Bütün xəbərlər
31 oktyabr, 17:35

Süni intellekt son illərdə sürətlə inkişaf edərək əmək bazarını əsaslı şəkildə dəyişdirməkdədir. Avtomatlaşdırma və robot texnologiyalarının inkişafı ilə bir çox iş yerləri transformasiya olunur, bəzi ənənəvi peşələr sıradan çıxır, eyni zamanda yeni sahələr və bacarıqlar tələb edən peşələr yaranır. Süni intellektin sürətli şəkildə müxtəlif sahələrdə tətbiqi peşəyönümü xidmətindən də yan keçmir. Peşəyönümü xidmətinin həyata keçirilməsində süni intellektin tətbiqi günümüzdə daha çox diqqət çəkir. Süni intellekt əsaslı analiz, fərdi maraq və bacarıqların təhlili, iş bazarı trendlərinin izlənməsi və karyera planlamasında fərdi yanaşma təqdim edərək tələbələrə, iş axtaranlara və karyera məsləhətçilərinə yeni perspektivlər qazandırır. Bildiyimiz kimi, peşəyönümü xidmətinin həyata keçirilməsində əsas məqsəd fərdlərin maraq və bacarıqlarına uyğun olan peşə sahələrini müəyyənləşdirmək və onların potensiallarını tam həyata keçirməyə dəstək olmaqdır. Lakin bu proses vaxt və insan resursları tələb edir, fərdi yanaşmalar isə hər zaman əlçatan olmur. Burada süni intellektin tətbiqi, sürətli analiz, məsləhət xidmətinə əsaslanan istiqamətləndirmə ilə peşəyönümündə effektivliyi artırmaq üçün unikal bir vasitə yaradır.

Bəs süni intellektin peşəyönümü xidmətinin həyata keçirilməsində əsas tətbiq sahələri nələrdir?

Bu suala cavab tapmaq üçün Peşəyönümü xidmətinin ənənəvi tətbiq sahələrini və süni intellektin həmin tətbiq sahələrinə təsirinə nəzər salmaq lazımdır.

Şəxsiyyət analizi və karyera yönləndirməsi – ənənəvi peşəyönümü xidmətində standart testlər vasitəsilə aparılan bu fəaliyyətdə süni intellekt əsaslı sistemlər fərdlərin maraq və bacarıqlarını təhlil etmək üçün xüsusi alqoritmlərə əsaslanır. Bu sistemlər psixometrik testlər və müxtəlif sorğular vasitəsilə şəxsin şəxsiyyət xüsusiyyətlərini müəyyən edir. Təhlil nəticəsində, sistem istifadəçilərin güclü tərəflərini və üstünlük verdiyi sahələri müəyyənləşdirir və bu məlumatları əsas tutaraq fərdə uyğun peşə təklifləri verir.

Əmək bazarı və əmək bazarında aktual peşələr – süni intellekt iş bazarını daim təhlil edərək mövcud iş imkanları, perspektivli peşələr və əmək bazarında tələb olunan bacarıqlar barədə məlumatları avtomatik olaraq yeniləyir. Bu analizlərdən əldə edilən məlumatlara əsasən fərdlərə gələcəyin perspektivli peşələri barədə məlumat verilir və hansı sahələrdə inkişaf etməli olduqları göstərilir. Bu, həm tələbələrə, həm də iş axtaran fərdlərə əmək bazarının tələblərinə uyğun şəkildə öz bacarıqlarını inkişaf etdirmək imkanı verir.

Karyera planlaması və inkişafı – süni intellekt əsaslı platformalar fərdi karyera planlaması prosesində də geniş istifadə olunur. Bu platformalar, tələbələrin uzunmüddətli karyera məqsədlərini müəyyən etməyə, onlara hansı sahədə daha çox inkişaf etməli olduqlarını göstərməyə kömək edir. Sistemlər, fərdlərin maraq dairələrini və potensiallarını nəzərə alaraq, onlara uyğun karyera yolları haqqında təkliflər verir.

Təhsil və tədris resurslarına yönləndirmə – süni intellekt əsasında işləyən platformalar fərdlərin öyrənmə ehtiyaclarını müəyyən edir və onlara uyğun təlim proqramları, kurslar və sertifikat proqramları təklif edir. Məsələn, bir tələbənin zəif olduğu müəyyən mövzular varsa, süni intellekt bu tələbəyə uyğun təlim resurslarını göstərə bilər. Bu da fərdin daha məqsədyönlü və strukturlaşdırılmış şəkildə öyrənməsini təmin edir.

Virtual müsahibələr – süni intellekt əsaslı platformalar işə qəbul müsahibələrinə hazırlıqda fərdlərə dəstək verir. Virtual müsahibələr zamanı süni intellekt fərdin nitqini, üz ifadələrini və bədən dilini təhlil edərək təkmilləşdirici rəy verir. Bu simulyasiyalar tələbələrin özünü müsahibələrdə daha rahat hiss etməsinə və real müsahibə prosesinə daha yaxşı hazırlıqlı olmasına kömək edir.

Tətbiq sahələrində süni intellektin rolunu nəzərdən keçirərkən məlum olur ki, süni intellekt effektivlik və sürət baxımından üstünlüyə malikdir. Çünki süni intellektin sürətli məlumat emalı bacarığı sayəsində fərdlərə daha qısa zamanda məsləhət verilə bilir. Süni intellekt əsaslı məsləhət botları vasitəsilə fərdlərə daim dəstək olur, bu isə onun əlçatanlığı baxımından üstünlüynü göstərir. süni intellektin istifadəsi resurs xərclərini azalda bilər ki, bu da xərclərin effektlivliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bütün bunlar, növbəti sualı qarşıya qoyur. Bəs peşəyönümü xidmətinin həyata keçirilməsində süni intellektin tətbiqi zamanı qarşıya çıxan çətinliklər və məhdudiyyətlər nələrdir?

Süni intellekt tətbiqlərində şəxsi məlumatların qorunması əsas prioritetdir. Şəxsi məlumatların emal edilməsi, saxlanması və üçüncü tərəflərlə paylaşılması məsələləri etik çərçivədə və qanunlara uyğun şəkildə həll edilməlidir. Bu, fərdlərin süni intellektə olan etibarını qorumaq baxımından çox önəmlidir. Eyni zamanda, Peşəyönümü xidmətinin həyata keçirilməsində fərdlərin yalnız texniki biliklərlə deyil, emosional dəstəklə də təmin edilməsi vacibdir. Süni intellekt emosional dəstəyi tam təmin edə bilmədiyi hallarda ənənəvi peşəyönümü məsləhətçilərinə ehtiyac yaranır. Buna görə, süni İntellektəsaslı sistemlərin ənənəvi peşəyönümü məsləhətçiləri ilə yanaşı istifadə olunması daha effektiv bir yanaşma yaradır.

Bütün bunları nəzərə alaraq, qeyd etmək olar ki peşəyönümü xidmətinin həyata keçirilməsində süni intellektin tətbiqi gələcəkdə daha da genişlənəcək. Süni intellektin adaptiv öyrənmə imkanlarının inkişafı, fərdlərə daha uyğun, fərdiləşdirilmiş və daim yenilənən təcrübələr təklif edəcək. Süni intellekt əsaslı sistemlərin davamlı olaraq təkmilləşdirilməsi, həm təhsil müəssisələrində, həm də fərdi karyera planlamasında geniş istifadəyə yol açacaqdır. Peşəyönümü xidmətinin həyata keçirilməsində süni intellekt, fərdi maraq və bacarıqların təhlili, iş bazarı tələblərinin izlənməsi və fərdiləşdirilmiş karyera məsləhətləri vasitəsilə böyük potensiala malikdir. Lakin süni intellektin ənənəvi peşəyönümü məsləhətçiləri ilə birgə istifadəsi onun emosional dəstək çatışmazlıqlarını kompensasiya etmək baxımından vacibdir. Etik məsələlərin nəzərə alınması ilə bu sahədə süni intellektin tətbiqi, tələbələrə və iş axtaranlara daha güclü dəstək olacaq və onların peşə inkişafına müsbət təsir göstərəcəkdir.

Beynəlxalaq təcrübəyə nəzər saldıqda görürük ki, peşəyönümü xidmətinin həyata keçirilməsində Estoniya rəqəmsal inkişaf və süni intellekt sahəsində qabaqcıl addımlar atan ölkələrdən biri olaraq, təhsil və peşə yönümü sahələrində süni İntellekt texnologiyasını effektiv şəkildə tətbiq edir. Ölkə, süni intellekt vasitəsilə fərdi maraq və bacarıqların təhlil edilməsi, iş bazarının təhlili və adaptiv təhsil sistemlərinin qurulması kimi yanaşmalarla peşəyönümü xidmətinin həyata keçirilməsində mühüm irəliləyişlər əldə edib. Estoniya, “e-Estonia” adlı rəqəmsal dövlət modelini tətbiq edən, ictimai xidmətlərini rəqəmsallaşdıran və texnologiyanın müxtəlif sahələrə inteqrasiyasını uğurla həyata keçirən ölkələrdən biridir. Bu inkişafı təhsil sisteminə də tətbiq edən Estoniya, süni intellektin peşəyönümü sahəsində geniş imkanlarını öyrənmiş və praktiki həllər tətbiq edib. Estoniya, süni intellekt vasitəsilə tələbələrin maraq və bacarıqlarını analiz etmək üçün inkişaf etmiş psixometrik testlər və Milli Təhsil Platformasından istifadə edir. “Career Guidance” adlı platformalar tələbələrə hansı sahələrin tələbatda olduğunu, hansı bacarıqların önə çıxdığını göstərir. Estoniyanın peşə yönümündə süni intellektdən uğurlu istifadə təcrübəsi, bu texnologiyanın təhsil və karyera planlamasında nə qədər təsirli olduğunu göstərir. Azərbaycanda bu təcrübənin tətbiqi, tələbələrin iş bazarına uyğun karyera seçmələrinə, fərdi təhsil ehtiyaclarını qarşılamağa və resurslardan daha səmərəli istifadəyə imkan verə bilər. Estoniya təcrübəsi, Azərbaycanın təhsil sistemində rəqəmsallaşma və süni intellektin peşəyönümündə istifadəsi üçün güclü bir model təşkil edə bilər.

Gülər Tahirli,
ARTİ-nin Peşə və ömürboyu təhsilin proqramları şöbəsinin əməkdaşı

Şərhlər

Xəbər lenti

16 sentyabr, 21:42

BƏƏ ilə təhsildə süni intellektin genişləndirilməsinə dair Memorandum imzalanıb

16 sentyabr, 16:55

Naxçıvanda 562 tələbə peşə təhsili müəssisələrinə qəbul olub

16 sentyabr, 16:40

Yüksək ballı tələbələr müəllimliyi seçdilər

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

16 sentyabr, 14:52

Lənkəran-Astara üzrə 8910 nəfər I siniflərdə dərslərə başlayıb

16 sentyabr, 14:44

MDU-da “İnnovativ Tədris və İnkişaf” layihəsi çərçivəsində dərslərə başlanılıb

16 sentyabr, 14:42

Qazax-Tovuz regionunda 80 təhsil müəssisəsində infrastruktur yenilənib

16 sentyabr, 14:37

Naxçıvanlı karateçilər ölkə çempionatında 1 qızıl, 3 gümüş medal qazanıblar

16 sentyabr, 14:37

ICESCO-nun Baş direktoru Şuşa 1 nömrəli məktəb və Qarabağ Universitetində olub

16 sentyabr, 14:26

“Parla” təqaüd və inkişaf proqramına qəbul üçün qeydiyyat başladı

16 sentyabr, 14:15

Birləşmiş Dünya Məktəbinin ilk azərbaycanlı tələbəsi

16 sentyabr, 13:13

Universitetlərdə aparılan akkreditasiya zamanı hansı nöqsanlar aşkarlanıb?

16 sentyabr, 12:35

Bəzi xarici universitetlər siyahıya düşməmək üçün TKTA-ya müraciət edirlər

16 sentyabr, 12:31

Sədr saxta diplom məsələsinə aydınlıq gətirib

16 sentyabr, 12:28

Qeyri-formal və informal təhsilin tanınması üzrə agentliyə 226 müraciət daxil olub

16 sentyabr, 12:26

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

16 sentyabr, 12:17

“Mühəndislik” ixtisası üzrə xaricdə təhsil alanların peşə imtahanında müvəffəqiyyət göstəriciləri 21 faizdir

16 sentyabr, 12:04

“Hüquqşünaslıq” üzrə imtahanda iştirak edənlərin yalnız 22%-i şəhadətnamə alıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.