Nadir Məmmədli: Dilin normativ bazasını inkişaf etdirməliyik
“Biz çıxışlarımızda ancaq deyirik ki, bunu eləmək lazımdır, onu eləmək lazımdır? Bəs çatmayan nədir ki, bunlar edilmir? Çatmayan funksional dilçilikdir, çatmayan praktik dilçilikdir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli ADPU-da keçirilən “Ana dili: kimlik və gələcək” respublika konfransında səsləndirib.
Direktor bildirib ki, qrammatika və yüksək səviyyəli nəzəriyyələrdən danışılır, ancaq onun praktik icrasında müəyyən boşluqlar yaranır: “Harada kimlik varsa, deməli, o, strateji məsələdir. Bu günün strateji məsələsi dil məsələsidir. Dilimizin inkişafı, milli dilimizin inkişafı, dövlət dilimizin inkişafı, elmin strateji istiqamətlərə inteqrasiyası bugünün ən mühüm məsələlərindən biridir”.
N.Məmmədli qeyd edib ki, ölkə başçısının vurğuladığı xüsusi bir istiqamət var: dilçiliyimizin rəqəmsal platformalarla, süni intellektlə uzlaşdırılması və bu, çox mühüm məsələlərdən biridir: “Dünya qloballaşma sistemində bu prosesi çoxdan yaşayır. Bizim üçün ən mühüm problemlərdən biri milli alqoritmlərimizin olmamasıdır. Hazırda biz başqalarının məsələn, ingilisdilli sistemlərin alqoritmləri ilə işləyirik. Bu bizim üçün çox böyük problemdir”.
Dilçi alim etnoqrafiya lüğəti ilə bağlı məsələlərə də toxunub: “Etimoloji lüğətimiz demək olar ki, yoxdur. Necə ola bilər ki, bizim etnoqrafiya lüğətimiz olmasın?! Bu sahədə elə fundamental mənbələrimiz yoxdur ki, onlarla dünya arenasına çıxmaq mümkün olsun. Biz dilçilərimizi buna səfərbər etməliyik”.
O bildirib ki, dilin normativ bazasını inkişaf etdirmək lazımdır.



