Məktəblərə hücumlar və müəllimlərə təhdidlər təhsilə zərər vurur - Səltənət Qurbanova

13 Oktyabr, 2026 - 14:54
Məktəblərə hücumlar və müəllimlərə təhdidlər təhsilə zərər vurur

“Məktəblərə hücumlar, müəllimlərə qarşı təzyiq və təhdidlər yalnız konkret müəllimə və ya məktəbə deyil, bütövlükdə təhsil mühitinə mənfi təsir göstərir. Bu hallar şagirdlərdə qorxu və narahatlıq yaradır, onların dərsə diqqətini və öyrənmə motivasiyasını zəiflədir, tədris prosesinin davamlılığını pozur”.

Bu fikirləri “Azərbaycan müəllimi”nə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədr müavini Səltənət Qurbanova bildirib.

Onun sözlərinə görə, məktəbdə təhlükəsiz mühitin qorunması həm müəllimlərin fəaliyyəti, həm də şagirdlərin təhsil hüququnun təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır:

“Məktəb, ilk növbədə, uşaqların özlərini təhlükəsiz hiss etdikləri, öyrəndikləri və inkişaf etdikləri məkan olmalıdır. Müəllimin təhlükəsizliyi ilə şagirdin təhsil hüququ bir-biri ilə sıx bağlıdır. Buna görə də məktəblərdə təhlükəsizlik tədbirləri gücləndirilməli, valideyn narazılıqları dialoq yolu ilə həll olunmalı, heç bir fikir ayrılığının müəllimə qarşı təzyiqə və digər şagirdlərin təhsil hüququnun pozulmasına səbəb olmasına yol verilməməlidir”.

“Vahid məktəbli forması bərabərliyi və məktəbə məxsusluq hissini gücləndirir”

S.Qurbanova bildirib ki, vahid məktəbli formasının tətbiqi sağlam təhsil mühitinin formalaşdırılmasına, şagirdlər arasında sosial fərqlərin təsirinin azalmasına və nizam-intizamın möhkəmlənməsinə xidmət edir:

“Mən hesab edirəm ki, vahid məktəbli formasının tətbiqi məktəbdə bərabər imkanların və sağlam təhsil mühitinin formalaşmasına xidmət edən mühüm amillərdən biridir. Vahid məktəbli forması şagirdlər arasında geyim üzərindən sosial müqayisələrin, maddi imkan fərqlərinin nümayişinin və bunun yarada biləcəyi psixoloji narahatlıqların azalmasına kömək edir. Eyni zamanda, məktəbə məxsusluq hissini, kollektiv ruhunu və nizam-intizamı gücləndirir. Amma burada bir məqamı da qeyd etmək lazımdır ki, vahid formanın məqsədi şagirdləri eyniləşdirmək deyil, onlar arasında bərabərliyi və məktəbə məxsusluq hissini gücləndirməkdir”.

AGMA sədr müavini qeyd edib ki, məktəbli geyimi ilə bağlı ümumi tələblərin yalnız bir məsələ ilə əlaqələndirilməsi qaydaların əsas mahiyyətinin yanlış anlaşılmasına səbəb ola bilər:

“Məncə, burada ən vacib məqam məsələnin mahiyyətinə uyğun izah edilməsidir. Məktəbli geyimi ilə bağlı ümumi tələblər bütövlükdə məktəbdə geyim mədəniyyətinin, vahid yanaşmanın və təhsil mühitinə uyğun davranışın təmin edilməsinə xidmət edir. Hər hansı qaydanı müzakirə edərkən onu emosiyalar və fərziyyələr üzərindən deyil, qüvvədə olan rəsmi tələblər və onların məqsədi əsasında qiymətləndirmək lazımdır. Əgər ümumi geyim qaydaları yalnız bir məsələ ətrafında təqdim olunursa, bu zaman həm qaydanın əsas məqsədi kölgədə qalır, həm də cəmiyyətdə lazımsız qarşıdurma yarana bilər. İctimaiyyətə düzgün izah edilməli olan əsas məqam budur ki, məktəbli formasının mahiyyəti şagirdlər arasında sosial bərabərliyin qorunması, vahid məktəb mühitinin formalaşdırılması və məktəbin təhsil missiyasının ön plana çəkilməsidir”.

“Müəyyən edilən qaydalar ailədə də düzgün izah olunmalıdır”

S.Qurbanova məktəbli forması ilə bağlı qaydalara əməl olunmasında valideynlərin roluna da diqqət çəkib. Onun sözlərinə görə, məktəb və ailənin birgə yanaşması uşaqlarda məsuliyyət və nizam-intizam vərdişlərinin formalaşması baxımından vacibdir:

“Uşaqların məktəbdə müəyyən edilmiş geyim qaydalarına əməl etməsində valideynlərin rolu olduqca vacibdir. Çünki məktəb və ailə uşağın tərbiyəsində bir-birini tamamlayan iki əsas mühitdir. Məktəbdə müəyyən edilən qaydaların ailədə də düzgün izah olunması uşaqlarda məsuliyyət, intizam və qaydalara hörmət vərdişlərinin formalaşmasına kömək edir. Valideynlər, ilk növbədə, məktəbin müəyyən etdiyi geyim tələbləri ilə tanış olmalı, uşaqlarına bu qaydaların məqsədini izah etməli və onlara şəxsi nümunə göstərməlidirlər. Burada söhbət yalnız uşağa forma geyindirməkdən getmir. Əsas məsələ uşağa ümumi qaydalara əməl etməyin birgəyaşayış mədəniyyətinin tərkib hissəsi olduğunu aşılamaqdır”.

O, məktəbli forması ilə bağlı müzakirələrin uşaqların psixoloji rahatlığına və təhsil almaq imkanlarına mənfi təsir göstərməməsinin vacibliyini də vurğulayıb:

“Unutmamalıyıq ki, müzakirələrin mərkəzində uşaqların hüquqları, psixoloji rahatlığı və təhsil almaq imkanları dayanmalıdır. Məktəbli forması ilə bağlı fikir ayrılıqları heç bir halda uşağın özünü məktəb mühitində narahat, fərqli və ya kənarda hiss etməsinə səbəb olmamalıdır. Məqsəd qaydaların mahiyyətini anlayan, məsuliyyətli və qarşılıqlı hörmət göstərən şagirdlər yetişdirməkdir”.