“Məqsədimiz savadlı, milli ruhda böyüyən şəxslər yetişdirməkdir” - Yüksək nəticə əldə edən müəllimlər
"MİQ imtahanının tam şəffaf olduğunu, bir müəllim olaraq bizə daim təkmilləşməyin, peşəmizlə bağlı yenilikləri öyrənməyin əhəmiyyətini göstdərdiyini düşünürəm". Bu sözləri MİQ imtahanında 97.5 bal nəticə göstərən Gülay Elsevər "Azərbaycan müəllimi"nə deyib.
“Asanlıqla yazdığım, müəyyən məqamlarda tərəddüd etdiklərim də oldu”

Gülay 2019-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib və hazırda Şamaxı rayon Saleh Heydərov adına Dəmirçi kənd tam orta məktəbinin tarix müəllimidir.O, MİQ imtahanında 4-cü dəfə iştirak etdiyini diqqətə çatdırır: "Suallar asan, orta və çətin idi. Asanlıqla yazdığım, müəyyən məqamlarda tərəddüd etdiklərim də oldu. İmtahana öz üzərimdə çalışaraq, yenilikləri öyrənərək və ixtisasımla bağlı yeni tipli sınaqları işləyərək hazırlaşırdım. Qeyd edim ki, qrup yoldaşlarımla birlikdə müzakirələr aparırdıq, çətin suallar işləyirdik. Bunların mənə çox faydası oldu”.
5 ildir müəllim kimi fəaliyyət göstərən Gülay bildirir ki, imtahana qatılmaqda məqsədi peşəsini vicdanla, məsuliyyətlə yerinə yetirmək və özünü təkmilləşdirməkdir: "Hesab edirəm ki, qazandığımız nəticələr bizlərə müəyyən istiqamət verir, öz fəaliyyətimizi dəyərləndirmək üçün olduqca faydalıdır. Bir tarix müəllimi olaraq həm savadlı, həm də milli ruhda böyüyən şəxslərin yetişməsində kiçik də olsa payımın olması məni xoşbəxt edir. Nəticədən asılı olmayaraq, bu imtahan bizim üçün bir təcrübədir və gələcək fəaliyyətimizdə bizə müəyyən qədər yol göstərir. Bu yolda olan hər bir müəllim yoldaşıma uğurlar arzu edirəm”.
"MİQ həm savad, həm emosional-psixoloji durumu test edən, diqqət tələb edən bir imtahan prosesidir"

Könül Tağıyeva da tarix fənni üzrə 97.5 bal toplayaraq yüksək nəticə göstərib. Bakalavr və magistr təhsilini fərqlənmə diplomu ilə Bakı Dövlət Universitetində alıb. Qeyd edir ki, MİQ imtahanında ikinci dəfə iştirak edir: "İlk dəfə iştirak edəndə imtahana hazırlaşmamışdım. Bu il isə proqrama uyğun şəkildə hazırlaşaraq müsabiqəyə qatıldım. Hələ müəllim olaraq fəaliyyət göstərməmişəm. Rəsmi qeydiyyatım Bakı, yaşayış yerim Sumqayıtdır və elə orada yerləşən məktəbdə işləmək istərdim".
Könülün sözlərinə görə, sualların səviyyəsi olduqca yaxşı olub. "İmtahana hazırlaşanda, ilk növbədə, sistemli və planlı şəkildə, yararlı test vəsaitlərindən istifadə edərək, səhvlərimi analiz edərək hazırlaşmışam. Xüsusilə də inam və məqsəd bu yolda çox önəmlidir. Gələcək arzum müəllimlik peşəsini layiqincə doğrultmaq, şagirdlərin uğurlarına vasitə olmaqdır. MİQ həm savad, həm emosional-psixoloji durumu test edən, diqqət tələb edən bir imtahan prosesidir. Müəllimlərə məqsədləri uğrunda inam və təmkinlə çalışmalarını tövsiyə edərdim".




