Məktəbə "müştəri yeri" kimi baxan şəxs müəllim deyil - Nazir
“Əgər müəllim məktəbə "müştəri yeri" kimi baxırsa, bu şəxs mənim üçün müəllim deyil”.
“Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” proqramında deyib.
"Müəllim 6 sinifdə dərs deyir və düşünür ki, hər sinifdən 15 uşaq repetitorluq üçün müraciət etsə, həyat səviyyəsi yüksələr. Müəllim məktəbə gəlib əməkhaqqısını alırsa, onun əvəzini birbaşa sinifdə verməlidir”, - deyə nazir əlavə edib.
O, belə müəllimlərə müraciət də edib: "Kim istəsə, dərsdən sonra özəl sektorda işləyə bilər. Bu, hər bir vətəndaşın hüququdur. Amma dövlət sektorunda çalışan müəllimin əsas məqsədi şəxsi qazancını artırmaq yox, məktəbə və uşaqlara xidmət etmək olmalıdır. Əgər kimsə bu prinsipləri pozursa və özəl qazancı məktəbdən üstün tutursa, o zaman bu, müəllimlik mövqeyi deyil. Çünki müəllimlik vicdan, münasibət və məsuliyyət tələb edən bir peşədir. Biz heç vaxt demirik ki, müəllim sertifikasiyada mütləq 60 bal toplamalıdır. Məsələ sadəcə balda deyil. Məktəb müəllimindən əsas gözlənti fənnin yüz faiz biliklə yox, uşağa olan münasibətlə ölçülür. Bizim çoxlu müəllimlərimiz var ki, onlar uşaqları, məktəbi sevən, həyatını məktəbə və şagirdlərə həsr edən insanlardır. Biz məhz bu cür müəllimləri tapıb məktəbə qaytarmaq istəyirik",- nazir bildirib.




