4 dekabr 2024

Bütün xəbərlər
test
14 noyabr, 13:49
244

Coğrafiyanı şagirdlərinə sevdirən gənc müəllim “45 dəqiqənin neçə keçdiyini hiss etmirik” deyir

10 ildir pedaqoji fəaliyyətlə məşğuldur, başlıca arzu və məqsədi daim hörmət və sevgilə xatırlanacaq müəllim olmaqdır. Bu illər ərzində nailiyyətləri az deyil, amma peşəsi ilə bağlı daha böyük planları, hədəfləri var.

1994-cü ildə Gədəbəy rayonunun Slavyanka kəndində anadan olan gənc coğrafiya müəllimi Türkan Ələsgərova orta təhsilini doğulduğu bu kənddə alıb. 2011-ci ildə Xəzər Universitetinin tarix və coğrafiya müəllimliyi fakültəsinə qəbul olub. 2015-ci ildə ali məktəbi yüksək nəticə ilə bitirərək müəllimlərin işə qəbulu imtahanında iştirak edib və 59 bal toplayıb. 

Abşeron rayonu Əliağa Vahid adına Masazır kənd 1 nömrəli tam orta məktəbində çalışan Türkan Ələsgərova müəllim kimi fəaliyyətə başladığı ilk dövrlərdə gənc olduğu üçün bəzi çətinliklərlə üzləşsə də, sonradan zamanla onların öhdəsindən gəlib, ilk gündən bütün müəllimlərlə əməkdaşlıq edib, onlar arasında yüksək hörmət qazanıb. 

– Müəllim olmaq arzunuz haradan qaynaqlanıb?

– Uşaqlıqdan belə bir arzum var idi, özümü gələcəkdə yalnız müəllim kimi təsəvvür edirdim. Nənəm, anam müəllimdir, onların bu sahədə çalışmaları mənim seçimimdə müəyyən qədər rol oynayıb. Nənəmin şagirdlərinə, işinə yanaşmasına diqqət edirdim. Həmişə fikirləşirdim ki, nənəm kimi müəllim olacağam. İşinə həvəslə, məsuliyyətlə yanaşırdı. Bu da yəqin ki, mənim üçün bir stimul oldu. Uşaqlıqda bacımla oyun oynayanda belə məktəb oyunları oynayardıq, müəllim kimi jurnal yazardıq, bu peşə ilə bağlı xəyallar qurardıq. Kiçik bacım Aytac Ələsgərova ingilis dili müəllimidir və öz sahəsində uğurlara sahibdir. Ali məktəbə hazırlaşmağa başlayanda əsas məqsədim müəllim kimi fəaliyyət göstərmək idi. Bunu məqsəd kimi qarşıma qoydum və reallaşdırdım. 

Şagirdlərin coğrafiya fənninə marağı necədir? Bu fənni uşaqlara necə sevdirirsiniz?

– Mən coğrafiya müəllimliyini öz arzum ilə seçmişəm. II qrup üzrə imtahan verdim və tarix-coğrafiya müəllimliyi ixtisasına qəbul oldum. Valideynlərim seçimimə hörmət və sevinclə yanaşdılar. Mövzuları izah etməyin çətin olduğunu, şagirdlərin buna maraq göstərməyəcəyini düşünən bəzi insanlar bu fənni tədris etməyə maraq göstərmirlər. Məktəbdə ilk fəaliyyətə başladığım vaxtlar uşaqların coğrafiyaya elə də marağının olmadığını gördüm və bu fənni onlara sevdirməyi qarşıma məqsəd qoydum. Coğrafiyanın tədrisində informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edərək şagirdlərə daha çox məlumat, bilik ötürməyə çalışıram. Dəsrləri maraqlı etmək üçün smart lövhədən, mövzuya uyğun materiallardan, xəritə və qlobusdan istifadə edirəm. Kurikulumun bizə verdiyi imkanlardan səmərəli istifadə edərək dərslərimi müasir standartlara cavab verən səviyyədə keçirəm. 

– Dərsləri maraqlı keçmək üçün başqa hansı alətlərdən istifadə edirsiniz?

– Şagirdlərə mövzunu öyrətmək metodlarımdan biri tez-tez yarış və viktorinalar təşkil etməyimdir. Kurikulumun əsas tələblərindən biri olan müəllim-şagird münasibətlərini maksimum səviyyədə qurmağa çalışıram, onlara şəxsiyyət kimi dəyər verirəm. Razılaşarsınız ki, şagirdlərin xarakterləri və mənimsəmə bacarıqları bir-birindən fərqlidir. Bu səbəbdən hər bir şagirdin öyrənməsini təmin etmək məqsədilə 45 dəqiqəni maksimum səviyyədə  səmərəli keçirməyə çalışıram. Bir müəllim kimi şagirdlərimə ilk gündən hər bir mövzunu sevgi ilə oxumalarını, məqsədli olmalarını öyrədirəm. Onlara  düşüncələrini göstərə bilmək üçün sərbəst tapşırıqlar təqdim edirəm. Şagirdlərlə birlikdə Yerin daxili quruluşununun maketini yaradırıq. Plastilinlə yerin daxilində nüvə, mantiya, üst hissəsində isə yer qabığını düzəldirik. Bu cür öyrənmə şagirdlərdə dərsin daha yaxşı qavranılmasına kömək edir. Onlar öyrəndiklərini əyani görə bilirlər. Həmçinin  biz dərsdə vulkan modeli düzəldib təbiət hadisəsi olan vulkanın necə püskürdüyünü, maqmanın necə hərəkət etdiyini əyanı görürük. Dediyim kimi, bu cür dərslər şagirdlərə çox maraqlı gəlir, eyni zamanda öyrəndiklərini heç vaxt unutmurlar. Uşaqların gözlərindəki sevinci görmək məni olduqca xoşbəxt edir. Uşaq ikən arzu etdiklərimi müəllim kimi uşaqlara yaşadıram.

– Sizcə, XXI əsrin müəllimi necə olmalıdır?

– Mənə görə, müəllim olmaq şagirdlərimin həyatına müsbət təsir göstərmək, onlara düzgün istiqamətlən verməkdir. Müəllim şagirdini müasir dövrün tələblərinə cavab verən şəxsiyyətə çevirməlidir. Bu tələblərə kompüter texnologiyalarından sərbəst istifadə bacarığı, yeni dil bilgiləri əldə etmək, gələcək peşəsi ilə bağlı yeniiklərdən xəbərdar olmaq daxildir. Müasir müəllim peşəkar səriştə və bacarıqlara malik olmalıdır. Müəllim bir yerdə dayanmamalı,  həmişə öz üzərində işləməli, yeni-yeni biliklərə yiyələnməlidir. Mən “youtube” kanalımda Azərbaycan və ingilis dillərində coğrafiya dərsləri paylaşıram. Daim öz üzərimdə işləyərək ingilis dili bacarığımı artırıram. Qarşımda duran ən böyük hədəfim coğrafiya fənnini ingilis dilində daha böyük auditoriyaya tədris etmək, bu sahə üzrə doktorluq elmi dərəcəsinə yüksəlməkdir. Hesab edirəm ki, ilk növbədə işinə sevgi, daha sonra əzm, disiplin və çox çalışmaq müəllimi fəaliyyətində yüksək səviyyəyə çatdıra bilər. Mən sahib olduğum bilik və bacarıqları bölüşməyi sevirəm və artıq 10 ildir ki, abituriyent və müəllimlərin işə qəbulu imtahanlarına namizəd hazırlığı ilə məşğulam. Bu istiqamətdə uğurlu nəticələrim çoxdur, yüzlərlə şagirdim yüksək balla ali məktəblərə qəbul olub. 2023-cü ildə müdavimlərimdən biri - Aytac İsgəndərli müəllimlərin işə qəbulu imtahanında 92,5 bal toplayaraq respublika birincisi olub. 

– Şagirdlərlə münasibətiniz necədir? Gənc müəllim üçün yuxarı sinif şagirdləri ilə dil tapmaq çətin olmur ki?

– Müəllim işləməyə başladığım illərdə bu cəhətdən müəyyən qədər çətinliyim oldu. İlk dərslərdə şagirdlərlə psixoloji söhbətlər edir, bir-birimizə hörmətlə yanaşmanın vacibliyi, gələcəkdə onların da müəllim ola biləcəyi, bu zaman şagirdlərin onlarla necə davranmasını istədikləri ilə bağlı müzakirələr aparırdım. Düşünürəm, müəllim sadəcə dərsini deməklə kifayətlənməməlidir, eyni zamanda, uşaqların psixologiyasını bilməlidir. Dərsdə öyrənmə prosesinin maraqlı keçməsi də şagirdlərin davranışına çox təsir edir. Uşaqları komandalara bölərək tez-tez  yarış və viktorinalar təşkil etməyim, qarşılıqlı sual-cavablar onlarda o qədər maraq oyadır ki, 45 dəqiqənin neçə keçdiyini belə hiss etmirik. Şagirdlərimlə səmimi, dost münasibətim var. Yadımdadır ki, mən də məktəbdə oxuyanda gənc müəllimlərimi çox sevirdim. Ola bilsin, yaş baxımından gənc müəllimləri şagirdlər özlərinə daha yaxın bilir, onlara daha çox etibar edirlər. Sinfə daxil olduqda mən özümü yalnız tədris etdiyim fənnin müəllimi kimi görmürəm. Çalışıram ki, şagirdlərə digər mözvularda da yardımçı olum, onlarla bilgilərimi paylaşım. Şagird özünü xoşbəxt və rahat hiss etdikdən sonra öyrənməyə keçmək olar. Sinifdə və məktəbdə öncə xoşbəxt, sonra isə öyrədici mühit yaratmaq çox vacibdir. Şagirdin şəxsiyyət kimi formalaşmasında ailənin rolu olsa da, məktəbin rolu daha çoxdur. 

– Bir az da işlədiyiniz məktəb haqqında məlumat verin. Soyuq aylarda məktəb necə isidilir?

– Məktəbimiz köhnə olsa da, orta təmirlidir. Qışda məktəbin isidilməsilə bağlı heç bir problem yaşamırıq. Məktəbdə 2500-ə yaxın şagird təhsil alır. Davamiyyət  həmişə çox yaxşı olur. Bizim məktəbdə buraxılış və qəbul imtahanlarında hər il yüksək nəticə əldə olunur. Abşeronun ali məktəblərə qəbul üzrə ən yüksək göstəriciyə malik olan ümumi təhsil müəssisələrindən biri məhz Masazır kənd 1 nömrəli tam orta məktəbidir. Burada hər il şagirdlərin çoxu  ali məktəblərə yüksək balla  daxil olur. 

 Coğrafiya müəllimi olaraq, ölkəmizdə keçirilən, dünyanın ən vacib ekoloji tədbiri hesab edilən COP 29-dan gözləntiləriniz nələrdir? 

 Hamıya məlumdur ki, yaşadığımız dövrdə ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemdir. Dünyada demoqrafik artımla yanaşı, istehlakın kəskin artması, qlobal istiləşmə, ozon qatının zədələnməsi, təbii ehtiyatların tükənməsi kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı düşüncə və fəaliyyətlərə də öz təsirini göstərir. Hazırda beynəlxalq aləmdə ətraf mühit komponentlərinin mühafizəsi, mövcud ekoloji problemlərin həllində qabaqcıl metodların tətbiqi həyata keçirilir. Bu beynəlxalq tədbirdə iqlim dəyişikliyi ilə mübarizə, davamlı inkişaf və “yaşıl enerji”yə keçid üzrə məsələlər müzakirə olunur. Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasında  yer almaqdadır.  Respublikamızda tükənməyən enerji mənbələrindən ən zənginləri külək və günəş enerjisidir. Bu məqsədlə ölkəmiz alternativ enerji mənbələrindən istifadə edir və bununla da 2050-ci ilə qədər istixana effekti yaradan qazları 40%-ə qədər azaltmağı planlaşdırır. Dövlətimiz 2030-cu ilə qədər elektrik enerjisində bərpaolunan enerjinin payını 30%-ə çatdırmaq  və “yaşıl enerji” üzrə lider olmaq üçün mövcud enerji sistemini təkmilləşdirir. Fikrimcə, COP29 beynəlxalq konfransının ölkəmizdə keçirilməsi nəticəsində bir sıra ekoloji problemlərin həlli yolları barədə uğurlu təkliflər irəli sürüləcək və səmərəli fəaliyyətə başlanılacaq. COP29 tədbirində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artacağını və nümünəvi ölkə olaraq hədəfinə çatacağını düşünürəm. 

– Ekoloji problemlərin həlli, ekoloji maarifləndirmə mövzusunda olan dərsləriniz necə keçir?

– Əlbəttə, mən və məktəbimizin digər müəllimləri tədrisdə mütəmadi olaraq ekoloji maarifləndirmə, iqlim savadlılığı, şagirdlərin təbiətə bağlılığının artırılması, yaşıl bacarıqların formalaşması mövzusunda dərslər keçiririk. Uşaqlarla təbiətə münasibət, “yaşıl enerji”yə keçid, təbii sərvətlərin öyrənilməsi, tullantıların azaldılması yolları, təkrar emalı və məişət tullantılarının ləğv olunması haqqında söhbətlər aparır, onların fikir və təkliflərini dinləyirik. Şagirdlərimiz “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təbiəti qorumaq üçün nə etməliyik?” mövzusunda “Ekoloji guşə”, “Qırmızı kitab”a daxil edilmiş ağaclar və bitkilər haqqında təqdimat, “Təmizlik yaşadığımız yerdən başlayır – dünyamızı təmiz saxlayaq”, “Yaşıl dünyanı tanıyın” mövzusunda videoçarxlar, “Yaşıllıqların artırılması və bərpası”, “Ekologiya ayı” layihələr hazırlayıblar. Uşaqlar bu mövzuda olduqca fəallıq göstərir, maraqlı ideyalar, ağıllı həll yolları irəli sürürlər. Şagirdlərimin həvəsini, uğurunu gördükcə peşə seçimimin doğru olduğundan daha çox əmin oluram. 

Xəbər lenti

4 dekabr, 14:52
8

"Scopus AI" ilə bağlı ilk infosessiya keçirilib

4 dekabr, 14:49
6

“Artikulyasiya akademiyası: şagirdlərin ictimai natiqlik proqramı” layihəsinə start verilib

4 dekabr, 14:41
7

DP məzunları BMT-nin "Confrence of Youth-COY19" tədbirində iştirak ediblər

4 dekabr, 14:30
7

Direktorların işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıb

4 dekabr, 14:12
68

4 fənnin kurikulumu təsdiqlənib

4 dekabr, 14:03
36

Azərbaycanda “avtobus-bağça"lar fəaliyyətə başlayacaq

4 dekabr, 13:59
14

“Praktik riyaziyyat” adlı yeni metodik vəsait nəşr olunub

4 dekabr, 13:43
14

Məktəblilərin fiziki fəallığı artırılır – Yeni layihə

4 dekabr, 12:59
10

Divar üzərində maraqlı rəsmlər çəkən məktəbli 

4 dekabr, 12:47
41

Bəzi kolleclərdə nöqsanlar aşkarlandı, rəhbərlərinə töhmət verildi

4 dekabr, 12:45
26

Emin Əmrullayev: Məktəbəqədər təhsildə əlavə 100 min yer açılacaq

4 dekabr, 12:38
12

“CourtKings: məktəblilərin basketbol turniri” layihəsinin açılış mərasimi keçirilib

4 dekabr, 12:34
26

Nazir: Əhali sıxlığı yüksək olan ərazilərdə dövlət-özəl tərəfdaşlığı modeli tətbiq edilə bilər

4 dekabr, 12:12
14

Tural Əhmədov: Məktəbəqədər təhsil uşağın növbəti pillələrdə daha uğurlu olmasına təsir edir

4 dekabr, 11:47
26

Emin Əmrullayev: Bağçalarda təhsil komponentinə az diqqət yetirilir 

4 dekabr, 11:35
13

Həkimi bioloqa, hüquqşünası tarixçiyə, tarixçini kitabxanaçıya çevirən ixtisas seçimi

4 dekabr, 11:21
25

Uşaqların 80-90 faizi ən azı, bir il məktəbəqədər təhsilə cəlb edilir – Emin Əmrullayev

4 dekabr, 11:12
31

Nazir: Hədəfimiz məktəbəqədər təhsilə əlçatanlığın 50 faizə çatmasıdır

4 dekabr, 11:05
24

Felesiti Gilespi: Uşağın 22 aylıq inkişafı 26 yaşındakı təhsil göstəricisini müəyyən edir

4 dekabr, 10:52
17

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.