Nazir: BDU dünya bilik xəzinəsinə töhfələr verir

12 İyun, 2026 - 18:08
Nazir: BDU dünya bilik xəzinəsinə töhfələr verir

“Bakı Dövlət Universiteti hər birimiz üçün, xüsusilə də Azərbaycan elmi, Azərbaycan təhsili üçün flaqman hesab edilən mötəbər təhsil ocağıdır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Adil Kərimli BDU-nun "Məzun günü"ndə səsləndirib.

Nazir bildirib ki, Bakı Dövlət Universiteti Azərbaycan mədəniyyətinin mühüm daşıyıcısıdır: “Qədim və zəngin Azərbaycan mədəniyyətini təmsil edən Bakı Dövlət Universiteti uzun illərdir ki, dünya bilik xəzinəsinə töhfələr verir. 

BDU-nun Azərbaycan təhsilinin, mədəniyyətinin flaqmanı olması təsadüfi deyil. Ulu Öndər Heydər Əliyev Bakı Dövlət Universitetini Azərbaycanın milli sərvəti hesab edirdi”.

Adil Kərimli bildirib ki, BDU bizim milli sərvətimiz və mədəni dəyərimizdir: “Düşünürük ki, bu mədəni dəyərin yaratdığı təhsil ekosistemi, təhsil atmosferi sizin kimi minlərlə gəncin formalaşmasına, bu ölkənin güclənməsinə, qüdrətlənməsinə və inkişafına böyük töhfələr verir. Bu gün BDU cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət elm və təhsil siyasətinin uğurla həyata keçirilməsində böyük xidmətləri var”.