Nazir gəncləri kənd təsərrüfatı ixtisaslarına maraq göstərməyə çağırıb

13 Oktyabr, 2026 - 14:46
Nazir gəncləri kənd təsərrüfatı ixtisaslarına maraq göstərməyə çağırıb

"İnformasiya texnologiyalarının və süni intellektin inkişafı əmək bazarına da ciddi təsir göstərir. Bu baxımdan artıq bəzi peşələr aktuallığını itirir, yeni peşələr yaranır və ənənəvi fəaliyyət sahələrində yeni bacarıqlara malik mütəxəssislərə tələbat artır".

"Azərbaycan müəllimi" xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan "PeşəFest-2026" festivalında çıxışı zamanı Naxçıvan Muxtar Respublikasının  əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə deyib. 
Nazir bildirib ki, peşə seçimi birdəfəlik qərar deyil. Bu, dövrün tələblərinə uyğun olaraq daim dəyişən bir prosesdir:

"Bu gün bəzi ixtisaslara gənclərin marağının daha az olduğunu müşahidə edirik. Xüsusilə kənd təsərrüfatı istiqamətinə diqqət çəkmək istəyirəm. İnformasiya texnologiyaları sürətlə inkişaf edirsə, təkcə robototexnika mühəndislərinə və kibertəhlükəsizlik üzrə ekspertlərə deyil, eyni zamanda kənd təsərrüfatı və istehsal sahələrində avtomatlaşdırılmış sistemləri idarə edən mütəxəssislərə də geniş tələbat var. Yaxın perspektivdə bu tələbatın daha da artacağı gözlənilir.

Təbii ki, bu gün ölkədə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafıdır. Bu baxımdan gəncləri həmin sahələrə maraq göstərməyə çağırıram".