Müəllim var yalnız fənnini tədris edir, müəllim isə var, həm tədqiq edir, həm öyrənir, həm də sevdirir. İnnovativ müəllim elm aləminə məlum olan biliklərlə kifayətlənməməli, daim yeniliklər axtarışında olmalı, öyrəndiklərini gənc nəsillərə ötürməlidir.
Budəfəki həmsöhbətimiz Gədəbəy rayonu Y.İsgəndərov adına Arıqıran kənd tam orta məktəbinin biologiya müəllimi Rəfi Həsənovdur. 33 ildir ki, adıçəkilən məktəbdə biologiya müəllimi olaraq fəaliyyət göstərən Rəfil müəllim pedaqoji fəaliyyəti dövründə hər zaman fəal olub, kollektivin dərin hörmətini qazanıb.
Onunla söhbətimiz təsadüfi deyil. Rəfi müəllimin heyvalara, quşlara və bitkilərə olan sevgi sorağı qəzetimizə qədər gəlib çatıb.
Rəfi müəllim “Azərbaycan müəllimi” qəzetinə təbiətin bizə bəxş etdiyi nemətlərə olan sevgisindən və onların qayğısına qalmağın yollarından danışıb.
Qeyd edək ki, Rəfi müəllim el-oba və onu tanıyanların böyük maraq dairəsindədir. Çünki, biologiya müəllimi öz həyətində saxladığı müxtəlif cür vəhşi çöl heyvanları, quşların qayğısına qalır və yabanı bitkilər yetişdirir. Nəsli kəsilmək üzrə olan porsuq, tülkü, çöl dovşanı, çaqqal, tısbağa, oxatan kirpi, xərçəng, qartal, qızılquş, qırğı, göyərçin və s. kimi canlılar bəslədiyi heyvanlar və quşlar sırasındadır. Eyni zamanda Rəfi müəllim bizi həyətində heyvanlar üçün yaratdığı şəraitlə yaxından tanış etdi.
“Özümə məxsus dərs demə praktikalarım var”, - deyir müəllimimiz…
“Biri var tədris proqramında olan mövzulara müraciət edəsən, onların izahını çatdırasan, biri də var ki, əyani göstərəsən. Uşaqlar ən çox göstərilən tablolara inanırlar. Tablolar onlara daha maraqlı görünür. Mən uyğun mövzulu dərslər zamanı öz tablomda canlı heyvanları, quşları, böcəkləri, bitkiləri, ayrı-ayrı növ heyvanları, onların maketlərini göstərəndə şagirdlərdə dərin maraq oyanır. Laboratoriya şagirdlərə çox maraqlı gəlir. Hər hansısa bitkinin bir hissəsinə mikroskop altında baxmaq onlarda sevinc yaradır. Onlar diqqətlə baxır və təcrübə edirlər. Belə dərslərimiz şagirdlərin yaddaşında daha yaxşı qalır və daha yaxşı mənimsəyirlər.
Əyanilik vacibdir. Bir gün xərçəngkimilər sinfi dərsimizin mövzusu olanda şagirdləri Başkənd gölünə apardım. Onlarla bərabər xərçənglərdən birini tutduq, sonra onu laboratoriyaya apararaq onun üzərində dərsimizi izah etdim. Lakin ucqar kənd məktəbinin müəyyən problemləri olur. Laboratoriyamız çox da zəngin deyil, çətinliklərimiz çoxdur. Buna baxmayaraq əlimizdən gələni edirik. Nəticə etibarilə, bu cür praktiki dərslər həm mənim təcrübəmdən, həm də təbiətə vurğunluğumdan, bağlılığımdan irəli gəlir. Təbiəti sevdiyimə görə çalışıram ki, şagirdlər də, gənc nəsil də təbiəti sevsinlər, ona hörmət və minnətdarlıqla yanaşsınlar”.
Biologiyanı yeni öyrənməyə başlayan şagirdlərə ünvanladığı ilk və əsas sual:
Niyə biz təbiətə “Ana təbiət” deyirik?
“Bu suala şagirdlər tərəfindən müxtəlif cavablar gəlir. Əksər hallarda aşağı sinif şagirdlərinin cavabı məni qane etmir. Onlar bu sualın cavabında çətinlik çəkirlər. Onlara izah edirəm ki, biz təbiətdən yaranmışıq və hər bir canlı yaşadığı müddətdə təbiətin nemətlərindən qidalanır, tənəffüs edir və zövq alır. Bunların hamısı təbiətin bizə bəxş etdikləridir. İlk olaraq deyirəm ki, buğda bitkisindən un məmulatları alırıq, suyu təbiətdən əldə edirik və susuz, qidasız, havasız yaşaya bilmərik. Bu nümunələrin hamısını onlara aşılayıram ki, bu sualın məğzinə varsınlar. Bax, bunlara görə biz təbiətə “Ana təbiət” deyirik.
Əbədiyyət zənciri - “Bilirsinizmi, canlılar təbiətdə böyük bir zəncir təşkil edir. Buna deyirlər, “əbəbiyyət zənciri”. Bunlar hamısı bir-birinə bağlı halqalardır. İnsan da bu əbədiyyət zəncirinin bir halqasıdır və ən şüurlusudur. “Nəsil ağacı” adlı biologiya dərsində ağac tərtib edirik. İnsan bu tərtibatın lap yüksək hissəsində durur. Canlılar arasında instinktiv vərdiş edənlər var. İnstinkt bir vərdişdir.
Məsələn, kəpənək bilmir ki, çiçəyə niyə qonub, yemi niyə topladı, yumurtanı nəyə görə qoydu. Bunları anlamır. Bunlar yaradıcı qüvvənin verdiyi instiktiv vərdişdir. Biri də var düşüncəli fəaliyyət. Heyvanlar arasında bəziləri düşüncəli fəaliyyətə malikdir. Meymunlar banan ağacında bananı görür və banana əli çatmayanda ayağının altına hər hansı qutu qoyur, yenə əli çatmır, beləcə əli çatana qədər cəhd edir və ona nail olur. Buna düşüncəli fəaliyyət deyirlər. Amma insanlar “əbədiyyət zənciri”ndə dərin təfəkkürə malikdirlər. Mən şagirdlərə aşılayıram ki, biz bu “əbədiyyət zənciri”nin etibarlı halqası olmalıyıq. Biz qoymamalıyıq ki, o zəncir qırılsın. Təəssüf ki, biz bəzən bu zənciri qıra bilirik və ya qırılmaq təhlükəsi ilə üz-üzə qalırıq. Bu baxımdan da “Qırmızı kitab”ımız var. Bu gün adi heyvanlar, nəsli kəsilməkdə olanlar bu kitabda cəmləşib”.
Rəfi müəllimin həyətində olan heyvan və quşlar hansılardır?
“Həyətimdə olan heyvanlardan biri porsuqdur. Porsuğu ona görə xüsusilə qeyd edirəm ki, nəsli kəsilmək üzrədir. Mən dağları gəzirəm, amma onlara rast gəlmirəm. Adətən, çoban itləri tərəfindən və ya ətindən, yağından dərman əldə etmək məqsədilə məhv edilir. Günlərlə axtardıqdan sonra bir gün onu tapdım. İstəyim onun sayını artırıb yenidən ana təbiətə əmanət etməkdir. Porsuq tez əhilləşən vəhşi çöl heyvanıdır. Zaman var idi ki, porsuqlar bizim kəndin ərazilərinə yaxın, əhalinin az yaşadığı yerlərdə məskunlaşmışdılar. Ziyanverici heyvan deyillər, meyvə ilə qidalanırlar.
Mən saatlarla onun qarşısında dururam. Ona yemək verirəm, onu sığallayıram. Məndən başqa kimsə ona yaxınlaşanda qaçmağa çalışır. Siz ona yaxınlaşmaq istəsəniz qaçmağa cəhd edəcək. Lakin mən onun yanına gedəndə, o, bilir ki, mən kiməm. İxtisasım olduğuna görə onun yeməyini nə vaxt vermək lazım olduğunu, qış yuxusuna getmək vaxtını bilirəm. Onun üçün yer hazırlamışam. Çöldə olan bütün təbii şəraiti bağçamda onun üçün hazırlamışam. Onun üçün rahatçılıqdır.
Digərləri tülkü, dovşan, çaqqal, xərçəng, qartal, tısbağa, oxatan kirpi, qızılquş, qırğılar və sairdir, onlarla şəxsən məşğul oluram. Hətta, yabanı bitki olan “ayı döşəyi” və “cökə”ni də bağçamda yetişdirirəm. Heyvanlara gəldikdə isə bir gün qərara gəldim ki, qırğıların üçünü bir yerdə saxlayım, amma orda yanılmışdım. Bir-birlərini məhv etməyə başladılar. Tez onları azad etdim. Qeyd etdiyim quş və heyvanlardan bəziləri indi həyətimdə yoxdur, çünki onları artıq təbiətə geri qaytarmışam.Tısbağa isə bəzən gözə dəyir, bəzən isə qonşu bağçalara üz tutur.
Bir dəfə yolda oxatan kirpi il qarşılaşdım. Maşın onu başından zədələmişdi. Kirpini evə aparıb onu sağaltmaq üçün dərmanlar istifadə etdim, onunla xeyli məşğul oldum, təəssüf ki, sağalmadı. Oxatan kirpi çox gözəl və ecazkar heyvandır. Onun oxlarında müəyyən vəzlərin ifraz etdiyi zəhər var. Həmin oxlar heyvanları zəhərləyir.
Sonra ovlanması qadağan olunan vağlar var. Vağ quş növüdür. Ağ və kürən vağlar var. Kürən vağlar bizim kəndin yaxınlığında məskunlaşmışdı. Şam ağacında 6-7 nəsil artırdılar, sonra köçdülər. Mən onların yerlərini bilsəm belə, heç kimə demirdim. Onun balasından biri yuvadan düşüb ölmüşdü. Onu gətirib laboratoriyaya qoydum. Uşaqlar maraqla baxırlar”.
Çöl heyvanlarını və quşları bağçada yerləşdirib, onların qayğısına qalmaqda məqsədinin nə olduğunu soruşduqda həmsöhbətimiz belə dedi:
“Məqsədim onların davranış qaydalarını, hərəkətlərini, xüsusiyyətlərini öyrənməkdir. Bəzən olur ki, elmə daxil olmayan başqa-başqa məqamlar olur. Bu məqamları heyvanlarda tapıb, sonradan məktəbdə tədris etmək və daha dərindən onların xüsusiyyətlərini göstərmək niyyətindəyəm. Kitablarda çox qısa məlumat verilir. Heyvanlar saat neçədə yemək yeyirlər, saat neçədə yuvada olur, gecə həyatları hansı saat aralığında olur və s. kimi. Balaları böyüdükdə onları yuvadan qovurlar və balalar özlərinə yeni yuva axtarmağa başlayırlar. Bunların hamısını müşahidə edirəm.
Məsələn, kitabda qiyabi olaraq heyvanın şəklini görürük, onun şəklini çəkirik. Lakin yaxından heyvanla təmasda olanda, ona qulluq edib saxlayanda görürsən ki, bunda ayrı-ayrı xüsusiyyətlər var. Bu xüsusiyyətləri elmə daxil etmək özü də böyük bir işdir. Və biz bunu bacarmalıyıq.
Digər məqsədim isə nəsli kəsilməkdə olan heyvanları saxlayıb nəslini artırmaq, sonra onları yenidən təbiətə qaytarmaqdır. Onların nəslinin kəsilməsinin qarşısını almağı planlaşdırıram. Həm quşlarda, həm heyvanlarda, həm də bitkilərdə. Bu yöndə çox maraqlıyam”.
Bəs, təbiətin canlılarına sevgidən əlavə onları araşdırıb öyrənmək biologiya müəllimi olmaqdan irəli gəlir, yoxsa bu xüsusiyyət sizin xarakterinizdə var?
“ Bu, mənim marağımdan irəli gəlir. Çünki, mən əvvəlcə bu elmə həvəsli olmuşam, sonra bu sahəni seçmişəm. Mənim qanımda, genimdə təbiətə bağlılıq var. Bu sahəyə azyaşlı şagird dövrlərimdən marağım olub. Təbiəti, heyvanları sevmişəm. Vətənə bağlılıq, onun canlılarına, cansızlarına bağlılıq məndə var. Mən onun adi bir cansızı ilə də danışa bilirəm. Dayanıram, baxıram, fikirləşirəm bu qaya görkəmi, bu dağ görkəmi, bu daş görkəmi. Önündə dururam, saatlarla fikirləşirəm. Görürsən ki, insan var gözəl otlaq sahəsi ilə, çəmənliklə gedir, o gülləri, çiçəkləri ayaqlaya-ayaqlaya gedir, amma fərqinə varmır ki, burada hansı bitkinin nə cür gözəlliyi, onun necə ətri var. Mən sadəcə onun hamısına baxıram, analiz edirəm. Balaca bir fidanın qarşısında dayanıram, onunla söhbət edirəm. Ona deyirəm ki, kaş sən də böyüyəsən, ağaclar kimi olasan, biz sənin kölgəndə dincələ bilək. Heyvanlara sevgim dediyim kimi uşaqlıqdandır. Yaralısı olur, xəstəsi olur, yağışa, borana, çovğuna düşəni olur, qanadı qırılan olur. Onların qayğısına qalıram. Gətirirəm həyətə, ona dərman verirəm, bəsləyirəm, saatlarla onlarla məşğul oluram. Təbii ki, onlar təbiəti sevirlər. Onlara azad səma lazımdır, onların yaşadığı xüsusi areallar, ərazilər var. Orada yaşayırlar. Amma gətirib onları ev şəraitində saxladıqda bəziləri uyğunlaşır. Canavarlar isə təlim uyğunlaşan heyvan deyil”.
Rəfi müəllimin maraqlı məşğuliyyətinə şagirdləri necə yanaşır:
“Əlbəttə ki, şagirdlər çox maraqlanırlar. Dərsdən sonra mənim bağçama gəlirlər. Heç xəbərim olmur, bir də baxıram ki, hamısı bağçadadır. Mən onlarla görüşürəm. “Müəllim, bunu göstərin, onu göstərin”,- deyirlər. Həyətdən getmək istəmirlər. Onların maraqla yanaşması məni xoşbəxt edir. Dərsləri əyani üsullarla tədris etməklə onlarda təbiətə hörmətlə yanaşmağı aşılayıram. Bax, belə olduqda floramıza, faunamıza qarşı onlarda böyük həvəs yaranır. Bəzən xahiş edirlər ki, bizi yaylağa aparın. Xahişlərini yerə salmıram. Aparıram onları təbiətə, orada onlar üçün alaçıq qururam, uyğun vaxtlarda onları ekskursiyalara aparıram. Bax, belə həyata davam edirik”.
“Qabaqcıl müəllim” necə olmalıdır...
“Qabaqcıl müəllim olmaq üçün insan öz üzərində həmişə işləməlidir. Məsuliyyətli, nizam-intizamlı olmalıdır, elmdən ayrılmamalıdır. Mütaliə etməlidir. Dərslərdə praktikanı unutmamalıdır. Ən əsası, müəllim peşəsi şərəfli peşədir. Müəllim vicdanlı olmalıdır. Həmçinin, şəxsiyyətyönümlü olmaq lazımdır, şagirdlə şəxsiyyət kimi davranmalı, onun arzu və istəklərini nəzərə almalıdır. Bax belə olanda hər şey gözəl olur və irəliyə doğru addım ata bilirsən”.
33 illik pedaqoji fəaliyyətin ən yadda qalan anı:
“May ayında uşaqları ekskursiyaya aparmışam. Təbiətin şıltaqlıqları çox olur. Həmin gün səhər günəşli idi. Amma günorta yağış başladı. Heç bir şagird çətir götürməyib. Bütün şagirdlər və mən islandıq. Sonra yığıldıq bir yerə, ocaq qaladıq. Paltarlarımız quruyandan sonra yola davam etdik, lakin, çayda selə düşdük. Bunların hamısını çəkilişə alıb saxlayıram. Maraqlı və unudulmaz gün idi”.
Rəfi müəllim oxuculara öz fikirlərini çatdırdı
“Oxuculara birincisi, oxumağı tövsiyə edirəm. İndi oxuyanların sayı azalıb. Oxumaq lazımdır. Digər tövsiyəm isə heyvanları, bitkiləri sevməkdir. Dediyim kimi, hər şeyi sevmək lazımdır. İstər təbiətə, istər təbiətdə olan canlılara, vətənimizə, xalqımıza qarşı sevgi olmalıdır. Arzu edirəm ki, bizim qəlbimizdən tanrı sevgini almasın”.
Məlumat üçün bildirək ki, Rəfi müəllim bədii yaradıcılıqla da məşğuldur. Yaxın zamanlarda şeirlər toplusundan ibarət kitabı işıq üzü görəcək.
Aişə MƏMMƏDOVA,
Qazax-Tovuz regionu üzrə təmsilçi
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)