Məktəblərdə yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək – FƏRMAN

24 Sentyabr, 2026 - 16:42
Məktəblərdə yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Dövlət ümumi təhsil müəssisələrində 2026‒2027-ci tədris ilindən başlayaraq dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçiriləcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalı tətbiq ediləcək.

Bununla bağlı Nazirlər Kabineti adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını, habelə adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiq edilməsi qaydalarını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Elm və Təhsil Nazirliyi hər növbəti təqvim ili üçün dövlət büdcəsinin vəsaiti hesabına adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrinin siyahısını və təhsilalanlarının sayını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etməlidir.

 Maliyyə Nazirliyi bu Fərmanın icrasından irəli gələn tədbirlərin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsini təmin etməlidir.