Hazırda Udemy müstəqil müəllimlərin öz kurslarını təqdim etdiyi və təcrübələrini bölüşdüyü əsas onlayn öyrənmə platforması sayılır.
Milyonlarla insanın təhsil həyatında rolu olan Udemy platforması bu il 15 yaşını qeyd edəcək. Platformanın qurucusu Eren Bali Türkiyənin Malatya vilayətində kiçik bir kənddə anadan olub. Cəmi bir sinif otağı olan ibtidai məktəbdən sonra Eren təhsilini liseydə davam etdirib, beynəlxalq riyaziyyat olimpiadasında gümüş medal qazanıb.
E.Bali Türkiyənin məşhur Orta Doğu Texniki Universitetində (ODTÜ) kompüter mühəndisliyi üzrə təhsil alarkən dostu Oktay Çağlar ilə birlikdə sahibkarlıq fəaliyyətinə başlasa da ilk layihələri uğursuz olub.
Udemy-ni qurmaq ideyası isə Eren Balinin Oktay Çağlar və Gaqan Biyani ilə keçirəcəkləri bir seminar üçün xaricdən müəllim dəvət etmək təklifinin müzakirəsi zamanı yaranıb. Seminara xaricdən akademik gətirməyin həm vaxt, həm də pul itkisi olduğunu düşünən dostlar müəllimlərin onlayn təhsil verə biləcəyi bir sistem qurmaq üzərində işləməyə başlayıblar. Onlar bunu Udemy-nin başlanğıcı sayırlar. Gənc startapçıların əsas məqsədi təhsildə bərabərliyi təmin etməklə öyrənmək prosesini asanlaşdırmaq və hər kəsə onlayn dərslər imkanı vermək idi.
1. Bali hazırladığı platformanı Türkiyədə inkişaf etdirməyə çalışsa da istədiyi nəticəni ala bilməyib. O, ABŞ-də Silikon Vadisində SpeedDate adlı bir şirkətdə işləməyə başlamaqla Udemy-nin yaradılması üçün investorlar cəlb etməyi bacarıb.
Bu investisiyalarla Udemy onlayn təhsil sektorunda özünü təsdiqləyə bilib.
Vaxtı ilə 57 investordan rədd cavabı alan Eren Bali və dostları Silikon Vadisində milyard dollarlıq ilk türk şirkəti qurmağa nail olublar.
Udemy-nin rəsmi yaranma tarixi 20 yanvar 2010-cu ildir. Zamanla həm istifadəçilərini, həm də təlimatçılarını artıran Udemy investorlar şəbəkəsini genişləndirməklə böyüməyə və inkişaf etməyə davam edir.
“Udemy” sözünün mənası platformanın şüarı olan “Academy of you” deməkdir. Udemy-nin öz hədəflərində qeyd edir ki, “təhsilin arzu edənlər üçün hər yerdə və istənilən vaxt əlçatan olmasını təmin etmək əsas məqsədimiz olub. Təhsil hər kəsin əsas hüququ və gələcək imkanları üçün açardır”.
Bu gün Udemy müxtəlif yaşlı tələbələrə çox müxtəlif sahələri əhatə edən 200000-dən çox ödənişsiz və ödənişli kurslar təklif edir.
Burada kurslar dizayn, marketinq, musiqi, maliyyə və mühasibatlıq, biznes və şəxsi inkişaf kimi mövzuları əhatə edən 13 kateqoriyaya bölünür. Bunlar daha çox alt kateqoriyalara bölünərək saytdan istifadəni asanlaşdırır.
Tələbələr Udemy kurslarında video mühazirələr, viktorinalar və təlimatçılar tərəfindən təyin olunan digər qaynaqlar vasitəsilə öyrənə bilərlər.
Buradakı ödənişli kurslar daha çox xüsusiyyətlərə malikdir və şəxsi CV-lərə əlavə oluna bilən xüsusi sertifikatlar da təqdim edir.
Ödənişli kursların qiyməti 10 dollardan 199 dollara qədərdir. Bununla belə, saytda tez-tez bir sıra endirim kampaniyaları da reallaşdırılır. Ona görə də bahalı kursları əldə etməzdən əvvəl araşdırmalar aparmaq yaxşı olar. Bəzən onlayn kurslara 50 faizə qədər endirim edilir.
Bu platformada tələbələr kurslarını başa vurmaq üçün istədikləri qədər vaxta sahibdirlər və onlara ömür boyu materiallara giriş hüququ verilir. Bu, tələbələrə öyrənməni öz sürəti ilə aparmağa və onu digər öhdəliklərlə və başqa məşğuliyyətləri ilə uyğunlaşdırmağa imkan verir.
Statistikaya görə, 2022-ci ilə qədər, dünyada təxminən 52 milyon Udemy istifadəçisi qeydə alınıb. Saytda, həmçinin 74000-ə yaxın peşəkar təlimatçının olduğunu göstərən rəqəmlər də açıqlanıb.
İnsanlar Udemy-nin fəaliyyətini qiymətləndirərkən “İşdən sonra boş vaxtlarımda öyrənmək imkanından çox məmnunam” deyirlər.
Sayt COVID19 pandemiyası zamanı şagird və tələbələr arasında daha çox populyarlaşdı. Həmin dövrdə insanlar evlərinə qapanarkən bacarıq və biliklərini genişləndirməyə səy göstərirdilər.
Platforma həm tələbələr, həm də müəllimlər arasında çox populyardır. Udemy kurslarından öz işçiləri üçün istifadə edən bir sıra tanınmış şirkətlər var.
Bunlara misal olaraq Adidas, Booking.com və Lyft daxildir.
Upskillwise Udemy-ni tələbələr üçün ən böyük kurslar bazasına malik onlayn öyrənmə platforması seçib. O, həmçinin ən yaxşı onlayn öyrənmə platformalarının adı çəkilən məqalələrdə ilk 10-luğa daxil edilib.
Udemy modelinin insanlar arasında bu qədər uğurlu olmasının bir çox səbəbi var.
Təxminən 80 dildə fəaliyyət göstərməkdən tutmuş qapalı altyazı və qeydlər kimi unikal funksiyaları təklif edən platforma mükəmməl onlayn öyrənmə alətinə çevrilib.
Saytda ödənişsiz əldə edilə bilən onlayn kursların sayı Udemy biznes modelinin uğurunun əsas hərəkətverici qüvvələrindən biridir.
İnsanlar Udemy kurslarında öyrənməyə başladıqda, əldə etdikləri biliklərin həyatlarına fayda gətirdiyini və təhsillərinə kömək etdiyini gördükdə sonradan daha məzmunlu və ödənişli kurslara da yazılmağa meyilli olurlar.
Mütəxəssislər qeyd edir ki, Udemy platformasının bu qədər uğurlu olmasının səbəblərindən biri odur ki, o, tələbələrə əlverişli vaxtda və sərfəli qiymətlərlə yeni bacarıqlar öyrənmək imkanı təqdim edir.
Mənbə: “Azərbaycan məktəbi” jurnalı
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)