Milli Məclis “Patent haqqında” Qanuna dəyişiklikləri təsdiqlədi

10 Fevral, 2026 - 13:56
Milli Məclis “Patent haqqında” Qanuna dəyişiklikləri təsdiqlədi

Milli Məclis “Patent haqqında” Qanuna təklif olunan dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib.

"Azərbaycan müəllimi" xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin fevralın 10-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Layihəyə əsasən, yaradılan ixtira, faydalı model və sənaye nümunəsi barəsində işəgötürənlə işçinin münasibətləri müqavilə ilə tənzimlənəcək.

Xidməti vəzifəsinin həyata keçirilməsi və ya işəgötürənin yazılı tapşırığı ilə əlaqədar işçinin (o cümlədən müəllim, elmi işçi, doktorant, magistr, tələbə və s.) apardığı fundamental və tətbiqi tədqiqatlar, təcrübi işləmələr və innovativ layihələr nəticəsində yaratdığı ixtira, faydalı model və sənaye nümunəsi üçün patent almaq hüququ, işəgötürənlə onun arasında bağlanılmış müqavilədə başqa şərtlər nəzərdə tutulmamışdırsa, işəgötürənə mənsubdur. Tərəflər arasında bağlanılmış müqavilədə royalti şəklində əldə edilən gəlirlərin bölüşdürülməsi qaydaları göstərilməlidir.