Bütün xəbərlər
test
8 oktyabr, 17:36

Maksimum dərəcədə uşağın boş vaxtının qalmamasına çalışmaq lazımdır

“Sinfimizdəki Ayxan bizimlə oynamır...”, “Müəllim, Ayxan bu gün dərsə gəlməyib”,  “Ana, Ayxan bu gün mənimlə dalaşdı”, “Biz Ayxanla daha bir yerdə gəzmirik, o bizi incidir”, “Ayxan bu gün partanı sındırdı”, “Müəllim, Ayxan mənim pulumu oğurladı“, “Ayxan mənim saatımı götürdü”, “Sinfimizdəki Ayxan evlərindən pul oğurlayır”, “Ayxan anasını döyüb!”, “Ayxan daha dərsə gəlmir”...

Ayxan daha nələr edə bilər? VI sinifdə oxuyandan bəri hər gün dəyişir və bu dəyişikliklər bir ailənin, bir sinfin, bir məktəbin, bir məhəllənin gözü qarşısında baş verir. Hər gün dəyişən – özü, davranışları, xarakteri başqalaşan Ayxanı sinif yoldaşları, qardaş-bacısı, ata-anası, müəllimləri, qonşuları arasında görən oldumu?

Ayxan hər gün dəyişdi. Bir gün yuxulu, bir gün aqressiv, bir gün yorğun göründü, o biri gün solğunlaşdı. Bu gün isə gözləri çuxura düşüb…

Ayxan günü-gündən kobudlaşdı. Göz önündə özünə qapanan, məktəbdə cibə girən, çantaları qarışdıran, partaları söküb, pəncərələri qıran Ayxan axır vaxtlar evdən pul oğurlayır, anasının qızıllarına göz dikir, atasına təzyiq göstərir, nənəsindən pensiyasını ona verməyi tələb edirdi. Ayxan üçün “yox” kəlməsi qəbuledilməz idi, onu özündən çıxarırdı. Son vaxtlar isə ona, ümumiyyətlə, istədiyini verməmək mümkünsüz idi... Və son. Ayxanla bağlı bir xəbər onun oxuduğu məktəbdə, yaşadığı məhəllədə işıq sürəti ilə yayılır: “Ayxanı tutublar”.

Ayxanın həbsolunma səbəbi müxtəlif ola bilər. O, bir adam öldürmüş də ola bilər, bir ailə də məhv edər. Çünki elə bir bəlaya düçar olub ki, bəlanın özü belə onun azadlığını məhdudlaşdırmağa yetərli səbəbdir. Ayxan narkotikə qurşanıb.

Kimyəvi maddələrdən asılılıq: onlar əvvəllər psixi pozuntulardan əziyyət çəkiblər

Professor, psixiatr, narkoloq Araz Əliquliyevin fikrincə, uşaqlar üçün bu təhlükənin adı “asılılıqdır” və sadəcə narkomaniya ilə məhdudlaşmır: “Uşaq və yeniyetmələrə mənfi təsir göstərən amillər çoxdur. Asılılıq yaradan psixotrop maddələr, narkotik və s. insanın psixologiyasına təsir göstərir, nəticədə psixi davranış pozğunluqlarına gətirib çıxarır. 

Siqaret, marixuana, narkotik və psixotrop maddələrin istifadəsinin qarşısını almaq üçün ilk növbədə uşağın psixi sağlamlığının dəyərləndirilməsi şərtdir. Onun çətinliyi, problemləri, emosional durumu mütləq qiymətləndirilməlidir. “Psixi pozuntular asılılıq yaradır”, - deyən A.Əliquliyev ilk növbədə problemin sağllamlıq baxımından nəticələrinə diqqət çəkib: “Asılılıqlar insanın həyatını dəyişdirir, psixi davranışına mənfi təsir göstərir, insanı bir çox şeydən məhrum edir. Asılılıqlara gətirib çıxaran səbəbləri araşdıranda görürük ki, uşaqlıqdan inkişafın xüsusiyyətləri çox böyük rol oynayır. Elmi tədqiqatlar göstərir ki, asılılığı olanlar öncəsində psixi pozuntulardan əziyyət çəkiblər. Belə xəstələrin xəstəlik tarixçəsindən görünür ki, 40-45 faizi özündə psixi pozuntular müşahidə ediblər. Məsələn, hiperaktivlik, şəxsiyyət pozuntuları, diqqətin yayınması, ailədə olan ab-hava, xroniki və kəskin stresslər, autizm spektrinə aid olan pozuntular, stressreaksiyalar, təşviş-həyəcan kimi problemlər yeniyetmə yaşlarında çox vaxt uşaqları bu və ya digər kimyəvi maddələrdən istifadəyə təhrik edir”.

Məktəbin məsuliyyəti

Narkoloq A.Əliquliyevin fikrincə, ailədə olduğu kimi, məktəbdə də uşağın inkişafı, təlim-tərbiyəsinə ciddi fikir verilməli, davamiyyəti izlənməlidir: “ Şagirdlərin kiminlə oturub durduqlarına, ünsiyyət qurduqlarına, nələrə maraq göstərdiklərinə valideynlərlə birlikdə məktəb də nəzarət etməlidir. Bunun üçün məktəblərdə sinif rəhbərləri və psixoloqlar uşaqlarla işləməli, davranışlarını müşahidə altında saxlamalıdırlar. Xüsusən psixoloqların üzərinə düşən məsuliyyət daha böyükdür. Onlar hər şagird barədə məlumat bazası yaratmalıdırlar. Burada uşağın ailəsi, durumu, emosional vəziyyəti barədə məlumat əksini tapmalıdır. Çünki məktəblinin məktəbdə, ailədə, əhatəsində olanlar, baş verənlər tərbiyəsinə, dünyagörüşünə təsir edən hallar asılılıq yaradan maddələrdən istifadəni şərtləndirə bilər. Hesab edirəm ki, məktəb formalaşmaqda olan insanlara bilikdən çox, başqa bacarıqlar, müsbət vərdişlər qazandırmalıdır. İnsanın dünyagörüşü məktəbdə formalaşdırılmalı, uşağın təlim-tərbiyəsində məktəb iştirak etməlidir. Məsələn, maraqlarını müəyyənləşdirib onları düzgün yönləndirmək lazımdır. Sağlam həyat tərzi, idman təbliğ olunmalıdır. İnsana özünüdərk, özünü sevmək öyrədilməlidir ki, pis vərdişlərdən uzaq dursun”.

Narkoloqun fikrincə, məktəb psixoloqları gözləməməlidirlər ki, uşaq nəsə etsin, sonra valideyni çağırıb söhbət eləsinlər. Açıq qapı günləri keçirməli, valideynlərlə söhbət aparmalı, şagirdlərlə mütəmadi işləməlidirlər: “Valideyn uşağı gətirib məktəbə təhvil verirsə, hər məsuliyyəti də ona verir. Təhsil müəssisələri məqsədləri olan, məramını düzgün tənzimləyən insan yetişdirir. Tək narkotikdən, yaxud başqa asılılıqlardan söhbət getmir, insanın ailəsinə, cəmiyyətə münasibətindən söhbət gedir. Asılılıqlarla bağlı ən böyük problem ondadır ki, hamı onun nəticəsini görür, amma səbəblərini yox. Halbuki insanın, tutaq ki, narkotikdən asılılığını hüquq-mühafizə orqanları aşkarlayır və bu vaxta qədər o, böyük bir yol keçir. Bu asılılıq evdə, əgər evdə ailə üzvlərinin biliyi, dünyagörüşü çatmırsa, məktəbdə aşkarlana bilər. Uşağın ətrafında saysız-hesabsız insan - ata-ana, qardaş-bacı, onlardan yayınanda məktəbdə müəllim, psixoloq, cəmiyyət - ailə komitələri və s. var. Problemi hansısa nöqtədə aşkarlamalı, insanı tamamilə məhv olma nöqtəsinə çatmadan xilas etməlidirlər”.

Valideyn və məktəb nə vaxt hərəkətə keçməlidir?

Bəs asılılığa düçar olan uşağı necə tanıya bilərik? Mütəxəssisin fikrincə, təhlükə bir çox əlamətlərlə özünü göstərə bilər: “Uşağın texnologiya ilə məşğul olması gün ərzində 5 saatı keçməməlidir. Kompüterdə, telefonda daha çox məşğul olursa, bu, problemdir, prosesin asılılığa doğru getdiyinin siqnalıdır. Uşağın davranışı da burada çox şey ifadə edir. Ünsiyyətdən qaçır, sosiallaşmır, dost-rəfiqələrindən uzaqlaşır, özünə qapanıb otağından çıxmır, sanitar-gigiyenik qaydalara əməl etmir, məsələn, əl-üzünü, dişini yumur, əyin-başına, geyiminə diqqət etmir, yemək və iştahında problem yaranırsa, bütün bunlar həkimə müraciət etmək üçün səbəbdir. Həkim isə durumu dəyərləndirir. Ehtiyac varsa, uşağa dərman təyin edilməli, yaxud psixoterapiya keçirilməlidir”.

Asılılıq və ictimai məsuliyyət

Asılılıqlar, xüsusən kimyəvi asılılıqlarla mübarizədə QHT-lər, ictimai təşkilatların bu prosesdə iştirakı çox vacibdir. Sadəcə ailə və məktəb yox, cəmiyyət də məsuliyyəti bölüşür: “İctimai təşkilatlar, bu sahədə ixtisaslaşan qeyri-hökumət təşkilatları prosesə mütləq cəlb olunmalıdır. Gənclər və İdman Nazirliyi Elm və Təhsil Nazirliyi ilə birgə işləməli, layihələr hazırlanmalı, qrant ayrılmalı və QHT-lər də prosesə cəlb edilməlidir. Tədqiqatlar, sorğular aparılmalı, ard-arda təlimlər keçirilməli, idman yarışları, məktəblərarası çempionatlar, yay düşərgələri təşkil etməlidirlər. Maksimum dərəcədə uşağın boş vaxtının qalmamasına çalışmaq lazımdır”.

A.Əliquliyev ölkəmizdə narkortiklərə qarşı nəinki mübarizənin, hətta təbliğatın da düzgün qurulmadığı qənaətindədir: “30 ildən yuxarıdır bu sahədə təcrübəm var. Xaricdə bir çox mütəxəssislərlə, qurumlarla çalışdığıma görə bu prosesin necə getdiyinə az-çox bələdəm. Avropada hər hansı bir konfrans o vaxt maliyyələşir ki, hansısa böyük bir proqramın nəticəsi olaraq hesabat təqdim olunur. Ölkəmizdə isə dövlət qurumlarının nümayəndələri yığışaraq biri-birinə narkotikin pis alışqanlıq olmağından danışırlar. Yəni narkotiklərə qarşı təbliğat məqsədilə toplaşdığımız auditoriyanın bu mövzuya heç bir aidiyyatı yoxdur və toplaşanlar narkotikin nə olduğunu kifayət qədər yaxşı bilirlər. Bu durumda nəticə belə olur:  Özümüz  deyib, özümüz eşidirik. Nəticədə cəmiyyətdə baş verənlərə bu təbliğatın təsiri olmur, çünki burada danışılanların birbaşa aid olduğu insanlar bu auditoriyadan çox uzaqdadırlar”.

Narkotik qədər təhlükəli asılılıqlar

Amma təhlükəliliyinə görə kimyəvi asılılıqlardan heç də geri qalmayan internet, kompüter, mobil telefon asılılığı kimi qeyri-kimyəvi asılılıqlar da var. Üstəlik, siqaret, spirtli içkilər, yüngül psixotrop maddələrdən istifadə 13-15 yaşlı uşaqlar arasında rast gəlinəndirsə, sosial şəbəkə, internet, kompüter, mobil telefon asılılığı daha aşağı yaşlardan başlayır”.

Valideynlərdən gələn təhlükə: texnoloji asılılıq

Hər iki qrup təhlükə uşaqların bir addımlığındakılardan, hətta ailəsindən qaynaqlana bilir: “Bu məsələdə bəzi valideynlərin rolu "müstəsna”dır. 1-2 yaşlı uşağın qarşısına telefonu qoyur ki, baxıb yemək yesin, yaxud dəcəllik etməsin və s. Rastlaşdığımız faktlarda görürük ki, uşağın 4-5 yaşı var, amma danışa bilmir, ünsiyyət qabiliyyəti yoxdur, şəxsiyyət pozuntuları müşahidə olunur”.

Mütəxəssis ilk növbədə anaları diqqətli olmağa çağırır: “Uşağın tərbiyəsi ilə məşğul olmaq, onları planşetlərdən, digər elektron cihazlardan uzaq tutmaq lazımdır. Asılılıq yaradan texnologiya azı 4-5 yaşına qədər uşaqlara qadağan olunmalıdır. Nəzərə almaq lazımdır ki, asılılıq yaratmaqdan savayı, elektromaqnit dalğaları da uşaq üçün təhlükə mənbəyidir, onun beyninin inkişafına zərbə vurur. Çox həssas, inkişafda olan sinir sisteminin kəskin zərbələrə məruz qalması gələcəkdə çox ciddi problemlərə gətirib çıxarır”.

Bəs həyatımızın əsasını təşkil edən texnologiyanı qadağan etməklə uşağı vacib bacarıqlardan da məhrum etmiş olmarıqmı?

Mütəxəssis deyir ki, hər şeyin öz vaxtı, doğru yolu var: “Bir sıra Avropa ölkələrində telefonların məktəbdə istifadəsi qadağan olunub. Telefonu evdə 2-3 yaşında uşağın qarşısına qoymaq da qadağan olunmalıdır. Məktəbli uşağa telefon, planşet və texnoloji cihazların nə məqsədlə alındığı önəmlidir. Valideyn övladının müasir texnologiyanı mənimsəməsini istəyirsə, müvafiq təlimlərə göndərməlidir ki, uşaq əlindəki cihazın məqsədini düzgün anlasın. Texnologiya ilə bağlı bilik və bacarıqlar əldə etsin ki, cihazdan məqsədyönlü istifadə edərək yanlış istiqamətə yönəlməsin, doğru yol izləsinlər”.

Nəticə: Azərbaycanda narkotik istifadəsinə görə qeydiyyatda olanların 80 faizini polis aşkarlayır, Praqada 5 faizini

Narkotiklər asılılıq yaradan bir qrup maddədir. Onların istifadəsi və dövriyəsinə görə hüquqi qiymət verilir və cəza nəzərdə tutulur. Amma kompüterdən, qumardan asılılığa görə cəza nəzərdə tutulmayıb. Halbuki onun da narkotik istifadəçisindən davranışına görə bir fərqi yoxdur. A.Əliquliyevin fikrincə, bioloji baxımdan asılılığın inkişafı istər qumarbaz olsun, istər narkotik istifadəçisi, hamısında eynidir: “Asılılıqların bünövrəsi bioloji baxımdan eynidir. Xəstəliyin inkişafında eyni biokimyəvi proses müşahidə olunur. Ona görə də asılılıqlarla mübarizədə aktiv cəmiyyət, bununla mübarizə aparan təşkilatlar olmalıdır. Bağça, məktəb, QHT-lər əməkdaşlıq şəraitində işləməlidirlər. Məsələn, İngiltərədə bağçada uşağın özünü tanıma prosesini sürətləndirən təlimlər keçirlər. Yaxud, Avropa şəhərlərinin narkotiklərlə mübarizə aparan assosiasiyaları var.  Avropada ona nail olublar ki, son 10 ildə ağır narkotiklərin istifadəsi kəskin şəkildə azalıb”.

A.Əliquliyev narkotiklərə qarşı mübarizədə cəmiyyətin iştirakının nəticələrini müqayisə edib: “Bizdə narkotik istifadəsinə görə qeydiyyatda olanların 80 faizini polis aşkarlayıb, azadlıqdan məhrum edib. Bu o deməkdir ki, qeydiyyatda olan həmin şəxslər həkim üzü görməyiblər, psixoloq müayinəsində belə olmayıblar. Praqa şəhərində isə yerli icra hakimiyyətlərinin  büdcəsindən pul ayrılır, həmin vəsait hesabına QHT-lər işləyir, bütün il ərzində narkotik istifadəçilərini aşkarlayıb onlara yardım göstərirlər. Nəticədə Praqada narkotik istifadəçilərinin cəmi 5 faizini polis aşkarlayıb. Nəticədə kriminallaşma səviyyəsi aşağı düşüb, dövlət büdcəsinə qənaət olunub.

Xəbər lenti

30 dekabr, 20:01

20 ildə ADPU alimlərinin 397 məqaləsi SCOPUS bazasına düşüb

30 dekabr, 17:43

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30 dekabr, 13:00

2024-cü ildə haqqında çox danışılan 10 arxeoloji kəşf

29 dekabr, 17:59

Prezident onlara Milli Qəhrəman adı verdi - Sərəncam

29 dekabr, 16:55

DP çərçivəsində 2025-2026-cı il üzrə xaricdə təhsil üçün universitet və proqramlar açıqlanıb

29 dekabr, 16:22

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müsahibə verib

29 dekabr, 14:13

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün təlim keçirilib

29 dekabr, 13:41

Direktorların işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri açıqlanıb

29 dekabr, 13:00

Çin ilk sıfır karbon magistral yolunu açır

29 dekabr, 12:10

AzMİU elmi nailiyyətlərdən əldə etdiyi gəlirin həcmini açıqlayıb

29 dekabr, 11:56

Xızıda vəfat edən məktəb direktorunun ölüm səbəbi araşdırılır 

29 dekabr, 11:50

Uşaqlara sağlam həyat tərzi öyrədilir – İsmayıllı şagirdləri üçün layihə 

29 dekabr, 11:23

Paytaxt məktəbliləri idman yarışlarında beş minə yaxın medal qazanıblar

29 dekabr, 11:15

XII sinifdə oxuyan Bakı şagirdlərinin sayı açıqlanıb

29 dekabr, 11:07

Elmi göstəriciləri yüksək olan 143 alim mükafatlandırılıb

29 dekabr, 10:57

Yeni ildə ilk dərs günü nə zaman olacaq?

29 dekabr, 10:41

"Sərhədləri aşan gələcək: dil bil, uğur qazan" layihəsi çərçivəsində ingilis dili dərsləri davam edir

29 dekabr, 10:36

Azərbaycanda 29 yeni məktəbdə inklüziv siniflər fəaliyyətə başlayıb

29 dekabr, 10:35

Peşə ixtisaslarının yenilənməsi üçün layihə hazırlanıb

29 dekabr, 10:23

Azərbaycanda ilk dəfə “Tat dili” dərslikləri hazırlanıb

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.