Füzulini Yaşıl STEAM Azərbaycan Festivalında "EcoTaskMasters" komandası təmsil edəcək
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 24-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində STEAM Azərbaycan layihəsinin təşkilatçılığı ilə Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, artıq 4-cü ildir keçirilən festivala Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan Füzuli şəhər Mirzə Uluqbəy adına tam orta məktəbin şagirdləri də qatılıb.
STEAM Azərbaycanda iki şagirdi ilə iştirak edən məktəbin fizika müəllimi Rəna Hümbətova təəssüratlarını bizimlə bölüşüb:
"Festivalın başlamasına çox az bir zaman qalıb. Həyəcan varmı deyə soruşsanız bəli, var. Bütün enerjimiz, var qüvvəmizlə festivala hazırlaşmışıq. Necə deyərlər, ilkləri yaşayırıq. İlk dəfə festivalda təmsil olunmaq, elə məktəbimizdə STEAM-ın tədrisi də bu ildən başlayıb. Şagirdlərimiz "EcoTaskMasters" komanda adı altında "EcoCoding" nominasiyasında yarışacaqlar.
Qısa olaraq bildirim ki, layihədə külək və elektrik enerjisinin tətbiqindən bəhs olunur. Təmsilçilərimiz - Dəniz Qürbətzadə və Əli Mustafazadə hər ikisi hərbçi övladıdır. Onların həyəcanı daha fərqlidir. Özlərinin də dediyi kimi atalarının döyüşdüyü torpaqlarda təhsil alır, bu gün o torpaqları təmsil edərək yarışa qatılırlar. Ümid edirəm ki, festival bitəndən sonra bizdən qalib komanda olaraq təəssüratlarımızı alacaqsınız".
Xatırladaq ki, STEAM Azərbaycan Festivalı ilk dəfə 2021-ci ilin 9-10 dekabr tarixlərində təşkil olunub.
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)