Hava şəraiti ilə əlaqədar dərslər dayandırılacaq? – AÇIQLAMA
Son günlər ölkə ərazisində müşahidə edilən qarlı hava şəraiti ilə əlaqədar ucqar dağlıq kəndlərdə yerləşən bir sıra məktəblərdə şagirdlərin davamiyyətində fasilələr müşahidə edilir.
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi”nə bildirilib ki, məktəblərdə dərslərin dayandırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib: “Bəzi ərazilərdə yolların buz bağlaması, eləcə də nəqliyyat vasitələrinin hərəkətinin nisbətən çətinləşməsi səbəbindən şagirdlərin və pedaqoji kollektivin təhlükəsizliyinin təmin edilməsi prioritetdir. Bu səbəbdən çətin relyefə malik bölgələrdə yerləşən az sayda təhsil müəssisəsində davamiyyətdə qısamüddətli fasilələrin yaranması anlayışla qarşılanır. Təlim-tədris prosesi ölkə üzrə mövcud qaydalara uyğun şəkildə davam etdirilir”.
Agentliyin açıqlamasında qeyd olunur ki, davamiyyətdə qısamüddətli fasilələrin müşahidə edildiyi təhsil müəssisələrində keçirilməyən dərslərin dərs cədvəlinə uyğun şəkildə kompensasiya edilməsi istiqamətində zəruri tədbirlər görüləcək: “Əlverişsiz hava şəraitində təhsil müəssisələrinin istiliklə təchizatı diqqətdə saxlanılır. Gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlər ilə bağlı aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır. Hazırda ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin mərkəzləşdirilmiş qaydada və müxtəlif vasitələrlə (odun, dizel, elektrik radiatoru) istilik təminatı normal qaydada həyata keçirilir”.



