Möhkəm təməl yoxdursa, onun üzərində qurulan biliklər dayanıqlı olmayacaq – Nazir

10 İyun, 2026 - 16:49
Möhkəm təməl yoxdursa, onun üzərində qurulan biliklər dayanıqlı olmayacaq – Nazir

“Zaman-zaman müxtəlif təşəbbüslərlə çıxış edib deyirik ki, gəlin, böyük yaş qruplarına bu və ya digər bilikləri öyrədək. Amma başa düşməliyik ki, möhkəm təməl yoxdursa, onun üzərində qurulan digər biliklər də dayanıqlı olmayacaq”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində səsləndirib.

Nazir bildirib ki, fundamental bilik və bacarıqlar məsələnin ən mühüm hissəsidir: “Təhsil sistemimizin həll etməli olduğu əsas vəzifələrdən biri məhz bu fundamental bilik və bacarıqların erkən yaşlarda inkişaf etdirilməsidir.

Təxminən 10 yaşına qədər uşağın əldə etdiyi inkişaf səviyyəsi onun sonrakı təhsil həyatını böyük ölçüdə müəyyən edir. Sonrakı mərhələlərdə müəyyən irəliləyişlər mümkündür, lakin həmin inkişaf çox vaxt əvvəlki mərhələdə qoyulmuş təməlin üzərində qurulur”.

Onun sözlərinə görə, istisna hallar həmişə olur və hər zaman fərqli nümunələr göstərmək mümkündür. Lakin böyük statistik mənzərəyə baxdıqda vəziyyət əsasən belədir: “Məktəbdən danışsaq, biz mütləq ibtidai təhsildən başlamalıyıq. Həyata keçirdiyimiz qiymətləndirmə, monitorinq və tədqiqat prosesləri əsasən ibtidai təhsilə yönəlir.

Qənaətim ondan ibarətdir ki, əgər ibtidai təhsildə əsaslı dəyişikliklərə nail ola bilsək, müəyyən zaman keçdikdən sonra – bəlkə də 10–15 il ərzində – bunun nəticələrini görəcəyik”.