“Microsoft” nümayəndəsi: Süni intellektin tədrisə inteqrasiyası müəllimlər üçün yeni imkanlar yaradır
“Süni intellektin tədris prosesinə inteqrasiyası və müəllimləri səmərəli şəkildə dəstəkləməsi xüsusi əhəmiyyət kəsb edir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə “Microsoft”un Rumıniya, Moldova, Qafqaz və Mərkəzi Asiya üzrə ölkə meneceri Gabriela Popescu sosial media hesabında paylaşım edib.
O, Azərbaycanda “Microsoft Copilot Studio” əsasında hazırlanmış Copilot aləti barədə fikirlərini bölüşərək bildirib ki, “Rəqəmsal məktəb” platformasında bu texnologiyanın tətbiqi süni intellektin məqsədyönlü və effektiv istifadəsinə nümunə kimi qiymətləndirilə bilər.
G. Popescu vurğulayıb ki, “Microsoft” təhlükəsizlik tələblərinə və milli təhsil standartlarına uyğun şəkildə tədrisin keyfiyyətinin artırılmasına, eləcə də müəllimlərin uzunmüddətli peşəkar inkişafının dəstəklənməsinə yönəlmiş fəaliyyət həyata keçirir.
Qeyd edək ki, “Rəqəmsal məktəb” platformasında müəllim kabinetinə inteqrasiya olunan “Microsoft” alətləri tədris prosesinin daha səmərəli təşkili, şagirdlərlə əlaqənin gücləndirilməsi və dərslərin rəqəmsallaşdırılması məqsədinə xidmət edir. Bu çərçivədə “Microsoft Teams” onlayn dərslərin təşkili və ünsiyyət üçün, “Microsoft OneDrive” sənədlərin saxlanılması və paylaşılması üçün istifadə olunur.
Bundan əlavə, “Microsoft Copilot” müəllimlərə dərs planlarını və tədris materiallarını daha sürətli hazırlamağa, tapşırıq və testləri asanlıqla yaratmağa, mətnləri redaktə edib sadələşdirməyə, şagird nəticələrini analiz etməyə və ümumilikdə tədris prosesini daha sistemli və effektiv şəkildə idarə etməyə imkan yaradır.



