Müəllimləri hədəfə almaq, təhsilə mane olmaq yolverilməzdir – İB sədri
“Məktəb binasına, sinif otaqlarına və tədris avadanlıqlarına ziyan vurmaq hansısa qərarın mətnini dəyişmir. Əksinə, birbaşa uşaqlarımızın istifadə etdiyi təhsil mühitini yararsız hala salır. Narazılığın hədəfinə sinif otağını, məktəb qapısını və tədris resurslarını çevirmək sağlam təfəkkürə və mədəni dəyərlərə ziddir”.
Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında İnnovasiya və Qadın İnkişafı Təşəbbüsləri İctimai Birliyinin sədri Gülnarə Əmiraslanova bildirib.
Onun sözlərinə görə, məktəblərdə təhlükəsizliyin və sağlam pedaqoji mühitin qorunması üçün daxili intizam qaydalarına və qanunvericiliyin tələblərinə əməl olunması vacibdir:
“Unutmaq olmaz ki, məktəbə və müəllimə göstərilən münasibət cəmiyyətin gələcəyinə olan münasibətdir. Təhsil müəssisələrində müəyyən olunmuş daxili intizam qaydalarına və qanunvericiliyin tələblərinə istisnasız riayət etmək həm tədrisin keyfiyyətinin, həm də uşaqlarımızın təhlükəsizliyinin əsas təminatıdır”.
“Uşaq fərdi təəssübkeşliklərin qurbanına çevrilməməlidir”
G.Əmiraslanova qeyd edib ki, məktəblərdə vahid geyim və daxili nizam-intizam qaydaları ilə bağlı yaranan fikir ayrılıqlarında uşaqların təhsil hüququ və mənafeləri əsas götürülməlidir:
“Lakin son dövrlərdə daxili nizam-intizam və vahid geyim qaydaları ilə fərdi-dini inancların toqquşdurulması pedaqoji və hüquqi müstəvidə ciddi təhlil tələb edən məsələyə çevrilmişdir. Məsələyə pedaqoji yanaşmanın əsas prinsipi uşağın ali mənafeyini və onun təhsil almaq hüququnu hər şeydən üstün tutmaqdır. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq konvensiyalar hər bir uşağın təhsil almaq hüququnu təsbit edir. Valideynlərin öz şəxsi dini və ya ideoloji baxışlarını bəhanə edərək övladlarını məktəbdən uzaqlaşdırması, onları təhsildən yayındırması uşaq hüquqlarının birbaşa pozulması deməkdir. Uşaq müstəqil hüquq subyektidir və onun təhsil almaq imkanı fərdi təəssübkeşliklərin qurbanına çevrilməməlidir”.
İctimai Birliyin sədri vurğulayıb ki, valideynlər şəxsi inanclarını uşaqların təhsilinə maneəyə çevirməməli, onların savadlı və dünyagörüşlü şəxsiyyət kimi yetişməsinə dəstək olmalıdırlar:
“Bu nöqtədə övladının gələcəyinə cavabdeh olan inanclı valideynlərin üzərinə böyük mənəvi və pedaqoji məsuliyyət düşür. İnanclı valideynlərə çağırışımız budur ki, inanc və mənəviyyat dəyərlərini uşağın təhsilinə və inkişafına maneəyə çevirməsinlər. Əsl mənəviyyat uşağı elmdən və cəmiyyətdən təcrid etmək deyil, onu savadlı, dünyagörüşlü və faydalı bir şəxsiyyət kimi yetişdirməkdir. Valideynlər anlamalıdırlar ki, övladlarını məktəb intizamına qarşı qoymaqla və ya dərslərdən saxlamaqla onlar uşağın gələcəkdə cəmiyyətə inteqrasiya olunmaq imkanlarını məhdudlaşdırırlar”.
“Məktəb və valideyn arasında sağlam dialoq qurulmalıdır”
G.Əmiraslanova məktəbli formasının və daxili intizam qaydalarının şagirdlər arasında sosial bərabərliyin qorunmasına, sağlam təhsil mühitinin formalaşdırılmasına xidmət etdiyini də diqqətə çatdırıb:
“Məktəb yalnız fənlər üzrə bilik verən təhsil müəssisəsi deyil, həm də sosial bərabərliyin, vətəndaşlıq məsuliyyətinin və daxili intizamın formalaşdığı mühüm tərbiyə məkanıdır. Müasir təhsil sistemində vahid məktəbli forması və daxili nizam-intizam qaydalarının tətbiqi şagirdlər arasında sosial-iqtisadi fərqləri aradan qaldırmaq, psixoloji bərabərlik mühiti yaratmaq və təlim prosesində diqqəti yalnız təhsilə yönəltmək məqsədini daşıyır. Bu baxımdan daxili qaydalara riayət olunması məktəb mühitinin sağlamlığı üçün vacib şərtdir”.
O, məktəblərdə müəyyən edilmiş qaydaların tətbiqi zamanı valideynlərlə qarşıdurmaya deyil, qarşılıqlı anlaşma və əməkdaşlığa üstünlük verilməsinin vacibliyini vurğulayıb:
“Nəticə etibarilə, məktəb daxili intizamı və vahid geyim qaydaları ilə güclüdür. Təhsil müəssisələri ilə valideynlər arasında qarşıdurma deyil, sağlam dialoq və əməkdaşlıq mühiti qurulmalıdır. Məktəb qaydalarını dəstəkləmək hər bir vətəndaşın borcudur, çünki bu qaydalar uşaqlarımızın təhlükəsiz, bərabər və keyfiyyətli təhsil almasının təminatıdır”.




