“Müəllim, kaş vaxt tez gələydi ...” – evdə təhsil alan şagirdin hekayəsi

29 Yanvar, 2026 - 10:11
“Müəllim, kaş vaxt tez gələydi ...”

Bəzən təhsil məktəb binasında yox, bir evin sakit otağında başlayır. Dərs zəngi çalınmır, sinif yoldaşlarının səsi eşidilmir. Amma bilik var, ümid var, müəllim var. Zərdab rayonunun Sarıqaya kəndində yaşayan 7-ci sinif şagirdi Şərifli Əbubəkir Fərid oğlu üçün təhsil məhz belə başlayır – müəllimin qapını döyməsi ilə.

Fiziki məhdudiyyəti səbəbilə məktəbə gedə bilməyən Əbubəkir evdə təhsil sisteminə cəlb olunub. Onun dərsləri isə bu gün yalnız fənn proqramını deyil, bir insan hekayəsini də əhatə edir.

“Müəllimlik yolum məni yenidən kəndə qaytardı”

Azərbaycan dili və ədəbiyyat müəllimi Fəridə Fərəcli ilə söhbətimizdə ilk olaraq müəllimlik yolundan danışır:

– “2014-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə qəbul oldum. 2018-ci ildə universiteti bitirdim. Elə həmin il Zərdab rayonunun Gödəkqobu kəndində müəllim kimi fəaliyyətə başladım. Daha sonra şəhərə köçdük, müxtəlif kurslarda çalışdım, evdə repetitorluq etdim. Amma müəllimlik mənim üçün yarımçıq qalan bir yol idi”.

Bu yol onu 2025-ci ildə yenidən kənd məktəbinə qaytarır. MiQ imtahanından sonra Sarıqaya kənd M.Şirvanoğlu adına tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətə başlayır. Elə bu vaxt da evdə təhsil alan bir şagirdlə tanış olur.

Məktəbə gedə bilməyən şagirdin evə gələn müəllimi

Əbubəkir fiziki məhdudiyyətinə görə məktəbə gedə bilmir. Dövlətin evdə təhsil sistemi çərçivəsində müəllim onun evinə gedərək dərs keçir.

Fəridə Fərəcli deyir ki, bu dərslər onun üçün adi dərs deyil:

“Həftədə iki dəfə onun evinə gedirəm. Çərşənbə axşamları bir saat Azərbaycan dili, çərşənbə günləri isə iki saat ərzində həm Azərbaycan dili, həm də ədəbiyyat dərsi keçirəm. Amma dərsdən əvvəl ona həmişə insan olaraq yanaşıram. Əhvalını soruşuram, necə olduğunu öyrənirəm”.

Müəllimin yaddaşında ən çox qalan an isə ilk tanışlıq günüdür:

 “İlk gün sakitcə dedi ki, müəllim, mənim heç yoldaşım yoxdur, təkəm mən. O an düşünmədən cavab verdim: “Artıq mən varam, tək deyilsən”. Elə o gündən aramızda dərsdən çox yoldaşlıq başladı”.

Əbubəkir nənə və babasının himayəsində qalır. Bəzən susqun, bəzən kədərli olur. Müəllim isə onun əhvalını baxışlarından anlayır.

“Pisdirsə, dərsə başlamıram. Əvvəl söhbət edirik. Öz həyatımdan misallar çəkirəm, problemlərin tək onda olmadığını deyirəm. Dərdləşirik, sonra dərsə davam edirik”.

Qəlbə toxunan sözlərin gücü

Əbubəkirin yaddaşı zəifdir. Mövzuları tez mənimsəmir. Amma müəllim bunu problem kimi görmür:

“Çoxlu tapşırıqlar, nümunələr verirəm. Amma ən vacibi xoş sözlərdir. Düşünürəm ki, müəllimini sevən şagird dərsini oxumaya bilməz”.

Əbubəkiri sevindirən isə sadə, amma səmimi ifadələrdir: ““Bu gün çox şən görünürsən”, “Nitqin çox gözəldir”, “Əsəri çox gözəl oxudun” - bu sözlər onda möcüzə yaradır”, — deyə müəllim əlavə edir.

“Sizin kimi müəllimi incitmək olar?”

Müəllim deyir ki, motivasiyanı çox vaxt özü yox, şagirdi verir:

“Əbubəkir tez-tez deyir ki, müəllim, siz mənə enerji verirsiniz. Amma mənim bütün yorğunluğumu aparan onun sözləridir”.
Şagirdin bir sualı müəllimin yaddaşında xüsusi yer tutur: “Bir dəfə soruşdu ki, müəllim, məktəbdə uşaqlar sizi incidir? Dedim ki, bəzən. O isə dedi: “Sizin kimi müəlliməni incitmək olar heç?” Bu mənim üçün ən böyük mükafatdır”.

Dərs bitir, əlaqə bitmir

Dərs günləri bitəndə də münasibət bitmir. Əbubəkir digər günlər müəlliminə mesaj yazır:

“Müəllim, kaş vaxt tez gələydi, dərsə gələrdiniz. Darıxıram”.

Bu cümlələr müəllim üçün evdə təhsilin əsl mahiyyətini göstərir.

Bu hekayə fiziki məhdudiyyətin bir uşağın yolunu bağlaya bilmədiyini göstərir. Eyni zamanda sübut edir ki, evdə təhsil sadəcə dərs proqramı deyil, insana toxunmaqdır. Bir müəllimin çantası, bir şagirdin gözlərindəki işıq bəzən ən böyük məktəbi yaradır.

Əbubəkir məktəbə gedə bilmir. Amma o, təhsildən kənarda qalmır. Çünki onun evinə gələn bir müəllim var.

Və bəzən bir uşağın taleyini dəyişən ən güclü cümlə sadə olur:
“Artıq tək deyilsən”.