MİQ müsabiqəsində namizədin ödənişdən azad olub-olmadığı necə yoxlanılacaq?
Müəllimlərin işə qəbulu (MİQ) prosesi ilə bağlı namizədlər tərəfindən ən çox ünvanlanan suallara aydınlıq gətirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 aprel 2026-cı il tarixli 114 nömrəli Qərarına əsasən, MİQ müsabiqəsində iştirak rüsumu 60 manat olaraq müəyyən edilib.
Bildirilib ki, qeydiyyat mərhələsində ödəniş tələb olunmur. Namizəd əvvəlcə müraciətini tamamlayır, müraciəti təsdiqləndikdən sonra ödəniş mərhələsinə yönləndirilir. Ödəniş tamamlandıqdan sonra isə namizədin iştirak statusu aktivləşdirilir.
Qanunvericiliyə uyğun olaraq, bəzi kateqoriyalara aid namizədlər müsabiqədə ödənişsiz iştirak edə biləcəklər. Bunlara müsabiqədə ilk dəfə iştirak edən namizədlər, şəhid ailəsinin üzvləri, müharibə veteranı adı almış şəxslər, əlilliyi olan şəxslər, həmçinin ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri daxildir.
Ödənişdən azad olunan kateqoriyalara aidiyyət namizədlərin təqdim etdiyi məlumatlar əsasında deyil, aidiyyəti dövlət informasiya sistemləri üzərindən avtomatik qaydada yoxlanılacaq.
Qeyd edək ki, bu gündən 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir. Elektron sənəd qəbulu mərhələsi 3–10 iyun tarixlərini əhatə edəcək.



