"Nə üçün çalışdığımı heç vaxt unutmurdum" - IV qrupun birincisi

25 İyun, 2026 - 09:46
"Nə üçün çalışdığımı heç vaxt unutmurdum" - IV qrupun birincisi

Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 7 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticələri elan olunub.

Nəticələrə əsasən, IV ixtisas qrupu üzrə maksimal nəticə göstərən abituriyentlərdən biri Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Əliyeva Aysu Rauf qızıdır. O, imtahanda 400 bal toplayaraq ölkə üzrə ən yüksək nəticəyə nail olub.

 Aysu Əliyeva hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (693.6 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 293.6 bal toplayıb.

Məqsədyönlü gənc həyəcan və sevincini, arzularını "Azərbaycan müəllimi" ilə bölüşüb.   

Uğur yolundan danışan Aysu bildirir ki, 9-cu sinifdən öz üzərində çalışmağa başlayıb. 9-cu sinif buraxılış imtahanında 283 bal toplayan şagird qarşısına daha yüksək nəticələr göstərmək kimi hədəflər qoyub:

"Günümün çox hissəsini oxuyaraq keçirirdim. İlk növbədə özümə inanırdım. Həmişə özümü ağ xalatda təsəvvür etmişəm. Masanın başına keçəndə heç vaxt nə üçün çalışdığımı unutmurdum. 

Bu günə qədər çəkdiyim bütün əziyyətlərin bəhrəsini gördüyüm üçün çox xoşbəxtəm. Bu yolda mənə dəstək olan valideynlərimə, məktəbimə və müəllimlərimə dərin təşəkkür edirəm". 

A.Əliyevanın sevdiyi fənlər fizika və kimya olub. Fizika fənni üzrə bir çox nailiyyətlər əldə edib - Respublika fənn müsabiqələri və olimpiadalarında medallar qazanıb. 

Aysunun sözlərinə görə, imtahana hazırlıq zamanı düzgün rejim, yuxu rejimi çox önəmlidir:

"Təbii ki, günün çox hissəsini oxuyaraq keçirmək lazımdır. Eyni zamanda insan özünü sosial cəhətdən də inkişaf etdirməlidir. Həm də oxuyarkən insan istədiyi peşəni düşünməlidir. Bu insana güc verir və daha da həvəslə çalışmağa sövq edir". 

Abituriyentin məqsədi Azərbaycan Tibb Universitetinə qəbul olmaqdır:

"Arzum rezidenturanı xaricdə oxuyub daha sonra Azərbaycana qayıdaraq ölkəmdə fəaliyyət göstərməkdir".