"Məktəbəqədər təhsil ömür boyu inkişafa təsir göstərir”– Anar Nağıyev

18 Aprel, 2026 - 12:54
"Məktəbəqədər təhsil ömür boyu inkişafa təsir göstərir”– Anar Nağıyev

“Məktəbəqədər təhsil, erkən dövrdə qoyulmuş əsaslar insanın ömür boyu inkişafına əhəmiyyətli təsir göstərir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri BSU-nun rektoru Anar Nağıyev “Məktəbəqədər təhsilin inkişafı və transformasiyası” mövzusunda keçirilən beynəlxalq forumda səsləndirib.

A.Nağıyev bildirib ki, erkən yaş dövründə keyfiyyətli təhsil mühitinin yaradılması gələcək təhsil pillələrində uğurun əsasını təşkil edir və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, birgə layihələrin və akademik tərəfdaşlıqların genişləndirilməsi vacibdir: “Bütünlükdə məktəbəqədər təhsilə yanaşmamızda övladlarımıza ötürmək istədiyimiz bacarıqların nədən ibarət olduğunu, təhsilin növbəti pillə və səviyyələri ilə nə qədər bağlı olduğunu bilməyimiz vacibdir. Pedaqoji kadr hazırlığı ilə məşğul olan ali təhsil müəssisələrinin üzərinə düşən ən mühüm vəzifələrindən biri hazırlayıb cəmiyyətə təqdim etdiyi kadrların, onların bacarıqlarının və sonrakı dövrdə inkişafının cəmiyyətin gələcək inkişafında yer alacaqlarını nəzərə almaqdan ibarətdir”.

A.Nağıyevin sözlərinə görə, cəmiyyətin inkişafında təhsil sahəsində əməkdaşlıq hər şeyin mərkəzində durur: “ADPU və BSU-nun təhsil sahəsində əhəmiyyətli əməkdaşlıq əlaqələri var. Bu əməkdaşlıqdan istifadə edərək regionlarda birgə regional müzakirələrin təşkilində maraqlıyıq. Əməkdaşlıq inkişafın əsas sütunudur”.