Müəllimlik ixtisaslarında plan yeri azalır: keyfiyyətə necə təsir edəcək?

23 Sentyabr, 2026 - 13:55
Müəllimlik ixtisaslarında plan yeri azalır: keyfiyyətə necə təsir edəcək?

Bir ölkənin təhsil sisteminin keyfiyyəti, ilk növbədə, həmin sistemin yetişdirdiyi müəllimin keyfiyyətindən asılıdır. Buna görə də müəllim hazırlığında əsas sual neçə nəfərin ali məktəbə qəbul edilməsi yox, onların nə qədərinin peşəyə hazır, müasir məktəbin tələblərinə cavab verən və şagirdin inkişafına real töhfə verə biləcək müəllim kimi yetişməsidir.

Son illərdə müəllimlik ixtisaslarına qəbul olanların sayı ilə yanaşı, bu kadrların əmək bazarında real ehtiyaca uyğunluğu və peşəyə hazırlıq səviyyəsi də müzakirə mövzusuna çevrilib. Aşağı qəbul balları ilə müəllimlik ixtisaslarına daxil olan bəzi tələbələrin məzun olduqdan sonra müəllimlərin işə qəbulu imtahanında yetərli nəticə göstərə bilməməsi isə məsələnin yalnız universitetə qəbul mərhələsi ilə məhdudlaşmadığını göstərir.

Bu baxımdan müəllimlik ixtisasları üzrə qəbul planının 32,8 faiz azaldılması müəllim hazırlığında kəmiyyətlə keyfiyyət arasındakı tarazlığın yenidən nəzərdən keçirilməsi kimi qiymətləndirilə bilər. Daha az sayda tələbənin daha yüksək hazırlıqla peşəyə cəlb edilməsi, bir tərəfdən, müəllimliyə qəbulun rəqabətliliyini artıra, digər tərəfdən isə kadr hazırlığının əmək bazarının real tələblərinə uyğunlaşdırılmasına imkan verə bilər.

Ancaq burada daha fundamental sual ortaya çıxır: müəllimlik ixtisaslarında qəbul sayının azaldılması özlüyündə keyfiyyət artımına gətirib çıxara bilərmi? Daha az sayda müəllim hazırlamaqla yanaşı, onların peşəkar səviyyəsini yüksəltmək üçün ali təhsil müəssisələrində hansı mexanizmlər işləməlidir? Və ən əsası, bu dəyişikliklərin nəticəsi bir neçə ildən sonra hansı göstəricilərlə ölçüləcək?

“Azərbaycan müəllimi” bu suallara aydınlıq gətirmək üçün ölkənin əsas müəllim hazırlığı mərkəzlərindən biri olan Azərbaycan Dövlət Pedaqoji Universitetinə üz tutub.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, təhsil və media mütəxəssisi Taleh Mirzəyev bildirib ki, qəbul planında 32,8 faizlik azalma keyfiyyət islahatı üçün əlverişli institusional imkandır: “Burada iki məsələni bir-birindən ayırmaq lazımdır: qəbulun say baxımından optimallaşdırılması və müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi. Elm və təhsil nazirinin açıqladığı məlumata görə, 2026-cı ildə bakalavriat üzrə ümumi qəbul planı 2,3 faiz artdığı halda, məhz müəllimlik ixtisasları üzrə plan yerləri əmək bazarının tələbləri əsas götürülərək 32,8 faiz azaldılıb və 7540 yer müəyyənləşdirilib. Yəni söhbət ali təhsildə ümumi ixtisardan deyil, müəllim hazırlığının daha məqsədli şəkildə tənzimlənməsindən gedir. Təbii ki, bu addımın müsbət təsiri olacaq. Qəbul yerlərinin sayı azalır, amma müəllimlik ixtisaslarını seçmək istəyən yüksək nəticəli abituriyentlərin sayı eyni səviyyədə qalır və ya artırsa, bir yer uğrunda rəqabət güclənir. Bu isə keçid ballarının yüksəlməsinə və akademik hazırlığı daha güclü olan şəxslərin müəllimlik proqramlarına daxil olmasına şərait yarada bilər”.

“Yaxşı müəllimin formalaşması dördillik təhsil prosesinin məzmunundan da asılıdır”

Mütəxəssis qeyd edib ki, qəbul sayının azalmasını avtomatik şəkildə “keyfiyyət artımı” kimi qiymətləndirmək düzgün olmaz: “Universitetə yüksək balla daxil olan tələbə yaxşı ilkin akademik potensiala malikdir, amma yaxşı müəllimin formalaşması dördillik təhsil prosesinin məzmunundan, pedaqoji təcrübənin səviyyəsindən, universitet–məktəb əməkdaşlığından, müəllim namizədinə verilən əks əlaqədən, mentorluqdan və peşəyə adaptasiyadan asılıdır.

Xüsusilə pedaqoji təcrübənin keyfiyyəti mühümdür. Son elmi icmallar göstərir ki, tələbənin məktəbdə sadəcə müəyyən sayda saat keçirməsi kifayət etmir, universitet proqramı, təcrübə məktəbi və mentor müəllim arasında məqsədlər və qiymətləndirmə meyarları uyğunlaşdırılmalıdır.

Ona görə 32,8 faizlik azalmanı özlüyündə keyfiyyət islahatı üçün əlverişli institusional imkan kimi qiymətləndirə bilərik. Əgər daha az tələbəyə daha güclü akademik heyət, daha keyfiyyətli təcrübə, fərdiləşdirilmiş mentorluq və əmək bazarına uyğun proqram təqdim edəcəyiksə, o zaman kəmiyyətin azalması real keyfiyyət nəticəsinə çevriləcək”.

Müsahibimiz müəllimlik ixtisaslarında qəbul yerlərinin azalmasının rəqabəti və nəticə etibarilə keçid ballarına necə təsir edəcəyindən də bəhs edib. O bildirib ki, eyni və ya artan tələb fonunda təklif olunan yerlərin sayı azalırsa, müsabiqə şəraiti gərginləşir və keçid balının yüksəlməsi üçün şərait yaranır. Ancaq bu əlaqə mexaniki deyil. Keçid balını plan yerlərinin sayı ilə yanaşı, həmin il imtahan verən abituriyentlərin nəticələri, konkret ixtisasa maraq, dövlət sifarişli yerlərin sayı və abituriyentlərin seçim davranışı da müəyyənləşdirir”.

“Orta qəbul balının 500-ə yüksəldilməsi strateji hədəf kimi müəyyənləşdirilib”

Tələbələrin universitetə qəbul balı qədər onların məzun olduqdan sonrakı göstəriciləri də əhəmiyyətlidir. T.Mirzəyev qeyd edib ki, 2026-cı ildə normativ müddətdə ADPU-nu bitirərək əmək bazarına daxil olan məzunlardan MİQ imtahanında iştirak edən 901 nəfərinin 805-i, yəni 89 faizi minimum keçid tələbini ödəyərək müsahibə mərhələsinə keçib: “89 faiz işə qəbul göstəricisi deyil, bu, MİQ-in test mərhələsində keçid balını toplamaq göstəricisidir. Bununla belə, müəllim hazırlığının nəticəsini qiymətləndirmək üçün qəbul balına nisbətən daha birbaşa göstəricidir.

ADPU-nun 2030-cu il Strategiyasında da daha yüksək nəticəli abituriyentlərin cəlb edilməsi və universitet üzrə orta qəbul balının 500-ə yüksəldilməsi ayrıca strateji hədəf kimi müəyyənləşdirilib. Eyni zamanda proqramların əmək bazarına uyğunlaşdırılması, məktəblərlə əməkdaşlığın və pedaqoji adaptasiyanın gücləndirilməsi nəzərdə tutulur.

Yəni məqsəd sadəcə daha yüksək ballı abituriyenti qəbul etmək olmamalıdır. Əsas məsələ yüksək başlanğıc potensialını dörd ildən sonra yüksək peşəkar kompetensiyaya çevirməkdir”.

Müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi nə qədər vacibdirsə, bu keyfiyyətli kadrların əmək bazarının real tələbatına uyğun sayda hazırlanması da bir o qədər əhəmiyyətlidir. Əmək bazarının ehtiyacından artıq kadr yetişdirmək yüksək hazırlıq səviyyəsinə malik məzunların belə ixtisasları üzrə işlə təmin olunması məsələsini gündəmə gətirə bilər. Bəs bu gün əmək bazarının müəllimlərə real tələbi nə qədərdir?  

T.Mirzəyevin sözlərinə görə, burada “ölkədə müəllim çatışmır” və ya əksinə, “müəllim artıqdır” kimi ümumi hökm vermək mənzərəni düzgün ifadə etmir: “Qəbul planlaşdırılması yalnız “bu il neçə müəllimə ehtiyac var?” sualına əsaslanmamalıdır. Beş-on illik perspektivdə şagird sayı, müəllimlərin yaş strukturu və təqaüdə çıxması, məktəblərin şəbəkəsi, fənlər üzrə həftəlik dərs yükü, regionlardan miqrasiya və MİQ-də vakansiyaların tutulma göstəriciləri birlikdə modelləşdirilməlidir. Əks halda bu gün qəbul etdiyimiz tələbənin dörd ildən sonra məzun olacağı əmək bazarını deyil, bugünkü vəziyyəti planlaşdırmış olarıq”.
Onun sözlərinə görə, növbəti mərhələdə müəllim hazırlığının keyfiyyətini artırmaq üçün diqqəti qəbulun sayından müəllim hazırlığının bütün dövrünə yönəltmək lazımdır: “Birinci istiqamət təhsil proqramlarının əmək bazarı ilə daha çevik əlaqələndirilməsidir. Proqram yalnız fənn biliklərini deyil, fənnin tədrisi metodikasını, ölçmə və qiymətləndirməni, inklüziv təhsili, sinfin idarə olunmasını, rəqəmsal pedaqogikanı, süni intellekt alətlərindən məqsədəuyğun istifadəni və şagirdlərin sosial-emosional inkişafı ilə işi də əhatə etməlidir.

İkinci məsələ pedaqoji təcrübənin modelidir. Təcrübə son kursda keçirilən ayrıca prosedur olmamalı, ilk kurslardan etibarən müşahidə, mikro-tədris, assistentlik və müstəqil dərs mərhələləri ilə pilləli şəkildə qurulmalıdır. Mentor müəllimlərin seçim və hazırlıq meyarları ayrıca müəyyənləşdirilməli, universitet müəllimi ilə məktəbdəki mentor eyni peşəkar nəticələr üzərində işləməlidir.

Üçüncü istiqamət universitetlərin öz nəticələrini məzun səviyyəsində izləməsidir. Hər proqram üzrə neçə nəfərin MİQ-də iştirak etdiyi, neçəsinin minimum həddi keçdiyi, neçəsinin işə qəbul olunduğu, hansı regionlarda çalışdığı və məktəblərin həmin məzunlar barədə rəyi təhsil proqramının yenilənməsinə təsir etməlidir. MİQ balı yeganə keyfiyyət göstəricisi deyil, amma mühüm geridönüş vasitəsidir.

Dördüncü məsələ isə güclü tələbənin müəllimlik peşəsinə cəlb olunması və universitetdə saxlanılmasıdır. Təqaüd mexanizmləri, fərqlənmə proqramları, tədqiqat və beynəlxalq imkanlar yüksək nəticəli gənclərin pedaqoji təhsili şüurlu şəkildə seçməsinə kömək edə bilər.

Nəhayət, müəllim hazırlığını yalnız universitetin daxili işi kimi görmək olmaz. Universitet, məktəb, MİQ sistemi, müəllimlərin sertifikatlaşdırılması və əmək bazarı arasında düşünülmüş məlumat mübadilə sistemi qurulmalıdır. Hansı proqramın məzunları hansı sahədə yaxşı nəticə göstərir, hansı fənn üzrə regionlarda vakansiya davamlı boş qalır, hansı səriştələr üzrə yeni müəllimlər çətinlik çəkirlər – bütün bunlar növbəti qəbul planına və təhsil proqramına geri qayıtmalı, ciddi əks-əlaqə qurulmalıdır.
Bu baxımdan müəllimlik ixtisasları üzrə qəbulun 32,8 faiz azaldılmasını prosesin başlanğıcı saymaq olar”, – deyə o bildirib.