Mingəçevir bağçalarındakı istilik və elektrik problemi ilə bağlı AÇIQLAMA

19 Yanvar, 2026 - 16:13
Mingəçevir bağçalarındakı istilik və elektrik problemi ilə bağlı

Mingəçevir şəhərində fəaliyyət göstərən 16 saylı "Aynur" körpələr evi və 1 saylı "Lalə" uşaq bağçası-körpələr evində elektrik enerjisi və istilik təminatı ilə bağlı çətinliklər müşahidə olunub.

Məsələ ilə əlaqədar "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, artıq hər iki məktəbəqədər təhsil müəssisəsində istilik və elektrik təminatı ilə bağlı problem aradan qaldırıb: "Mingəçevir şəhərində yerləşən hər iki məktəbəqədər təhsil müəssisəsinin istilik sistemində texniki nasazlıq yaranıb. Problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb. Hazırda qeyd edilən məktəbəqədər təhsil müəssisələrinin istilik və elektriklə təminatı normaldır".

İdarənin açıqlamasında qeyd olunur ki, gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlərlə bağlı digər aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb: "Təhsil müəssisələrində təlim-tədris prosesinin fasiləsizliyinin təmin edilməsi, eləcə də uşaqların sağlam və təhlükəsiz mühitdə təhsil alması prioritet istiqamətlərdəndir. Bu baxımdan payız-qış mövsümündə təhsil müəssisələrinin istiliklə təchizatının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. İstilik təminatının plana və qanunvericiliyə uyğun müddətdə həyata keçirilməsi, uşaqların istiliklə təchiz edilmiş təhsil müəssisələrində təlim-tədrisə cəlb olunmaları məqsədilə aidiyyəti qurumlarla birgə hazırlıq işləri həyata keçirilib".

Bildirilib ki, daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır.