“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tərəfdaşlığı, “Azərbaycan müəllimi” və Təhsil TV-nin media dəstəyi ilə “Məktəbəqədər təhsil: Keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” adlı konfrans keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas binasında təşkil olunan tədbir məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi, uşaqların hərtərəfli inkişafının dəstəklənməsi, müasir pedaqoji yanaşmaların tətbiqi və bu sahənin gələcək inkişaf perspektivlərinin müzakirəsinə həsr olunub.
Konfransda məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər, məktəbəhazırlıq qruplarında fəaliyyət göstərən ibtidai sinif müəllimləri, eləcə də icma əsaslı məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər.
Tədbirin açılışında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edərək məktəbəqədər təhsilin uşaqların şəxsiyyət kimi formalaşmasında, onların sosial, emosional və idraki bacarıqlarının inkişafında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, məktəbəqədər təhsildə keyfiyyətli başlanğıcın təmin olunmasının gələcək təlim nəticələri baxımından vacibliyini qeyd edib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova çıxışında məktəbəqədər təhsilin ümumi təhsil sistemindəki əhəmiyyətinə toxunub, uşaqların inkişafını dəstəkləyən keyfiyyətli təhsil mühitinin formalaşdırılmasının və müasir yanaşmaların tətbiqinin vacibliyini diqqətə çatdırıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov isə çıxışında təhsildə keyfiyyətin təmin olunmasının əhəmiyyətini vurğulayaraq məktəbəqədər təhsil sahəsində keyfiyyət meyarlarının qorunmasının, təhsil prosesinin davamlı təkmilləşdirilməsinin və uşaqların inkişafına yönəlmiş yanaşmaların tətbiqinin vacibliyini qeyd edib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə çıxışında məktəbəqədər təhsil sahəsində çalışan təhsil işçilərinin əməyinin və peşəkar fəaliyyətinin əhəmiyyətini vurğulayıb. O, təhsil işçilərinin peşəkar inkişafının dəstəklənməsinin, onların fəaliyyətinə lazımi şərait yaradılmasının təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını qeyd edib.
Konfrans çərçivəsində məktəbəqədər təhsilin aktual məsələlərini əhatə edən iki panel müzakirəsi təşkil olunub.
İlk panel “Məktəbəqədər təhsildə uşağın inkişafı: oxuyub-anlama, məktəbə hazırlıq və istedadın üzə çıxarılması” mövzusuna həsr edilib. Panel zamanı erkən yaşlarda oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi, uşaqların məktəb həyatına səmərəli hazırlanması, eləcə də onların fərdi potensialının və xüsusi istedadlarının vaxtında müəyyənləşdirilməsinin əhəmiyyəti müzakirə olunub.
Müzakirələrdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev və Bakı Şəhəri Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova çıxış ediblər.
İkinci panel “Məktəbəqədər dövrdə uşağın inkişafı: davranış, media savadlılığı və inklüziv mühit” mövzusunu əhatə edib. Paneldə uşaqların davranış xüsusiyyətləri və onların səbəbləri, erkən yaşlardan media savadlılığının formalaşdırılması, eləcə də inklüziv təhsil mühitinin yaradılmasında valideynlərin rolu ətrafında fikir mübadiləsi aparılıb.
Panelin müzakirələrində uşaq psixiatrı Ramil Hüseynzadə, marketinq strateqi, ¼ Agency-nin həmtəsisçisi və Le Hashim Edu təhsil platformasının təsisçisi Le Hashim, həmçinin valideyn Nuranə İsmayılova iştirak ediblər.
Tədbirin bədii hissəsində Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri musiqi və rəqs nömrələri ilə çıxış ediblər. Konfrans çərçivəsində, həmçinin iştirakçılar arasında viktorina təşkil olunub, qaliblər mükafatlandırılıb.
Konfrans məktəbəqədər təhsildə keyfiyyətin yüksəldilməsi, uşaqların inkişafına dair müasir yanaşmaların müzakirəsi və təhsil işçiləri arasında təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli platforma olub. Tədbir kollektiv foto çəkilişi ilə başa çatıb.




