
Bu gün hər kəs üçün kifayət qədər önəmli yer tutan media anlayışı öz təməlini “Əkinçi” ilə qoyub, toxumlarını onunla cücərdib.
Bu ənənənin təməlini qoyan isə maarifçilik yolunun yorulmaz nümayəndələrindən olan Həsən bəy Zərdabi idi. O, xalqın ehtiyac duyduğu, lakin uzun illər susqun qalan səsini oyatmaq üçün əlinə qələm götürüb. Zərdabi üçün qəzet sadəcə xəbərlərin yazıldığı kağız deyildi. O, xalqın düşüncəsini oyadan, cəmiyyətə ayna tutan bir vasitə, maarifə açılan pəncərə idi.
Bir fikirdən doğan hərəkat
Hələ o dövrdə Həsən bəy Zərdabi yazırdı: "Hər kəsi çağırıram – gəlmir, göstərirəm – görmür, deyirəm – qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur”.
“Əkinçi” qəzetinin 1875-ci ilin iyulun 22-dən nəşrə başlaması Azərbaycan mətbuatı üçün təkcə bir texniki yenilik deyil, həm də ictimai fikir tarixində bir dönüş nöqtəsi olub. İlk dəfə idi ki, xalqın doğma dilində bir mətbuat orqanı nəşr olunurdu.
Qəzetə xəbər yazanların sayı kifayət qədər deyildi. "Əkinçi" ayda iki dəfə 300–400 tirajla nəşr olunurdu. "Əkinçi"nin ilk sayından başlayaraq onun "Daxili xəbərlər", "Əkin və ziraət" xəbərləri, "Elmi xəbərlər", "Təzə xəbərlər" rubrikaları altında müxtəlif məqalələr nəşr edilirdi. Qəzetdə Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Heydərinin Dərbənddən göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun "Vəkili-naməlum-millət" imzası ilə məqalələri dərc olunurdu.
“Köməyimiz az olduğundan və kənar yerlər bir yana, Bakıda baş verən mühüm hadisələrdən də bəziləri bizə vaxtında gəlib çatmırdı. Xarici xəbərləri isə rus, İran, türk, Orta Asiya qəzetlərindən götürməli olurduq", - deyə Zərdabi yazırdı.
Zərdabi savadlı cəmiyyətin formalaşması üçün mətbuatın önəmli olduğunu sübut edib. “Əkinçi”nin səhifələrində kənd təsərrüfatı, təbiət, əxlaq, savad və vətənpərvərlik kimi mövzular sadə dildə, başa düşülən formada xalqa çatdırılırdı. Çünki məqsəd sadəcə yazmaq deyildi, xalqın anlayacağı dildə onunla danışmaq idi.
Adı torpağa bağlı, özü maarifə
"Əkinçi" adını seçmək sadəcə simvolik bir jest deyildi. Zərdabi bu adla həm xalqın ənənəvi həyat tərzinə bağlılığını göstərdi, həm də simvolik olaraq öz qəzetini bir “əkinçi”yə çevirdi. O, cəmiyyətin düşüncə torpağına elm toxumu səpirdi. Hər məqalə, hər xəbər bir toxum idi. O toxumlar illər sonra cücərdi və maarifçi nəslin yetişməsinə səbəb oldu.
İki il, əbədi iz
“Əkinçi” yalnız iki il – 1875-ci ildən 1877-ci ilə qədər yaşadı. Lakin bu qısa zaman ərzində işıq üzü görən 56 nömrəsi ilə yüzillərlə davam edəcək bir məktəb yaratdı. “Əkinçi”nin izi ilə gedən “Ziya”, “Kaspi”, “Molla Nəsrəddin”, “Füyuzat”, daha sonra isə müasir dövrümüzün mətbu orqanları onun ideya davamçıları oldular. Zərdabinin qoyduğu əsaslar Azərbaycan jurnalistikasının düşüncə və missiya xəritəsini müəyyənləşdirdi.
Bu gün “Əkinçi” haradadır?
Artıq hər bir savadlı və düşünən vətəndaş – istər müəllim, istər tədqiqatçı, istər media nümayəndəsi – Zərdabinin açdığı maarif yolunun yolçusudur.
Bu mirası yaşatmaq, onun işığını gələcək nəsillərə ötürmək bizim həm borcumuz, həm də şərəfimizdir. Çünki maarifin əsasını qoyanlar unudulmaz, maarifin mayasını yoğuranlar əbədi yaşar.
“Əkinçi” yalnız keçmişin simvolu deyil. O, bu günümüzün və gələcəyimizin yol göstəricisidir. Biz bu yolu Zərdabinin inamı ilə, onun maarifə olan eşqi ilə davam etdirməliyik. Hər yazdığımız sətirdə, hər yaratdığımız layihədə, hər şagirdə verdiyimiz elmdə “Əkinçi”nin nəfəsi hiss olunmalıdır.
“Əkinçi” sussa da, izi danışır,
Qəzet bağlandı, amma gözlər açıldı!
“Maarifçinin yolu da maarifçi olmalıdır, əməli də…”
Səma Əliyeva,
İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin mütəxəssisi, II “Maarifçi” tələbə-məzun təcrübə proqramının qalibi
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər