Milli dil yeni təzyiq mexanizmləri ilə üz-üzə qalıb - Firudin Qurbanov

14 May, 2026 - 12:29
Milli dil yeni təzyiq mexanizmləri ilə üz-üzə qalıb

“Hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və  güclü vasitə ana dilidir. Birinci Türkoloji Qurultayda ən çox müzakirə olunan məsələlərdən biri türk xalqlarının ədəbi dili olub”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov “I Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” beynəlxalq elmi konfransında səsləndirib.

Nazir müavini qeyd edib ki, Qurultayda iştirak edən 131 nümayəndənin əksəriyyəti öz çıxışlarında dil məsələsinə xüsusi diqqət yetirərək, Səmərqənddə keçiriləcək ikinci qurultayda dil məsələsinin geniş müzakirə olunmasını tövsiyə ediblər.

Firudin Qurbanov vurğulayıb ki, xalqdan hər şeyi alsan, sonra onu yenidən yarada bilərsən, amma dil “ölərsə”, onu heç vaxt yenidən dirçəltmək mümkün olmaz: “Dil dövlətçilik, milli kimlik və mədəni təhlükəsizlik məsələsi kimi xüsusi əhəmiyyətə malikdir. Qloballaşma, informasiya texnologiyalarının və süni intellektin sürətli inkişafı, eyni zamanda kütləvi kommunikasiya vasitələrinin təsiri nəticəsində milli dil yeni təzyiq mexanizmləri ilə üz-üzə qalıb. Biz elə edək ki, ana dilimizə münasibətdə, dilimizin təhlükəsizliyində buraxılan səhvlərə görə sonra peşman olmayaq. Bunu başqalarının səhvlərindən də öyrənməliyik.

Nazir müavini bildirib ki, bugünkü beynəlxalq konfransda Prezident İlham Əliyevin ana dilimizin inkişafı və qorunmasına dair irəli sürdüyü konseptual fikirlərdən irəli gələn vəzifələrə dair təkliflər hazırlanacaq, qloballaşma şəraitində Azərbaycan dilinin inkişafı və əcnəbi təsirlərdən qorunması istiqamətində faydalı tövsiyələr veriləcək.