Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə BAŞLANILIR
2026–2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində Azərbaycan bölməsi üzrə məktəb seçiminə başlanılır.
Bu barədə "Azərbaycan müəllimi"nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Valideynlər 21 iyul saat 11:00-dan başlayaraq Bakı şəhəri istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində məktəb seçimini həyata keçirə bilərlər. Bakı şəhəri üzrə seçim prosesi 21 iyul saat 15:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 22 iyul saat 11:00-da başlayacaq.
Qeydiyyat “mektebeqebul.edu.az” portalı üzərindən aparılır və 14 sentyabr saat 18:00-a qədər davam edəcək.
Nəzərinizə çatdırırıq ki, məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni cari ildə 5 yaşı tamam olan uşaqlar qəbul olunur.




