi diqqət mərkəzindədir.

Aynur Bünyatovanın sözlərinə görə, Azərbaycanda psixoloji xidmətin hüquqi çərçivəsi Nazirlər Kabinetinin 2020-ci il 18 iyun tarixli, 229 nömrəli Qərarı ilə təsdiqlənmiş “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları” əsasında müəyyən olunur. Bu qərar “Psixoloji yardım haqqında” 2018-ci il 7 dekabr tarixli, 1385-VQ nömrəli Qanunun tətbiqinə uyğun olaraq qəbul edilib:“Qaydalara əsasən, məktəb psixoloqu yalnız şagirdlərlə deyil, həmçinin müəllim və valideynlərlə də görüşlər apara bilər. Lakin sənəddə müəllimlərin psixoloji rifahının qorunması, stressin azaldılması və emosional yüklənmənin qarşısının alınması ayrıca məcburi vəzifə kimi göstərilmir. Hazırkı vəziyyəti ümumiləşdirdikdə görürük ki, məktəblərdə psixoloqların əsas fəaliyyəti hələ də daha çox şagirdlərlə işə yönəlib. Müəllimlərlə fərdi konsultasiyalar isə yalnız xüsusi ehtiyac yarandıqda və psixoloqun vaxtı, iş yükü buna imkan verdikdə həyata keçirilir”

Həmsöhbətimiz qeyd edir ki, mövcud sistemdə əlavə çətinliklər də var. Belə ki, bir sıra məktəblərdə psixoloq üçün ayrıca kabinetin olmaması məxfilik və rahat ünsiyyət üçün şərait yaratmır. Psixoloqların ağır iş yükü, həm sənədləşmə tələbləri, həm də çoxşaxəli müraciət axını onların müəllim dəstəyinə sistemli şəkildə vaxt ayırmasını çətinləşdirir. 

“Azərbaycanda müəllimlərə psixoloji dəstək işi tamamilə yoxdur demək düzgün olmaz”

Psixoloq onu da əlavə edir ki, Azərbaycanda müəllimlərə psixoloji dəstək işi “tamamilə yoxdur” demək düzgün olmaz. Belə fəaliyyət mövcuddur, lakin hələ sistemli şəkildə qurulmayıb, daha çox ayrı-ayrı psixoloqların şəxsi təşəbbüsü və məktəbin daxili ehtiyacları əsasında həyata keçirilir. Normativ sənədlərdə də bu istiqamət tam tənzimlənmədiyi üçün məktəblərdə müəllim rifahını dəstəkləyən psixoloji xidmət öz inkişaf mərhələsindədir: 

Aynur Bünyatova bu məsələnin ali məktəblərdə çalışan müəllimlər üçün bir qədər fərqli şəkildə öz həllini tapdığını söyləyir: “Ali məktəblərdə vəziyyət bir qədər fərqlidir. Universitetlərdə psixoloji xidmətin kimin üçün nəzərdə tutulması daxili qaydalarla müəyyən olunur. Məsələn, Azərbaycan İdman Akademiyasında psixoloqun fəaliyyəti yalnız tələbələrlə məhdudlaşmır. Burada professor-müəllim heyəti və inzibati işçilərə də psixoloji dəstək göstərilir. İş stresi, tələbələrlə ünsiyyətdə çətin situasiyalar, əməkdaşlar arasında anlaşmazlıqlar kimi mövzular üzrə müzakirələr aparılır, fikirlər dinlənilir. Bundan əlavə, emosional tənzimləmə, stres menecmenti, superviziya və psixoloji dəstək mexanizmləri də tətbiq olunur.

Bu təcrübə göstərir ki, ali təhsil müəssisələrində psixoloji xidmət daha geniş miqyasda həyata keçirilə bilər və əslində belə də olmalıdır. Burada yaradılan model məktəblər üçün də yaxşı nümunə ola bilər, çünki müəllimlərin rifahı həm universitetlərdə, həm də məktəblərdə tədris prosesinin əsas dayaqlarından biridir.

Dünya təcrübəsinə baxdıqda...

Psixoloq qeyd edir ki, dünya təcrübəsinə baxdıqda, müəllimlərin psixoloji rifahına yanaşmanın nə qədər sistemli şəkildə qurulduğunu görmək olar: “Məsələn, Finlandiyada təhsil sistemi yalnız şagirdyönümlü deyil, həm də müəllimin rifahını əsas prioritetlərdən biri sayır. Burada məktəb psixoloqlarının işi 3 istiqaməti əhatə edir: şagird dəstəyi, məktəb mühitinin psixoloji sağlamlığı və müəllimlərin emosional rifahı. Müəllimlər üçün müntəzəm olaraq “rifah görüşləri” keçirilir. Müəllim ehtiyac duyduğu an psixoloqla danışa, özünü rahat ifadə edə bilir.

Kanadada müəllim üçün  xüsusi psixoloji dəstək proqramları fəaliyyət göstərir. Bu proqramlar anonim müraciət imkanı yaradır və müəllimlərə gündəlik stres, emosional yüklənmə və peşəkar yanma ilə bağlı daimi psixoloji yardım təklif edir.  Sinqapur isə müəllim rifahını rəsmi dövlət strategiyasına çevirən ölkələrdəndir. Burada müəllimlər üçün hər il psixoloji vəziyyətin monitorinqi aparılır, yanma sindromunun qarşısını almaq üçün xüsusi proqramlar tətbiq olunur və psixoloq dəstəyi peşə fəaliyyətinin ayrılmaz hissəsi sayılır.

İran və Türkiyədə də müəllimlərin psixoloji rifahına xüsusi diqqət yetirilir. Hər iki ölkədə məktəblərdə psixoloji xidmət yalnız şagirdlərlə məhdudlaşmır. Müəllimlərin emosional vəziyyəti, iş gərginliyi və kollektivdaxili münasibətləri üzrə mütəmadi konsultasiyalar keçirilir. Türkiyədə rəsmi olaraq müəllim rifahı təlimləri və psixoloji dəstək proqramları mövcuddur, İranda isə müəllimlər üçün psixoloji yardım mərkəzləri və “qaynar xətt” xidmətləri yaradılıb”.

Bəs bizdə bunu necə tətbiq etmək olar?
 
Aynur xanımın fikrincə, bu təcrübələrin hamısı bir daha göstərir ki, müəllimin psixoloji sağlamlığı təhsil sisteminin keyfiyyət göstəricilərindən biridir. Müəllim özünü güvəndə və dəyərli hiss etdikdə bu, dərhal sinif mühitinə, ünsiyyətə və ümumi tədris prosesinə müsbət təsir edir. Sağlam müəllim sağlam və emosional cəhətdən sabit sinif deməkdir.

Bəs bizdə bunu necə tətbiq etmək olar? Psixoloqun sözlərinə görə, ilk növbədə, məktəblərdə psixoloji xidmətin müəllimlər üçün də daha əlçatan və müntəzəm olması vacibdir.Psixi sağlamlıq mövzusunda maarifləndirici görüşlərin təşkili, məktəb psixoloqları tərəfindən mütəmadi “rifah görüşləri”nin keçirilməsi müəllimlərin emosional vəziyyətinin monitorinqinə və dəstək mexanizmlərinin gücləndirilməsinə imkan yarada bilər. Psixoloqun “açıq qapı” prinsipini tətbiq etməsi,yəni müəllimin ehtiyac duyduğu istənilən vaxt ona müraciət etmək imkanına malik olması  həm güvən mühiti yaradır, həm də emosional yüklənmənin qarşısının alınmasına kömək edir.

Bununla yanaşı, stresin idarə edilməsi və emosional tənzimləmə üzrə qısa praktik təlimlərin keçirilməsi, müəllimlər üçün kiçik dəstək qruplarının formalaşdırılması və sinifdə və ya kollektivdə yaranan çətin situasiyaların müzakirəsi üçün mini superviziya sessiyalarının təşkili onların gündəlik işinə real və təsirli dəstək mexanizmi ola bilər: “Belə tədbirlər müəllimlərin həm fərdi rifahını, həm də məktəb mühitində psixoloji sabitliyi gücləndirir.Eyni zamanda, məktəbin ümumi mühiti və rəhbərliyin yanaşması da böyük rol oynayır. Ədalətli iş bölgüsü, açıq və şəffaf ünsiyyət, müəllimlər arasında əməkdaşlıq və qarşılıqlı hörmət mühitinin yaradılması psixoloji gərginliyin azalmasına ciddi təsir edir. Müəllim öz məktəbində özünü təhlükəsiz, dəyərli və dəstəklənmiş hiss etdikdə, şəxsi gərginliyini sinfə gətirmək ehtimalı da xeyli azalır”.

“Hər insan emosiyalarını, hisslərini tanımağı, daxili vəziyyətini izləməyi və bir də...”
 
Aynur Bünyatova bir vacib məqamı da diqqətə çatdıraraq deyir ki, hər bir insan hansı sahədə işləməsindən asılı olmayaraq öz emosiyalarını, hisslərini tanımağı, daxili vəziyyətini izləməyi və özünə qayğı göstərməyi öyrənməlidir. Özünüdərk və özünəqayğı təkcə psixoloqların işi deyil, hər kəsin gündəlik həyat bacarığı olmalıdır. Əgər iş yerində emosional rifah üçün lazımi şərait yoxdursa, müəllim mütləq peşəkar psixoloqa müraciət etməlidir.