Bütün xəbərlər
test
30 oktyabr, 16:04

Azərbaycanın ilk təhsil ocaqlarından olan Şəki şəhər 5 nömrəli tam orta məktəbi bu il 195 yaşını qeyd edir. 

XIX əsrin əvvəllərində Rusiya İmperiyası Şimali Azərbaycanı işğal etdikdən sonra, aparılan maarifçilik siyasəti nəticəsində Cənubi Qafqazda ilk məktəblər yaradıldı. 1829-cu ildə təsdiq edilən nizamnaməyə əsasən, ilk məktəblərdən biri də Nuxada (indiki Şəki şəhəri) açıldı.

Tarixin səsini özündə yaşadan divarlar

1831-ci ildə rus-tatar qəza məktəbi kimi fəaliyyətə başlayan bu məktəb, təkcə tədris mərkəzi deyil, həm də xalqımızın maarifə olan münasibətinin canlı ifadəsi olub. Bu tarixi məktəbin partaları arxasında Azərbaycanın maarif tarixində iz qoyan, ədəbiyyat və mədəniyyətimizi zənginləşdirən görkəmli şəxsiyyətlər yetişib. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə burada təhsil alaraq Avropa və Rusiya mədəniyyəti ilə tanış olub, dövrünün ən önəmli ziyalılarından birinə çevrilib. Axundzadə ilə yanaşı Rəşid bəy Əfəndiyev, Sabit Rəhman, Əbdüləzəl Dəmirçizadə kimi görkəmli şəxslər də bu məktəbin yetirmələri olub və xalq maarifinin inkişafında mühüm rol oynayıblar.

1890-cı illərdə məktəbdə artıq 136 şagird təhsil alırdı və 1895-ci ildə bu rəqəm 167-yə çatıb. 1890-cı ilədək məktəbin cəmi 12 buraxılışı olub və bu müddət ərzində 125 şagird məktəbi bitirib. 1895-ci ildə isə 23 şagird məktəbi uğurla başa vurub.

İllər keçdikcə məktəb ünvanını dəyişir

1925-1928-ci illərdə Şəki şəhər məktəbi 5 sinifli məktəbə çevrilib və 1933-cü ildən şagirdlər 7 illik, 1939-cu ildən isə 8 illik təhsil almağa başlayıblar. 1945-ci ildən məktəb 10 illik məktəbə çevrilib. O dövrdə oğlanlarla qızların təhsili ayrı-ayrılıqda həyata keçirildiyindən, məktəb qız məktəbi kimi fəaliyyətini davam etdirib. Məktəbin məzunu olan Minayə Mövsüm qızı Səmədova isə direktor təyin edilib.

1946-1947-ci dərs ilində qızlar məktəbi kimi fəaliyyət göstərən tədris ocağının birinci buraxılışı olub. 17 nəfər gənc qız attestat alaraq ali məktəblərdə təhsillərini davam etdiriblər. Onlardan 10 nəfəri həkim, biri neft mühəndisi olub, ikisi elm sahəsini seçib və bütün məzunlar ali təhsilli mütəxəssis olublar.

1947-ci ildə məktəbdə 600-dən çox qız oxuyurdu. Burada Şəkinin ən bacarıqlı və təcrübəli müəllimləri çalışırdı. Lenin ordenli müəllim Surayə Gülüzadə riyaziyyatdan, Qırmızı Əmək Bayrağı ordenli Məmmədhəsən Abdullayev kimyadan, SSRİ-nin qabaqcıl maarif xadimi, Lenin ordenli Rza Cəlilov tarixdən, respublikanın Əməkdar müəllimi Ələsgər Yusifov isə ədəbiyyatdan dərs deyirdi.

1953-cü ildən məktəbdə qızlarla birgə oğlanlar da təhsil almağa başladılar. Məktəbin onillik ümumtəhsil ocağı kimi fəaliyyət göstərdiyi illərdə şagirdlərin sayı 500-600 arasında dəyişirdi. Bu isə məktəbin darısqallığı və sinif otaqlarının çatışmazlığı kimi problemlərə səbəb olurdu. Məktəbin genişlənməsi üçün şərait olmadığından, təhsil ocağı 8 illik məktəbə çevrildi.

1981-ci ildə məktəbin 150 illiyi respublika səviyyəsində qeyd edildi. Bu münasibətlə Şəki şəhər 5 nömrəli ümumtəhsil məktəbi Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edildi. Məktəbin iki müəllimi Diləfruz Axundova və Ruqiyyə Hüseynova "Əməkdar müəllim" fəxri adına layiq görüldü, digər iki müəllim isə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olundu.

1983-84-cü dərs ilində təhsil müəssisəsi yenidən onillik məktəbə çevrildi və əvvəlki şöhrətini bərpa etdi. 1988-ci ildə məktəb bu gün fəaliyyət göstərdiyi Şəki şəhəri, Füzuli küçəsi 4 ünvanında yerləşən binaya köçürüldü.

2011-2012-ci dərs ilində məktəbdə əsaslı təmir və tikinti işləri aparıldı, həyətində 320 şagird yerlik müasir tələblərə cavab verən sinif otaqları, idman zalı, fizika, kimya, informatika və xarici dil fənləri üçün kabinetləri olan yeni üçmərtəbəli tədris korpusu tikildi.

Dünəndən bu günə

Bu gün Şəki şəhər 5 nömrəli məktəb iki tədris binasından ibarətdir. Əsas tədris binasının önündə məktəbin 2020-ci il 44 günlük Vətən müharibəsində şəhid olan məzunlarının baralyefləri yerləşdirilib: Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Tabor komandiri Şəhid Mayor Xəyal Məmmədov, Şəhid Şahmar Soltanlı və Şəhid Ruslan Sadıqov. Hər üç şəhid müəyyən illərdə məktəbin məzunları olub. Bu gün tarixə adını qanları, canları bahasına yazaraq ərazi bütövlüyümüzü bərpa edən şəhidlərimizin əziz xatirələrini yaşatmaq və onların adlarını gələcək nəsillərə ötürmək 5 nömrəli məktəbdə də ön plana çəkilir.

İkinci tədris binasında isə məktəbəqədər hazırlıq qrupları və ibtidai sinif şagirdləri təhsil alır. Burada bütün ibtidai sinif otaqlarına 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərinin adları verilmiş və onların keçdiyi qəhrəmanlıq yolunu əks etdirən baralyeflər hazırlanmışdır. İbtidai siniflərin otaqlarında fərqli bir ab-hava hökm sürür. Körpə fidanların rəngarəng dünyasına daxil olduğumuz bu otaqlar məktəb divarlarında nümayiş olunan əl işləri, herbarilər və şagirdlərin hazırladıqları müxtəlif yaradıcılıq nümunələri ilə zəngindir.

İbtidai sinif müəllimləri Nəzakət Qədirova və Aygün Məmmədova şagirdlərlə dərs prosesindən əlavə maraqlı əl işləri hazırladıqlarını və bu zaman şagirdlərin intellektual zəkalarının sürətlə inkişaf etdiyini bildirirlər. Bu yaxınlarda şagirdlərlə birlikdə yol hərəkət qaydalarını əks etdirən əl işləri və rəsm əsərləri hazırlayan müəllimlər, bu kimi bacarıqların praktiki olaraq şagirdlərin təhlükəsizliyi üçün vacib olduğunu vurğulayırlar.

Yuxarı siniflərin uğurları və olimpiadalara hazırlıq

8 "A" sinfi hazırda müxtəlif fənlər üzrə qruplara bölünərək Respublika fənn olimpiadalarına qatıldıqlarını bildirirlər. Fənn müəllimləri ilə dərsdən sonra məşğələlərə qalan şagirdlər Cavidan Cabbarlı və Fatimə Novruzlu müəllimləri ilə birlikdə fənn olimpiadalarına hazırlaşdıqlarını və məktəbin adını daim uca tutmaq üçün qalib olacaqlarını qeyd edirlər.

10-cu siniflərdə hədəflər daha yüksəkdir. Şagirdlər Prezident təqaüdçüsü olmağı hədəflədiklərini bildirdilər. Yüksək ali təhsil ocaqlarında təhsillərini davam etdirmək üçün əzmlə çalışan şagirdlər hədəfləri uğrunda gərgin zəhmətlə çalışırlar.

195 illik ənənələrin davamı

Şəki şəhər 5 nömrəli məktəb keçmişin izlərini və ənənələrini yaşadaraq, gələcək nəsillərə ötürməyə davam edir. Hər bir daşı, divarı maarif və mədəniyyətimizin qədim nəfəsini özündə yaşadan bu məktəb, xalqımızın təhsil tarixinə yazdığı qürurlu səhifələrdən biridir.

Gülnarə Nəsibova bu il Şəki şəhər 5 nömrəli məktəbə direktor təyin edilib. Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi, "İlin Peşəkar Gənci" müsabiqəsinin qalibi olan Gülnarə müəllim 2020-ci ildə direktorların işə qəbulu müsabiqəsində Şəki şəhər üzrə birinci, Respublika üzrə üçüncü yeri tutaraq, 17 nömrəli məktəbdə direktor vəzifəsində çalışıb. "Bu cür qədim tarixə malik bir məktəbin rəhbəri olmaq böyük məsuliyyətdir", - Gülnarə müəllim deyir.

Ali məktəblərə qəbulda böyük uğurlar

866 şagirdin təhsil aldığı elm ocağının 2023-2024 tədris ilində məzunları arasında yüksək bal toplayan və qabaqcıl universitetlərə qəbul olan gəncləri çoxdur. Məzunlardan Teymurlu Fatimə 661 balla Azərbaycan Tibb Universitetinə, Elvira Nəbiyeva 644 balla UNEC-ə, İsmayılzadə Asif 622 balla, Aynur Hüseynova isə 604 balla Azərbaycan Tibb Universitetinə daxil olub. Nuranə İslamova 601 balla Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanıb. Bunlarla yanaşı 35 məzundan 33-ü müxtəlif təhsil ocaqlarına qəbul olublar. Bu uğurlar məktəbin təhsil keyfiyyətinin göstəricisi olmaqla yanaşı, ölkənin hər yerində Şəki şəhər 5 nömrəli məktəbin adının tanınmasına səbəb olur.

Doğma Qarabağımıza dönüş və yeni nəsil

Ən qürurverici nailiyyətlərdən biri də işğaldan azad edilən Qarabağ torpağında, Xankəndi Universitetində Keçmiş Nuxa məktəbinin üç məzununun təhsil almasıdır. Elmir Razamanov mexatronika və robotexnika mühəndisliyi, Cavidan Muradlı elektrik və elektronika mühəndisliyi, Rövşən Məmmədəliyev isə turizm işinin təşkili üzrə təhsil alır. Qarabağda savadlı və intellektual gənclərimizin yetişməsi, məktəbi Qarabağın yenidən qurulması prosesində dolayısı ilə iştirak etməsi qürurvericidir.

Yeni nəsillər üçün elmi nailiyyətlər

Məktəbin uğurları bununla da bitmir – "Yaşıl SAF 2024" - Beynəlxalq STEAM Azərbaycan Festivalında Şəki şəhər 5 nömrəli tam orta məktəbin “Greentex1” komandası gümüş medal qazanıb. Komandanın mentoru Kərim müəllim və uğurun səbəbkarları Sunay İslamlı və Rəşad Abdurahmanov bu nailiyyətə imza atıblar.

Şəki şəhər 5 nömrəli məktəb, tarixə söykənən köklü ənənələri və müasir dövrün tələblərini birləşdirərək, gələcək nəsilləri daha da yüksəklərə aparmağa davam edir. Bu qocaman təhsil müəssisəsi Azərbaycanın hər yerindən gələn uğur hekayələri ilə xalq maarifinin bayraqdarı olaraq, ölkənin hər bir gəncini əsl vətəndaş və şəxsiyyət kimi yetişdirir.

Xəbər lenti

26 dekabr, 21:10

Yaşıl dünyanın Qarabağ modeli

26 dekabr, 17:18

Təhsilverənlərin sertifikatlaşdırma qaydasına dəyişiklik edildi

26 dekabr, 15:18

AMEA xaricdə ən çox elmi məqalə nəşr etdirən alimlərinin adlarını açıqlayıb

26 dekabr, 14:52

AMEA əməkdaşlarının beynəlxalq elmi bazalarda bu il 59 məqaləsi dərc olunub

26 dekabr, 14:39

Naxçıvan məktəblərində təyyarə qəzasında həlak olanlarla bağlı guşələr yaradılıb

26 dekabr, 14:22

İsmayıllıda peşə təmayüllü siniflərin kollektivi satış yarmarkası keçirdi 

26 dekabr, 13:14

Naxçıvanda müəllimlər üçün dəstək təliminə başlanılıb

26 dekabr, 13:06

LDU imtahan sessiyasına hazırlığını müzakirə edib

26 dekabr, 13:03

Geoloqlar işğaldan azad olunmuş ərazilərdə tədqiqatları davam etdirəcəklər

26 dekabr, 12:31

Yaxın günlərdə hüquqşünas kimi işə başlayacaqdı – Hökümə Əliyevanın atası danışdı

26 dekabr, 12:01

Təyyarə qəzasında həyatını itirən insanların xatirəsi yad edilib

26 dekabr, 09:55

Liseydən təsirli paylaşım: “Biz səmaya baxanda Saşanı xatırlayacağıq…”

25 dekabr, 19:28

Sabah təhsil müəssisələrində tədris ənənəvi qaydada davam edəcək - RƏSMİ

25 dekabr, 17:28

Sumqayıtın hər zaman təhsil ənənələri olub - Rektor

25 dekabr, 17:28

Rüfət Əzizov: Ali təhsilin əmək bazarına uyğunlaşdırılması ilə bağlı görüləcək işlər çoxdur

25 dekabr, 15:48

Azərbaycanda matəm elan olundu

25 dekabr, 14:17

Prezident təyyarə qəzası ilə bağlı başsağlığı verib

25 dekabr, 12:58

Qarabağ Universitetinin tələbələri üçün yeni təqaüd təsis edilə bilər

25 dekabr, 12:33

Paytaxtda 47 mindən çox şagird oxuduğu məktəbi dəyişib

25 dekabr, 12:25

Tanınması həyata keçirilən peşə ixtisaslarının sayı 26-ya çatdırılıb – Agentlik direktoru

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.