Müəllimlər Azərbaycan cəmiyyəti üçün çox böyük işlər görüblər - Nazir müavini

4 Mart, 2026 - 11:41
Müəllimlər Azərbaycan cəmiyyəti üçün çox böyük işlər görüblər

“Əslində, ən böyük memarlar, ən böyük qurucular, ən böyük insan formalaşdıran şəxslər məhz bizim müəllimlərimizdir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə “TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar” adlı tədbirdə səsləndirib.

Nazir müavini bildirib ki, müəllimlər həm də cəmiyyətin qoruyucu sütunlarıdır: “Onlar özləri ilə birlikdə ənənələri daşıyan şəxslərdir və bu ənənələri nəinki öz nəslinə, eyni zamanda növbəti nəsillərə də dolayı olaraq ötürürlər. 

Müəllimlik fəaliyyəti ilə məşğul olan şəxslər bütün çətinliklərə rəğmən istənilən dövrdə Azərbaycan cəmiyyəti üçün çox böyük işlər görüblər və neçə-neçə ictimai xadimin yetişdirilməsində onların çox böyük əməyi olub”.

Kənan Kərimzadə TİF-in fəaliyyətinə də toxunaraq qeyd edib ki, ötən illər ərzində fondun səyi nəticəsində 1000-ə yaxın tələbə qıza təhsilini davam etdirmək üçün təqaüd verilib: “TİF tərəfindən 1500-dən çox şəxsin – həm müəllimlərimizin, həm də tələbələrimizin təhsil xərcləri qarşılanıb. Eləcə də Bakı şəhərində və Azərbaycanın bir sıra regionlarında, təhsil müəssisələrinin quruculuğunda da Təhsil İnkişaf Fondu böyük rol oynayır”.

O, “TəhsilPlus” kartını müəllimlərin sosial rifahına veriləcək töhfələrin hələ başlanğıcı adlandıraraq gələcəkdə bu kartdan istifadə edəcək müəllimlərin sayının artırılmasını arzuladığını bildirib.