Bütün xəbərlər
test
4 noyabr, 09:23

Qədim və əzəli Azərbaycan torpağı Qərbi Azərbaycan və onun bir parçası olan İrəvan şəhəri təkcə tarixi və coğrafi məkan kimi deyil, həm də orada yaşayan azərbaycanlıların ictimai-siyasi, tarixi-mədəni, elm və təhsil sahəsində görkəmli nailiyyətləri ilə tarixiləşmişdir. Tarixi mənbələr göstərir ki, vaxtilə bütün əhalisi, keçən əsrin əvvəllərində isə əhalisinin yarıdan çox hissəsi azərbaycanlılar olan və bu gün bir nəfər də olsun azərbaycanlının yaşamadığı İrəvanda müxtəlif tipli Azərbaycan məktəbləri mövcud olmuş, bu məktəblərdə xeyli sayda soydaşlarımız təhsil almış və müxtəlif dövrlərdə deportasiyalara məruz qalana kimi burada böyük bir ziyalı təbəqəsinin formalaşdırılmasında onların mühüm rolu olmuşdur. 

Lakin sovet hakimiyyəti illərində və ondan sonrakı illərdə ermənilər bu torpaqlarda azərbaycanlıların bütün nişanələrini - məscidlərini, qəbiristanlıqlarını, tarixi-mədəni abidələrini yox etməyə çalışsalar da, tarixi adları dəyişərək qondarma adlarla əvəz etsələr də, özlərinə yalançı tarix “quraşdırsalar” da və on illərlə bəşəriyyəti aldada-aldada getsələr də, bu gün tarixi faktlar qarşısında acizdirlər. Fakt fakt, tarix tarixdir, gec-tez saxtakarlıqlar üzə çıxacaqdır, necə ki, çıxır. 

Bir tərəfdən bu saxtakarlıqların ifşası, digər tərəfdən isə Qərbi Azərbaycanda azərbaycanlılar arasında maarifin, təhsilin inkişafı sahəsində faktları üzə çıxarmaq, yaddaşları təzələmək və vaxtilə olmuş nailliyyətləri tarixiləşdirmək baxımından son dövrlər aparılmış bir sıra sanballı tədqiqat əsərləri meydana gəlmişdir ki, bunları alqışlamaq və yüksək qiymətləndirmək lazım gəlir. Bu baxımdan professor Mahirə Hüseynovanın, sosiologiya üzrə fəlsəfə doktoru Əfqan Vəliyev və digər tədqiqatçıların yazdıqları sanballı tədqiqat əsərlərini göstərmək olar. 

Belə əsərlərdən biri də filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həsənova və filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin mühüm araşdırmalar əsasında yazdıqları “Tarixi təhsil ocağı: İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi” kitabıdır. Əsər çox mühüm tarixi faktlarla zəngindir. Burada sovet hakimiyyətinin ilk illərində ayrı-ayrı respublikalarda yeni tipli məktəblər üçün müəllim kadrlarının hazırlanması məqsədilə müəllimlər seminariyalarının açılması haqqında qərardan sonra 1924-cü ildə İrəvanda açılmış və 1948-ci ilə qədər burada fəaliyyət göstərmiş İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin keçdiyi yol, milli məktəblərimiz üçün pedaqoji kadrların hazırlanmasında bu məktəbin müstəsna xidmətləri və onun bir çox görkəmli məzunlarının həyat və fəaliyyəti oxucuların diqqətinə çatdırılır.

Əsərdə İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin həqiqətən də “tarixi təhsil ocağı” olması həm onun fəaliyyət göstərdiyi illər ərzində hansı nailiyyətlərə imza atması, həm də yetişdirdiyi məzunların sonradan Azərbaycan elminə, təhsilinə, maarif və mədəniyyətinə veriyi töhfələrlə dəqiq faktlarla sübut olunur. 

Əsərin ən mühüm məziyyətlərindən biri onun açılmasına qədər olan tarixi dövrdə İrəvanda Azərbaycan təhsil mühiti haqqında müfəssəl məlumatın verilməsi, bu dövrə qədər də İrəvanda fəaliyyət göstərən ziyalılar haqqında təsəvvürlərin yaradılması, müəlliflərin özlərinin dediyi kimi, XIX əsrdə və XX əsrin əvvəllərində İrəvanda Azərbaycan ədəbi-mədəni mühitinin yeni paradiqma işığında tədqiqə cəlb edilməsidir. Kitabın bu bölməsində XIX əsrin 70-ci illərindən başlayaraq İrəvanda və bölgələrdə Azərbaycan dilində dünyəvi təhsil verən xeyli sayda məktəblərin açılmağa başlanması, İrəvanda, Uluxanlıda, Göyçədə, Basarkeçərdə və digər yerlərdə fəaliyyət göstərən bu məktəblərdə dərs deyən müəllimlər haqqında məlumatların verilməsi, məktəblərin neçə sinifli olması və oxuyan şagirdlərin sayının göstərilməsi əsərin tarixi faktlar əsasında yazıldığını göstərir.

Kitabda verilən maraqlı faktlardan biri 1911-ci ilədək İrəvan quberniyasında təhsil alan 1932 azərbaycanlının 123 nəfərinin qızlar olmasından ibarətdir. Halbuki bu dövrdə Azərbaycanda qızların təhsilə cəlb olunmasında çox böyük maneələr (əlbəttə, xüsusilə valideynlər tərəfindən) vardı.

Müəlliflər İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin yaradılmasına qədər olan kiçik, lakin çətin və keşməkeşli olan bir dövrə (1922-1924-cü illər) ekskurs etməklə məktəbin yaranmasında Azərbaycan ziyalılarının qarşılaşdıqları çətinliklərlə, onların aradan qaldırılması üçün aparılan mübarizə ilə də oxucuları tanış edirlər. Burada da ermənilərin azərbaycanlıların savadlanmasına, ixtisaslı müəllim kadrlarının hazırlanmasına necə maneələr törətməyə çalışmaları, bu sahədə ziyalılarımız tərəfindən atılan ilk addımlar aydın şəkildə diqqətə çatdırılır.  Kitabda Mirzə Kazım bəy Əsgərzadə, Axund Əhmədov, İrəvanda yeni tipli “üsuli-cədid” məktəbinin əsasını qoyan Mirzə Əli Məhəmməd Xəlilov, Məşədi İsmayıl Hacı Kazımzadə, Mirzə Kazım Qazi Əsgərzadə, 1901-ci ildə İrəvan şəhərində öz şəxsi vəsaiti hesabına ilk müsəlman Leyli qız məktəbini açmış Məmmədqulu bəy Kəngərlinski, Həmid bəy Xəlil bəy oğlu Şahtaxtinski və digər bir sıra maarifçilər və məktəbdarlar haqqında verilən məlumatlar da maraqla qarşılanır.

Kitabda Azərbaycanda olduğu kimi, Ermənistanda da müəllim kadrlarına olan ehtiyacı aradan qaldırmaq üçün iki aylıq yay pedaqoji kurslarının açılması, bu kursların təşkili və aparılmasında xüsusi əməyi və fəaliyyəti olan maarifçilərin (Bala Əfəndiyev, Mehdi Kazımov, Mustafa Hüseynov, Miryusif Mirbabayev, Əkbər Rzayev, Rza Şeyxzadə, Əsgər Əsgərzadə, Bülbül Kazımova və b.) əməyi xüsusi qeyd edilir. Lakin bunların da mövcud ehtiyacı aradan qaldırmaq üçün kifayət etməməsi əsərdə geniş təhlil edilir. Müəlliflər bu haqda haqlı olaraq qeyd edirlər: “Ermənistanın şovinist dairələri azərbaycanlı məktəbləri üçün pedaqoji kadrlar hazırlayan müstəqil tədris müəssisəsinin yaradılmasını isə heç bir vəchlə istəmirdilər. Bunun ən başlıca səbəblərindən biri azərbaycanlı əhalinin öz tarixi torpaqlarında qalıb möhkəmlənməsinin qarşısını almaqdan ibarət idi”. 

Kitabın əsas hissəsini 1924-1948-ci illərdə İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin yaranması, fəaliyyətə başlaması və formalaşması haqqında olan tarixi faktlar, müqayisələr, ümumiləşdirmələr, onun müəllimləri və məzunları, bu məzunların Azərbaycanda maarifin və mədəniyyətin inkişafında gördükləri mühüm işlərin məzmunu təşkil edir. 

Kitabda bu sahədə Bala Əfəndiyev, Mehdi Kazımov, Əkbər Rizayev, Qulam Fərhadov, Rza Şeyxzadə, Miryusif Mirbabayev, Murtuza Muradov, Əhməd Əhmədov, Abbas Fərəcov və digər bir sıra azərbaycanlı ziyalıların fəaliyyətinə işıq salınır və onların mübarizəsi nəticəsində 1924-cü il oktyabr ayının 15-də İrəvan Müəllimlər Seminariyasının xələfi olan İrəvan Türk Pedaqoji Texnikumu açıldığı, 1925-ci ildən isə Nəriman Nərimanov adına İrəvan Türk Pedaqoji Texnikumu, 1935-ci ildə isə İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi adlandığı xüsusi qeyd edilir. 

Müəlliflər bu təhsil ocağının erməni şovinistlərinin təzyiqi altında necə bir çətin şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, azərbaycanlı müəllimlərin hazırlanmasında mühüm rol oynadığını kitabda geniş şəkildə şərh etmiş və burada təhsilin məzmunu, təhsil şəraiti, təhsil müddəti, müəllimlər, fəaliyyət göstərən direktorlar, tələbələrin bölgələr üzrə sayı və illər üzrə artımı, qızların təhsilə get-gedə daha çox cəlb olunması, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün aparılan işlər, tələbələrin ictimai fəallığı, asudə vaxtlarının səmərəli təşkili, məktəbin kitabxanası, məktəbə qəbul olunmaq istəyən şəxslərin imtahan verməli olduqları fənlərin siyahısı və s. haqqında ətraflı məlumat verə bilmişlər. Maraqlı məsələlərdən biri bu məktəbin məzunlarının sonralar təhsil və pedaqoji fəaliyyətləri haqqında məlumatların kitabda yer almasıdır ki, bu da müəlliflərin kitabın yazılmasına daha geniş aspektdən yanaşdıqlarını göstərir. 

Kitabda maraq doğuran faktlardan biri müəllimlərin və tələbələrin bir qisminin müxtəlif vaxtlarda azərbaycanlılar yaşayan bölgələrə ezam olunmaları, əhali arasında təbliğat aparmaları və məktəbə daha çox tələbənin cəlb olunmalarına çalışmalarıdır. Sonralar bu təhsil ocağının qiyabi şöbəsinin də açılması Qərbi Azərbaycanda olan Azərbaycan məktəbləri üçün müəllim kadrlarının hazırlanmasında çox böyük rol oynamışdır. Bunlarla yanaşı, bu məktəbin məzunlarının bir qisminin Azərbaycanda ali təhsil alaraq vətənə qayıtmaları və məktəblərdə müəllim kimi çalışmalarının indiki Ermənistanda Azərbaycan dilində olan milli məktəblərin inkişafında mühüm təsirə malik olmaları da kitabda öz əksini tapır.

Kitabda bu təhsil ocağında çalışan müəllimlərdən bir çoxunun fəaliyyəti haqqında verilən məlumatlar göstərir ki, bu məktəb həqiqətən də Qərbi Azərbaycanda yaşayan yerli əhalinin - azərbaycanlıların inkişafında önəmli yer tutmuşdur. Müəlliflərin yazdıqları kimi: “İrəvanda fəaliyyət göstərən İrəvan Türk Pedaqoji Texnikumu təkcə tədris müəssisəsi kimi deyil, eyni zamanda Qərbi Azərbaycanda ədəbiyyatımızın, mədəniyyətimizin, incəsənətimizin inkişafında, formalaşmasında və qorunmasında çox böyük rol oynamışdır”. 

Kitabda Azərbaycanlı Pedaqoji Texnikumunun məzunlarının böyük bir qisminin sonralar ali təhsil alaraq Ermənstanda bir sıra məsul vəzifələrdə çalımalarından verilən materiallar da maraq doğurur. Onlardan elm, təhsil, mədəniyyət və digər sahələrdə fəaliyyət göstərərək tanınmış şəxslərdən bir neçəsinin adlarının da qeyd olunması təkcə bu təhsil müəssisəsinin fəaliyyətini daha qabarıq şəkildə nəzərə çarpdırmaq baxımından deyil, həm də kitabın özünün mahiyyət və məzmununun əhatəli və mühüm araşdırmalar əsasında yazıldığından xəbər verir. Bu məzunlardan vaxtilə Qərbi Azərbaycanda bir sıra məsul vəzifələrdə çalışmış görkəmli ictimai xadim Məhərrəm Bayramov, Zəngibasar rayon Maarif Şöbəsinin müdiri Adil Axundov, Basarkeçər rayon Maarif Şöbəsinin müdiri Tapdıq Əmiraslanov, pedaqoji məktəbin dərs hissə müdiri İsmayıl İsmayılov, Vedi Rayon Partiya Komitəsinin katibi Məmməd Məmmədov, görkəmli hüquqşünas, xalq hakimi Şahmar Əhmədov, Əməkdar rəssam Cabbar Quliyev, Ermənistan SSR Ali Məhkəməsinin kollegiya üzvü Yaqub Bayramov, əməkdar müəllimlər - Şəfiqə Məhərrəmova, İdris Mahmudov, Cahangir Rüstəmov, Əliş Qarayev, Səriyyə Həsənova, Həsən Şəkərəliyev, Həbib Bayramov, Ağabala Babayev, Məsmə Məmmədova, Şəmşəd Əliyev, Gilas Məmmədova, Heydər Əliyev, Amasiya rayon Maarif Şöbəsinin müdiri Cəlil Əliyev, Balı Sərdarov, İbrahim Həsənov, İrəvan Əzizbəyov adına tam orta məktəbin direktoru Tacirə Bağırova, müxtəlif ordenlərlə təltif olunmuş müəllimlərdən - Məcid Əliyev, Fərman Kazımov, Oruc Abbasov, Məmməd Həsənov, şair Tahir Abbasov, Məmməd Tağı Qədiməliyev, Çaykənd məktəbinin müdiri Şamo Hətəmov, pedaqoji elmlər doktoru Əməkdar müəllim Mamed Hüseynov, şair Surxay Şahquluyev, professor Qurban Bayramov və başqalarının da adını qeyd etmək olar ki, onlar bir ziyalı kimi yaşadıqları və işlədikləri dövrdə bu məktəbin adını şərəflə qorumuşlar.

Lakin bu nailiyyətlərinə baxmayaraq, Qərbi Azərbaycanda yaşayan minlərlə, yüz minlərlə azərbaycanlılar kimi, İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu da deportasiyaya məruz qalmış, ermənilərin məkrli siyasəti nəticəsində yüzlərlə böyük şəxsiyyətlər yetişdirmiş bu təhsil ocağı 1948-ci ilin noyabr ayında müəllim və tələbə kollektivi ilə birlikdə Azərbaycanın Xanlar rayonuna köçürülmüş və fəaliyyətini orada Xanlar Pedaqoji Texnikumu kimi davam etdirmişdir.

Kitabda bu tədris ocağının yaranmasında böyük əməyi olan və onun ilk direktoru olmuş Mehdi Kazımov, müxtəlif vaxtlarda texnikumda direktor vəzifəsində işləmiş Bəhlul Yusifov, Həbib Məhəmmədzadə, Xəlil Səfərov, Əsgər Cəfərov və orada dərs demiş bir qrup müəllimlər - Yusif Məmmədəliyev, Bala Əfəndiyev, Miryusif Mirbabayev, Əşrəf Bayramov, Lətif Hüseynzadə, Müzəffər Nəsirli, Nəsib Əfəndiyev, Bülbül Kazımova, Taqcirə Bağırova və b. haqqında verilən portret yazılar da onların bu dövrdəki fədakar əməyi haqqında məlumat verməklə yanaşı, həm də kitabın məzmunlu bir tədqiqat əsəri kimi yazıldığını göstərir.

Kitabın maraqlı bölmələrindən biri bu təhsil ocağının məzunları olmuş və sonralar bir sıra məsul vəzifələrdə çalışmış, eyni zamanda elm, təhsil, mədəniyyət sahəsində öz sözlərini demiş şəxsiyyətlər haqqındadır. Onlardan akademiklər Budaq Budaqov və Zərifə Budaqova, professorlar Əli Fərəcov, Yusif Yusifov, Nəriman Əliyev, Fərhad Fərhadov, Cəfər Cəfərov, Süleyman Məmmədov, Qurban Bayramov və b. (50 nəfər) haqqında verilən portret oçerklər bu təhsil ocağının nailiyyətlərini bir daha göz önünə gətirir. 

K.Həsənova və C.Allahverdiyevin yazdıqları bu kitab təkcə maarifçilik, məktəb tarixi baxımından deyil, eyni zamanda ictimai-siyasi və tarixilik baxımından da faydalı bir əsərdir. Müəlliflərin ictimai-siyasi, tarixi-coğrafi, pedaqoji fakt və hadisələrə yanaşma tərzləri, İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunun fəaliyyətini həmin dövrün ictimai-siyasi hadisələr fonunda təhlil etmələri əsərin həm müasir dövrümüzün tələbləri, həm də Azərbaycan məktəb və təhsil tarixinin mühüm bir dövrünün araşdırılması istiqamətində faydalı bir əsər olduğunu təsdiq edir. Əminik ki, bu kitab təkcə pedaqoqlar, məktəb və təhsil tarixi ilə məşğul olan tədqiqatçılar üçün deyil, geniş oxucu kütləsinin də marağına səbəb olacaq və rəğbətlə qarşılanacaqdır.

Müseyib İLYASOV,
Pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim 

1 /1

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20November%202024/36d55bb8-b529-4ddf-8c01-4b4c4becd6e8_40-11.JPG

Xəbər lenti

26 dekabr, 15:18

AMEA xaricdə ən çox elmi məqalə nəşr etdirən alimlərinin adlarını açıqlayıb

26 dekabr, 14:52

AMEA əməkdaşlarının beynəlxalq elmi bazalarda bu il 59 məqaləsi dərc olunub

26 dekabr, 14:39

Naxçıvan məktəblərində təyyarə qəzasında həlak olanlarla bağlı guşələr yaradılıb

26 dekabr, 14:22

İsmayıllıda peşə təmayüllü siniflərin kollektivi satış yarmarkası keçirdilər 

26 dekabr, 13:14

Naxçıvanda müəllimlərə dəstək təliminə başlanılıb

26 dekabr, 13:06

LDU imtahan sessiyasına hazırlığını müzakirə edib

26 dekabr, 13:03

Geoloqlar işğaldan azad olunmuş ərazilərdə tədqiqatları davam etdirəcəklər

26 dekabr, 12:31

Yaxın günlərdə hüquqşünas kimi işə başlayacaqdı – Hökümə Əliyevanın atası danışdı

26 dekabr, 12:01

Təyyarə qəzasında həyatını itirən insanların xatirəsi yad edilib

26 dekabr, 09:55

Liseydən təsirli paylaşım: “Biz səmaya baxanda Saşanı xatırlayacağıq…”

25 dekabr, 19:28

Sabah təhsil müəssisələrində tədris ənənəvi qaydada davam edəcək - RƏSMİ

25 dekabr, 17:28

Sumqayıtın hər zaman təhsil ənənələri olub - Rektor

25 dekabr, 17:28

Rüfət Əzizov: Ali təhsilin əmək bazarına uyğunlaşdırılması ilə bağlı görüləcək işlər çoxdur

25 dekabr, 15:48

Azərbaycanda matəm elan olundu

25 dekabr, 14:17

Prezident təyyarə qəzası ilə bağlı başsağlığı verib

25 dekabr, 12:58

Qarabağ Universitetinin tələbələri üçün yeni təqaüd təsis edilə bilər

25 dekabr, 12:33

Paytaxtda 47 mindən çox şagird oxuduğu məktəbi dəyişib

25 dekabr, 12:25

Tanınması həyata keçirilən peşə ixtisaslarının sayı 26-ya çatdırılıb – Agentlik direktoru

25 dekabr, 12:14

Bakıda şagirdlərdən Yeni il şənliyi üçün pul yığılır? - AÇIQLAMA

25 dekabr, 12:13

Bu 3 ixtisas üzrə xaricdə oxuyanların çoxu peşə tanınması prosedurundan keçə bilmir

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.