Məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı artırılıb - Ayla Həsənova-Məmmədova
Yeni tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı artırılıb, icma əsaslı qruplara daha çox uşaq cəlb olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” adlı konfransda Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini, Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorunun müdiri Ayla Həsənova-Məmmədova bildirib.
O qeyd edib ki, hökumət tərəfindən təsdiqlənmiş yeni maliyyələşmə mexanizmi və valideyn-dövlət-özəl əməkdaşlığı da məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsinə xidmət edir:
“Məktəbəqədər təhsilə əlçatanlığın artırılması ölkənin sosial-iqtisadi inkişaf strategiyasında təhsil sahəsi üzrə əsas hədəflərdən biridir. Bu hədəfə doğru müsbət inkişaf dinamikası müşahidə olunur”.
Nazirlik rəsmisi onu da əlavə edib ki, tərbiyəçi-müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, ehtiyaclarının müəyyənləşdirilməsi və müasir pedaqoji yanaşmaları gündəlik fəaliyyətlərində tətbiq etmələri üçün müxtəlif tədbirlər həyata keçirilir:
“Müəllimin peşəkar inkişafına qoyulan investisiya həm də uşağın gələcəyinə qoyulan investisiyadır. Məktəbəqədər təhsil müəllimindən pedaqoji biliklə yanaşı, uşaq psixologiyasını anlamaq, fərdi ehtiyacları görmək və inklüziv mühit yaratmaq tələb edilir”.




